İslam dünyasının mədəniyyət paytaxtı
Region

İslam dünyasının mədəniyyət paytaxtı

Yeni adın mübarək, azad Şuşa!

"2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır".

Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından.

Şuşa! 28 ilin qaranlığından işıqlığa çıxan əziz şəhərim, biz də bu illərdə səninlə birgə yaşadıq o acıları. Düşmənin torpaqlarımızı qanla suladığını, uca dağlarımızın, muğam pıçıldayan ayna bulaqlarımızın, başı buludlu dağlarımızın dar keçidlərinin, yarış meydanlarının, Cıdır düzünün, Pənah xanın ayaq izlərinin illərdən bəri düşmənin murdar tapdaqları altda əzildiyini gördükcə ölüb-dirilmişik. Topxanada boz qarğaların bülbülə meydan oxuması ürəyimizi dəlib keçib. Məğlubiyyətimiz səninlə başlamışdı, sənin azadlığınla da qələbəyə imza atıldı.

Bir vaxtlar "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırırdılar səni, çünki Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətəni olmusan, Şuşa. Burada xanəndə və çalğıçıların professional məktəbi yaranmışdı. Sənin suyunu içib, havanı udan ifaçılar ölkə hüdudlarından kənarda belə şan-şöhrət qazanmışdılar. İlk musiqi məktəblərinin yaranması ilə xalq musiqi ənənələri yayılır və zənginləşirdi. Rus şairi Sergey Yesenin deyirdi: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Bu sözlərdə böyük həqiqət var, Şuşam. Doğrudan da bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi.

28 il düşmən tapdağı altında qaldın, dözümlü şəhərim. Erməni separatçılarının qondarma "prezidenti"nin dırnaqarası "inauqurasiyası" o müqəddəs torpaqlarında keçiriləndə, separatçıların "parlamenti"nin Xankəndidən Şuşaya köçürülməsi qərarı veriləndə hisslərimiz açıq şəkildə təhqir olunmuşdu. Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın Cıdır düzündə yaylıq yelləyib yallı getməsini də ürəyimiz götürmədi, Şuşam:

"Vətən bağı" al-əlvandır,

Yox içində Xarıbülbül

Nədən hər yerin əlvandır

Köksün altı sarı, bülbül?!

deyib Vətən həsrətini azaltmaq istəyən qərib şairə kimi bizim də sənin həsrətinlə ürəyimiz alışıb, yanıb Şuşam!

Sən milli ruhumuzun şəhərisən Şuşa. Müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də azad etdi səni, dişi, dırnağı ilə. Dövlət başçısının 7 may 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildin.

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Elə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Prezident 2022-ci ilin "Şuşa İli" elan  edilməsi haqqında Sərəncam imzaladı. O gündən şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planı hazırlandı, Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu, bir çox sənətkarların ev-muzeyləri də bərpa edildi. Yolları abadlaşdırıldı, küçələri işıqlandırıldı, qurumuş bulaqlarına su gəldi...

Ölkəmizin mədəniyyət paytaxtında yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq çoxdan xəyaldan gerçəyə çevrilib. Ötən il dünya azərbaycanlıları V qurultaylarını da Şuşada keçirdilər. Bu ciddi ictimai-siyasi hadisə idi. "Şuşa İli" çərçivəsində Şuşada "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forum təşkil olundu. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə evsahibliyi, sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtı olduğunu sübuta yetirib. Eyni zamanda böyük fəxr və qürur hissilə qeyd edirik ki, Şuşa həm də ölkənin diplomatiya paytaxtına çevrilib. 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa 2022-ci ilin aprelində Azərbaycan BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə də evsahibliyi edib. Həmin il aprelin 28-də isə mədəniyyət paytaxtımızın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirdiyi "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri, media nümayəndələri iştirak edirdi.

Gözəl Şuşamız indi də 2024-cü il üçün İslam Dünyası Mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycan Prezidenti tədbirlər planının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Həmin il çərçivəsində Şuşamızı dünyaya daha yaxından tanıtdırmaq üçün geniş tədbirlər həyata keçiriləcək. İnanırıq ki, bu gün Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşamızı bir gün gözlərini daha geniş açan qoca dünyanın özü də özününkü hesab edəcək. Necə ki, hələ XVIII əsrdə dünyanın ən mədəni, gözəl şəhərləri ilə müqayisə edirdilər. Çünki bu gün dünənkindən daha gözəlsən, sabah daha möhtəşəm olacaqsan! Sənə verilən bütün adlar çox gözəl yaraşır. Yeni adın mübarək, İslam dünyasının mədəniyyət paytaxtı Şuşa!

Zümrüd QURBANQIZI,

"Respublika".