DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİLİN QƏZZA ZOLAĞI İLƏ BAĞLI PLANI AÇIQLANDI

İsrail müdafiə naziri Yoav Qallant Qəzza zolağında quru əməliyyatları ilə bağlı planlarını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, nazir əməliyyatların üç mərhələdə həyata keçiriləcəyini bəyan edib.

Yoav Qallant əməliyyatın birinci mərhələsinin HƏMAS-ın məhv edilməsi üzərində qurulduğunu bildirib. “HƏMAS-ı hərbi əməliyyatla məğlub edib, infrastrukturuna zərər vuracağıq”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, HƏMAS-a zərbə endirdikdən sonra ikinci mərhələdə qarşıdurmanı azaldacaqlarını qeyd edən müdafiə naziri üçüncü - son mərhələdə Qəzza zolağında yeni təhlükəsizlik çətiri quracaqlarını və israillilərin həyatını qoruyacaq bir sistem yaradacaqlarını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 19-da Qəzza sərhədindəki hərbi hissələrə baş çəkən İsrailin müdafiə naziri belə bir açıqlama ilə çıxış edib: “Siz indi Qəzzaya kənardan baxırsınız, tezliklə onu içəridən görəcəksiniz”.

PENTAQON ÇİNİN NÜVƏ ARSENALINI ARTIRDIĞINI BİLDİRİB

Çinin nüvə arsenalına 500-dən çox aktiv döyüş başlığı daxildir və 2030-cu ilə qədər onların sayı 1000-i keçə bilər. “Report” agentliyinin məlumatına görə, bu barədə Pentaqonun Çinin hərbi gücünə dair növbəti illik hesabatında bildirilir.

Hesabat müəlliflərinin fikrincə, Çin nüvə arsenalının genişlənmə tempi Amerika tərəfinin “proqnozlarını üstələyir”; 2022-ci ildə onun 100 döyüş başlığı daha az olub. ABŞ-ın arsenalında 3,7 minə yaxın nüvə başlığı var, onlardan 1419-u aktivdir.

“Biz görürük ki, Çin Xalq Respublikası öz nüvə qüvvələrini kifayət qədər sürətlə modernləşdirməyə, şaxələndirməyə və genişləndirməyə davam edir”, - deyə Pentaqonun yüksək rütbəli rəsmisi vurğulayıb.

Bundan əlavə, Pentaqonun hesablamalarına görə, rəsmi Pekin hərbi dəniz qüvvələrinin sayını artırır. Belə ki, hazırda onların 370-dən çox gəmi və sualtı qayıqları var, halbuki 2022-ci ildə onların sayı 340 idi.

ÜST: 30-DAN ÇOX ÖLKƏDƏ VƏBA EPİDEMİYASI QEYDƏ ALINIB

2023-cü ildə azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub. “TASS” agentliyinin verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktorun sözlərinə görə, “bu xəstəliyə çoxdan qalib gəlməli idik, lakin, o, artmaqda davam edir”.

Eyni zamanda, ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayı 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il vəziyyət daha da pis olacaq.

“Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, - deyə ÜST rəhbəri əlavə edib.

Qeyd edək ki, təşkilatın bu ay dərc edilmiş informasiya bülleteninə əsasən, ilin əvvəlindən vəba xəstəliyinə yoluxma hadisələrinin sayı 582 min, ölənlərin sayı isə 4,5 min nəfəri ötüb.

 “AMAZON” ŞİRKƏTI AVROPADA BAĞLAMALARI DRONLARLA ÇATDIRACAQ

“Amazon” şirkəti Avropada “Prime Air” dronları ilə özünün çatdırılma xidmətini 2024-cü ildə işə salmağa hazırlaşır. “Trend” agentliyinin məlumatına görə, “Amazon” texnologiya nəhənginin bu ambisiyası bir neçə il bundan əvvəl, daha dəqiq desək, 2013-cü ildə Ceff Bezosun ilk dəfə bu xidmət haqqında danışdığı vaxt yaranıb. Yalnız indi bu ideya öz təsdiqini tapıb və ABŞ-da bir neçə sınaqdan sonra 2024-cü ilin sonunda Avropa ölkələrində işə salınacaq. “Amazon” sifarişlərinin istehlakçılara dronların köməyi ilə çatdırılacağı ilk Avropa ölkələri İtaliya və Böyük Britaniya olacaq.

