Xankəndidən dünyaya mesaj: heç bir qüvvə bizi təhdid edə bilməz
Siyasət

Xankəndidən dünyaya mesaj: heç bir qüvvə bizi təhdid edə bilməz

Müzəffər sərkərdənin, yenilməz ordunun, qalib xalqın möhtəşəm Zəfər paradı bunun nümayişi oldu

“Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı deyib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə sübut edib ki, o, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir. İşğaldan azad edilmiş Xankəndidə hərbi paradın keçirilməsi də bunun əyani sübutudur.

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq müstəvidə maraqla qarşılanan və diqqətlə izlənən möhtəşəm tarixi hadisəyə çevrildi. Xankəndidəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının bir hissəsi nümayiş etdirilib. Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı Azərbaycana yeni müharibənin lazım olmadığını deyib: “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik.”

Qalib dövlətimiz bu əraziləri separatçı ermənilərdən geri aldıqdan bir neçə həftə sonra Ermənistana və havadarlarına istənilən “qisas” ruhunun baş qaldırması ehtimalına qarşı xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik.“Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan bayrağı altında hərbi parad keçiriləcək”.

Bu, hər bir azərbaycanlının gözlədiyi və qürurla , iftixarla yaşadığı unudulmayan an idi. İstər 44 günlük Vətən müharibəsindən, istərsə də lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan bütün Qarabağ üzərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu, Azərbaycan tarixinə böyük və şanlı hadisə kimi həkk olundu. Zəfər Günü xalqımızın tarixində qürur, sevinc və qələbə günü olaraq qalacaq. Azərbaycanda Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən qeyd edilir. Həmin tarix 2020-ci ilin 44 gün davam edən və Azərbaycan ordusunun erməni separatçılarının nəzarətində olan əraziləri geri alması şərəfinə qeyd edilir. Həmin döyüşlər 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəslə dayandırıldı. Atəşkəsə əsasən, Qarabağda erməni əhalinin yaşadığı ərazinin ətrafında yerləşən və erməni separatçılarının nəzarətində olan yeddi rayon Azərbaycanın nəzarətinə keçdi. Lakin Xankəndi şəhəri də daxil olmaqla, Qarabağ ermənilərinin yaşadığı əraziyə Rusiya sülhməramlı kontingenti yerləşdirildi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə lokal xarakterli aniterror tədbirləri keçirdi. 24 saat ərzində separatçı qüvvələr təslim oldu və Azərbaycan ordusu bölgəyə tam nəzarəti bərpa etdi.

Bu gün hər birimiz fəxrlə mən bütöv və suveren Azərbaycanın vətəndaşıyam deyirik. Bütün bunlara Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək intellektual səviyyəsi, xalqına və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində nail olmuşuq.

Mustafa KAMAL,

“Respublika”.