Qısa, şərəfli ömür
Digər xəbərlər

Qısa, şərəfli ömür

Vətən müharibəsində qəhrəmanlıq göstərən İmişlinin Ölcələr kənd sakini Şöhrət Cabbarovun şəhidlik zirvəsinə ucalmasından üç il ötür. Qəhrəman şəhidimizin üçüncü ildönümü mərasimində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, rayon prokuroru Valeh Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, polis rəisi Füzuli Şıxəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd sakinləri onun məzarının önünə tər gül dəstələri düzüblər.

Cabbarov Şöhrət Əli oğlu 1995-ci il aprelin 28-də İmişli rayonunun Ölcələr kəndində anadan olub. Müddətdən artıq hərbi xidmətdə olan Şöhrət Cabbarov 2020-ci il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı top mərmisinə tuş gələrək 25 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mərasimdə şəhid Şöhrət Cabbarovun qısa, lakin şərəfli həyat yolundan və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açıldı. Şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olundu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsində Azərbaycan ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun "irəli" əmrini layiqincə yerinə yetirdiklərini bildirdi. Qeyd etdi ki, qazandığımız böyük zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan Şöhrət kimi oğullarımıza, sağlamlığını itirən qazilərimizə ömür boyu borcluyuq. Rayon rəhbəri Şöhrət Cabbarovun gənclərə örnək olduğunu, onunla qürur duyduqlarını diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Cabbarov Şöhrət Əli oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocəvəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".