Məlumata əsasən, 2022-ci ilin sonunda bu xidmət çəkisi 2,25 kiloqramadək bağlamaların 1 saatdan az müddət ərzində çatdırılmasını təklif edərək, Şimali Amerikanın Lokkford (Kaliforniya ştatı) və Kollec-Steyşn (Texas ştatı) kimi əhalisi az olan şəhərlərində kommersiya əsasında fəaliyyət göstərərək gəlir əldə edib.

Xəbər verilir ki, “Amazon Prime Air”in Avropa debütü şirkətin “MK30” dronu ilə həyata keçiriləcək. Bundan əvvəl ABŞ-da təqdim olunan xidmətdə istifadə edilmiş “MK27-2” modeli ilə müqayisədə, bu model daha kiçik və yüngüldür. Həmçinin əvvəlkindən 40 faiz daha səssiz olmaqla, 10 metr yüksəkliyə qalxır, az yağışlı və küləkli havada da uça bilir.

FRANSANIN HAVA LİMANLARINDA BOMBA HƏYƏCANI SƏNGİMİR

Fransada regional hava limanları yenidən bomba təhlükəsi ilə üzləşib. Bundan əlavə, Versal sarayı oktyabrın 14-dən bəri beşinci dəfə boşaldılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Bildirilir ki, Bordo, Nant, Renn və bir çox şəhərlər daxil olmaqla 14 hava limanı bomba təhlükəsi xəbərdarlığı alıb. Bəzi hava limanları təxliyə edilmədən yoxlanılıb.

Eyni zamanda, nəşrin açıqlamasına görə, məktəblərə və mədəniyyət abidələrinə qarşı da təhdidlər haqda məlumatlar daxil olur.

Verilən xəbərə görə, Versal sarayı oktyabrın 20-də artıq beşinci dəfə təhlükəsizlik məqsədilə boşaldılıb.

Bu ərəfədə ölkənin daxili işlər naziri Gerald Darmanin bildirib ki, oktyabrın 18-i və 19-da Fransada yayılan bu yalan təhdidlərə görə 18 nəfər saxlanılıb.

BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİ KİBERHÜCUMA MƏRUZ QALIB

Beynəlxalq Cinayət Məhkəməsi sentyabr ayında casusluq məqsədilə edilmiş kiberhücumun qurbanı olub. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə məhkəmənin press-relizində qeyd olunur.

Beynəlxalq Cinayət Məhkəməsi təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu əməl məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.

Açıqlamaya görə, hadisəni törədəni müəyyən etmək hələlik mümkün olmayıb.

“Mövcud olan məlumatlara əsasən, məhkəmə hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır”, - deyə press-relizdə vurğulanır.

Eyni zamanda, məhkəmə hansısa məlumatın oğurlanıb-oğurlanmadığını açıqlamayıb, lakin bununla bağlı fakt aşkarlanarsa, zərərçəkmişlərlə birbaşa əlaqə saxlanılacağını vurğulayıb.

İLON MASK BİR GÜNDƏ 16 MİLYARD DOLLARDAN MƏHRUM OLDU

“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “X” sosial şəbəkəsinin  sahibi amerikalı sahibkar İlon Mask bir gündə 16,1 milyard dollardan məhrum olub. Bu barədə “Bloomberg” agentliyinin Milyarderlər İndeksinin məlumatında qeyd olunur.

Maskın sərvətinin “Tesla” şirkətinin üçüncü rübdə zəif maliyyə göstəriciləri fonunda azaldığı bildirilir. Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra aşağı mənfəət və satışlar səbəbindən 9,3 faiz ucuzlaşıb.

“Bloomberg” qeyd edir ki, maliyyə itkilərinə baxmayaraq, İlon Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir.

Bununla yanaşı, verilən xəbərə görə, İlon Mask dünyanın ən varlı adamı olaraq qalır. O, reytinqdə ikinci yeri tutan fransalı milyarder, “LVMH” şirkətlər qrupunun sahibi Bernard Arnaultdan 55 milyard dollar daha zəngindir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.