Selektiv yanaşmanın ağır nəticəsi
Siyasət

Selektiv yanaşmanın ağır nəticəsi

Azərbaycanın 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlamasından və cəmi 44 günə işğal altındakı torpaqlarını azad etməsindən sonra tarixi ədalət bərpa olundu. O zamana qədər beynəlxalq hüququn düzgün işləməməsi, həm də seçici yanaşma problemin həllinə maneə törədirdi. Azərbaycanın həm beynəlxalq hüquq, həm də tarixi ədalət baxımından haqlı mübarizəsi hər kəsə məlumdur. Ölkə həqiqətlərini dünyaya duyurmaq üçün böyük səylər tələb olunur. Təəssüf ki, bu gün beynəlxalq hüquq "seçilmiş" ölkələrin xeyrinə işləyir. Bu ölkələrin marağına zidd hallar baş verdikdə kəskin qərarlar qəbul edilir, problemin aradan qaldırılması məqsədilə tədbirlər görülür. Selektiv yanaşma göstərilən dövlətlərin haqları tapdalandığı zaman isə məsələnin həlli uzadılır. Hazırda bəzi ölkələr işğaldan əziyyət çəkir və beynəlxalq hüquq bununla bağlı heç bir təşəbbüs irəli sürmür.

Azərbaycanın pozulmuş hüquqlarını öz gücünə bərpa etməsi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına yerinə yetirməsi təqdirəlayiqdir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, müdrik siyasətin nəticəsində baş verdi. Dövlətimiz diplomatiya sahəsində də fəaliyyətini genişləndirməklə erməni yalanlarını ifşa etdi. Ermənistanın iç üzü bütün dünyaya məlum oldu. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistanın Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərmədiyi təqdirdə, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə geri qaytaracağını açıq şəkildə bildirib. Bütün bunlara baxmayaraq, düşmən öz xain xislətindən əl çəkmədi.

Qərbin selektiv yanaşması özünü 2014-cü ilin avqust ayında daha aydın göstərdi. Belə ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinə Rusiya tərəfindən humanitar yardım çatdırılması təklifi birmənalı qarşılanmamışdı. Çünki Rusiyanın humanitar yardım adı altında silah tədarükü edəcəyinə dair əsaslı şübhələr var idi. Buna görə də, Avropa Komissiyası humanitar yüklərin göndərilməsinin qarşısını almağa çalışdı. Üstəlik, o vaxt Avropa Komissiyası Rusiyaya istənilən bəhanə ilə Ukraynaya qarşı hər hansı birtərəfli hərbi əməliyyatların aparılmasına qarşı xəbərdarlıq etmişdi.

Ukrayna tərəfi isə humanitar yardımın keçirilməsi ilə bağlı Rusiyaya bir sıra şərtlər irəli sürmüşdü. Yardım Beynəlxalq Qırmızı Xaç Komitəsi və ya müvafiq beynəlxalq təşkilatların himayəsi altında çatdırılmalı və Rusiya hüquq-mühafizə orqanlarının heç bir müşayiəti olmadan həyata keçirilməli idi. Bundan başqa, rəsmi Kiyev Rusiya-Ukrayna sərhədində yüklərin gömrük rəsmiləşdirilməsini təşkil etməyi və daha sonra onları Ukrayna avtomobillərinə yükləməyi tələb etmişdi. Bir sözlə yalnız Ukraynanın müəyyənləşdirdiyi müddəalar əsasında sözügedən ərazilərə "humanitar yük" karvanının göndərilməsi məqbul hesab edilirdi. Əks təqdirdə, beynəlxalq hüquq çərçivəsində bu Rusiyanın Ukraynanın suverenliyini pozması və faktiki olaraq təcavüz aktı kimi qiymətləndirəcəkdi.

Ermənistan hazırda həmin ssenarini oynayır. Yəni bu ölkə Bakının razılığı olmadan Azərbaycan regionuna mənşəyi bəlli olmayan "humanitar yüklər" göndərməyə çalışır. Ermənistan sanki bunu öz ərazisinə göndərir. Azərbaycan isə özünün müəyyən nəzarət mexanizmləri icra edilmədən bu prosesin reallaşmasını istəmir.

 Mübaliğəsiz deyə bilərik ki, beynəlxalq aləmdə böyük dövlətlər arasında münaqişələrə vahid baxış hələ formalaşmayıb. Belə ki, bəzi ölkələr digərlərinin ərazi bütövüyünu dəstəkləyir, bəziləri isə separatçılara açıq şəkildə dəstək verir. Azərbaycana gəldikdə isə böyük güclərin demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, ancaq əməldə bunun tam əksini edir. Çünki Ukrayna, Moldova və Gürcüstan separatçılarına qarşı lazımi bəyanatlar qəbul edildiyi halda, Azərbaycanın problemi müzakirəyə çıxarılan zaman Ermənistan dəstəklənir. Bu cür selektiv yanaşma isə ağır nəticələr verir.

Nəzrin ELDARQIZI,

"Respublika".