İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Üzgüçülük üzrəAzərbaycan Kubokuna yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib. Sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, stayer növündə isə Kseniya Voronina ölkə kubokunun sahibi olublar. Oğlanlar arasında isə Ramil Vəlizadə (sprint) və Süleyman İsmayılzadə (stayer) birinci yerə layiq görülüblər. Turnirdə yığmanın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina ilk dəfə olaraq idman ustası normativini yerinə yetirib. Bundan başqa, 2012-ci il təvəllüdlü Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər. Yarışlarda ilk pillənin qaliblərindən başqa, digər yaxşı nəticə göstərənlər də medal və diplomlarla təltif olunublar.

Ultramarafon yarışı

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq. Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş 100 kilometr məsafəyə qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Ultramarafon Ağ şəhər bulvarından Su idman sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək. Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə keçiriləcək. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

Karateçilərimiz dünya çempionatında

Azərbaycan Karate Federasiyasının (AKF) idmançıları Qazaxıstanın Almatı şəhərində keçiriləcək mundialda iştirak edəcəklər. Kyokuşin-kan üzrə dünya çempionatında yığmanın 19 kişi və 3 qadın üzvü ölkəmizi təmsil edəcək. Komandanın tərkibində bir neçə beynəlxalq turnirin qalib və mükafatçıları da yer alıblar. Noyabrın 24-26-da keçiriləcək mundialda 12 yaş kateqoriyasından başlayaraq yeniyetmə və gənclərdən ibarət milli üzvləri ilə yanaşı, qadınlardan ibarət heyət də iştirak edəcək.

Superturnirdə iştirak edəcək şahmatçılar bəlli olub

Dekabrın 7-dən 11-dək Qəbələdə Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə "Vüqar Həşimov Memorial-2023" superturniri keçiriləcək. Turnirdə iştirak edəcək şahmatçılar bəlli olub. Belə ki, yarışda beşi azərbaycanlı, beşi isə əcnəbi olmaqla 10 şahmatçı iştirak edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".