AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Kazinform": Azərbaycan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə görə Qazaxıstana təşəkkür edib

Prezident İlham Əliyev Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Uşaq Yaradıcılıq Mərkəzinə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib. Qazaxıstan mətbuatı yazır ki, bu barədə ölkə başçımız Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında deyib ki, bu, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq və qardaşlığı önə çəkir. Prezident İlham Əliyev dostluğun, qardaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

"Anadolu Agentliyi": Ermənistanla sülh sazişinin əksər bəndləri razılaşdırılıb

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun "AZƏRTAC"a müsahibəsini yayımlayıb. Elnur Məmmədov bildirib ki, Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir: "Belə ki, 2021-ci ilin fevral ayında Azərbaycan Ermənistana hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı rəsmi təklif göndərmişdi. Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib. Eyni zamanda beynəlxalq ictimaiyyətə, bu prosesdə yardımçı olan üçüncü ölkələrə, üçüncü tərəflərə də bu barədə məlumat verilib".

Nazir müavini, həmçinin deyib ki, bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır.

"Eureporter": Azərbaycan, Gürcüstan və Qazaxıstan "Orta Dəhliz"in multimodal xidmətini inkişaf etdirmək üçün birgə müəssisə yaradırlar

Qazaxıstan, Gürcüstan və Azərbaycan Dəmir Yolları oktyabrın 26-da Tbilisidə "Orta Dəhliz" kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TİTR) multimodal xidmətin inkişafı üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar. Sazişə əsasən Astana Beynəlxalq Maliyyə Mərkəzində (AIFC) "Middle Corridor Multimodal" adlı yeni şirkət yaradılıb.

"Rambler": Azərbaycan hökuməti 2024-cü ildə Qarabağ  ərazilərinin bərpası üçün 4 milyard manata yaxın vəsait ayıracaq

"Rambler" xəbər saytı Maliyyə Nazirliyinin təqdim etdiyi 2024-cü ilin dövlət və icmal büdcəsi layihəsində yer alan, Qarabağ ərazilərinin bərpasına 4 milyard manatdan çox vəsait ayrılacağı barədə xəbər yayımlayıb. Qeyd edilib ki, vəsait şəhər və kəndlərin bərpasına və yenidən qurulmasına, ərazilərdə müasir infrastrukturun yaradılmasına və əhalinin ərazidə məskunlaşdırılmasına yönəldiləcək.

"Pakistan Observer": Azərbaycan HavaYollarının ilk reysi İslamabada çatıb

Azərbaycan Hava Yollarının (AZAL) ilk reysi cümə axşamı İslamabad Beynəlxalq Hava Limanına enib.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb. Mülki Aviasiya Administrasiyasının (CAA) məlumatına görə, Bakıdan gələn təyyarə 14:30-da İslamabada çatıb. J2 5143 reysi ənənəvi su şırnağı salamı ilə qarşılanıb. Bu münasibətlə salonda qonaqlar üçün qısa, lakin təntənəli mərasim təşkil olunub. PCAA-nın Əlavə Baş Komandanlığının Hava Vitse-Marşalı Taimur İqbal, Hava Limanının Meneceri Aftab Gilani və hava limanının rəsmiləri qonaqları qarşılayıblar. Aviaşirkət Bakıdan İslamabada həftədə iki dəfə bazar və çərşənbə günləri uçuşlar həyata keçirəcək.

"Vestnik Kavkaza": Tərtərdə mülki şəxs minaya düşüb

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Vestnik Kavkaza" Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"Respublika".