ABŞ elektrik avtomobillərinin istehsalı üçün yatırım edir
Dünya xəbərləri

ABŞ elektrik avtomobillərinin istehsalı üçün yatırım edir

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkədə elektromobillərin istehsalını artırmaq üçün zavodların yenidən təchiz edilməsinə 15,5 milyard dollar ayıracaq. 

"Respublika" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, departament elektrik nəqliyyat vasitələrinə keçmək məqsədilə mövcud zavodların yenidən qurulması üçün 15,5 milyard dollar maliyyə və kredit ayrıldığını elan edib. Energetika Nazirliyi bildirir ki, bu tədbirlər xüsusilə akkumulyatorların, onlar üçün xammalın və başqa ölkələrdən idxal olunan komponentlərin istehsalının artırılmasına yönəlib.

Bayden daha əvvəl enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinə mərhələli keçidlə bağlı təşəbbüslərin həyata keçirilməsinin milyonlarla amerikalının işlə təmin olunacağına əminliyini ifadə edib. Prezident xüsusilə ABŞ-da 500 mindən çox elektromobil doldurma məntəqəsinin yaradılmasının, habelə, vətəndaşların və federal idarələrin bu nəqliyyat növünə keçməsi üçün şərait yaradılmasının tərəfdarı olub.

Nurlan ABDALOV,

"Respublika".