DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜKRİYƏNİN TƏLƏBİ İLƏ NATO TARİXİNDƏ BİR İLK

NATO-nun baş katibi Yens Stoltenberq müavini general Tom Qofusu alyans tarixində ilk dəfə terrorla mübarizə üzrə xüsusi koordinator təyin edib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə açıqlama verən Yens Stoltenberq terrorun birbaşa alyansa yönələn asimmetrik təhdidlərdən biri olaraq qaldığını bildirib.

Məlumata əsasən, Tom Qofus 2022-ci ilin yanvar ayından NATO baş katibinin müavini vəzifəsini icra edir. O, alyansdakı vəzifəsindən əvvəl ABŞ Senatında və Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində alyansın baş katibinin terrorla mübarizə üzrə xüsusi koordinatoru postunun yaradılacağı açıqlanıb.

NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdəki samitdə verdiyi açıqlamada bu ifadələrə yer vermişdi: “Terrorla mübarizə üzrə xüsusi koordinator terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyənin istəyidir”.

İSRAİLİN XƏBƏRDARLIĞI QƏZZA ZOLAĞINDA ÇAXNAŞMAYA SƏBƏB OLDU

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimal hissəsinin boşaldılması əmri bölgədə çaxnaşma və xaosa səbəb olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

“Şəhərdə xaos hökm sürür, heç kim nə edəcəyini bilmir”, - deyə BMT-nin Qəzzadakı Fələstinli Qaçqınlar üzrə Agentliyinin əməkdaşı İnas Həmdan agentliyə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qəzzanın şimalındakı bütün BMT əməkdaşlarına cənuba, Rəfaha təxliyə əmri verilib.

Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağındakı sözçüsü Nəbal Fərsah belə qısa müddət ərzində 1 milyondan çox insanın təhlükəsiz şəkildə təxliyə edilməsinin mümkünsüzlüyünü bildirib: “Yeməyi, elektrik enerjisini, yanacağı unudun. İndi narahat olduğum tək şey salamat qalıb-qalmamaqdır”.

“Əl-Cəzirə” telekanalının müxbiri Safvat al-Kahlutun sözlərinə görə, insanlar hara gedəcəklərini bilmirlər: “Bir milyondan çox fələstinli panikada, çaşqın, plansız və nə edəcəyini bilmir. Uşaqlar məndən “Hara gedək?” deyə soruşur, “Bilmirəm” deyirəm”.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri  24 saat ərzində 1 milyon 100 min fələstinlinin Qəzza zolağının cənubuna təxliyə edilməsi ilə bağlı xəbərdarlıq edib.

ŞİMALİ KOREYA ABŞ-I ZƏRBƏ ENDİRMƏKLƏ HƏDƏLƏDİ

Şimali Koreya ABŞ-ın Koreya yarımadasındakı strateji obyektlərinə zərbə endirməklə hədələyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində dərc olunan məqalədə qeyd olunur.

“ABŞ-ın Koreya yarımadasındakı hətta əsas bazalarına və ətrafına belə ən güclü və sürətli ilkin zərbə endirəcəyik”, - deyə məqalədə vurğulanır.

Şimali Koreya agentliyinin bu şərhləri ABŞ-ın “USS Ronald Reagan” aviadaşıyıcı gəmisini də cəlb etməklə Cənubi Koreya ilə birgə keçirdiyi təlimlərə cavab olaraq qiymətləndirilir.

Məlumata görə, Pxenyan ABŞ-ın daima hərbi toqquşma ehtimalının olduğu Koreya yarımadasına müxtəlif nüvə strateji vasitələri göndərməsini açıq hərbi təxribat adlandırıb.

Xatırladaq ki, “USS Ronald Reagan” cümə axşamı Cənubi Koreyanın Pusan hərbi dəniz bazasına gətirilib.

 “BAYRAKTAR TB3” BU SINAĞI DA UĞURLA BAŞA VURDU

Türkiyənin “Bayraktar TB3” pilotsuz uçuş aparatı  daha bir sınağını uğurla yekunlaşdırıb. “Trend” agentliyinin məlumatına görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış “Bayraktar TB3” ilk uçuşu üçün artıq günləri sayır.

Verilən xəbərə görə, qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı olan gəmilərdən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq “Bayraktar TB3”  ilk yürüş sınağını müvəffəqiyyətlə tamamlayıb.

“Bayraktar TB3” daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin gücünə güc qatacaq.

Qeyd edək ki, “Bayraktar TB3” qısa müddətdə “Bayraktar TB2” üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, “SATCOM” rabitəsi, 1450 kiloqram uçuş çəkisi, 24 saat havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. “Bayraktar TB3”ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq.

ABŞ YAXIN ŞƏRQƏ QOŞUN GÖNDƏRMƏYİ NƏZƏRDƏN KEÇİRƏ BİLƏR

Birləşmiş Ştatlar Yaxın Şərqə qoşun göndərməkdən imtinasını yenidən nəzərdən keçirə bilər. Bu barədə “Politico” qəzeti prezident Cozef Baydenin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, sözügedən qərara yenidən baxılması ideyası HƏMAS-ın girov götürdüyü şəxslər ətrafında yaranmış böhranla əlaqədar gündəmə gəlib.

“Bayden administrasiyası girov saxlanılan amerikalıların azad edilməsi səyləri çərçivəsində Qəzzaya qoşunlar, o cümlədən xüsusi təyinatlılar göndərilməsini istisna edib. Lakin Ağ Evin yüksək rütbəli rəsmisi tərəfindən açıqlanan qərara yenidən baxıla bilər”, - deyə açıqlamada vurğulanıb.

Bununla yanaşı, nəşr qeyd edib ki, yekun nəticə münaqişənin eskalasiya səviyyəsindən asılı olacaq.

HƏMAS DÖYÜŞÇÜLƏRİNDƏ XÜSUSİ XƏRİTƏLƏRİN OLDUĞU ÜZƏ ÇIXIB

Qəzza zolağından oktyabrın 7-də İsrailə sızan HƏMAS yaraqlılarının əllərində şəhərlərin və hərbi bazaların müfəssəl xəritələri, həmçinin İsrailin zirehli texnikasının zəif yerləri haqqında ətraflı məlumat olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, nəşr hücumların baş verdiyi yerlərdə və öldürülən yaraqlıların əşyalarından tapılan sənədlərlə tanış olub. Ərəb dilində yazılmış təfərrüatlı təlimatlar HƏMAS tərəfindən hücumun yüksək səviyyədə planlaşdırılması və əhəmiyyətli kəşfiyyat məlumatlarının toplanmasından xəbər verir.

İsrailin keçmiş kəşfiyyatçısı Maykl Milşteyn qeyd edib ki, HƏMAS hücumu ətraflı planlaşdırıb: “Onlar məqsədlərinin nə olacağını dəqiq bilirdilər. Əvvəlki HƏMAS-ın heç bir səyi bu planlaşdırma səviyyəsinə yaxın olmayıb”.

Qeyd olunub ki, 14 səhifəlik sənəddə Mefalsim kibbutzunun xəritələri və hava fotoşəkilləri olub. Sənəddə könüllü təhlükəsizlik qüvvələri tərəfindən qorunan təxminən 1000 mülki şəxsin yaşadığı, həmçinin Mefalsim yaxınlığında yerləşən İsrail qüvvələrinin 3-5 dəqiqə ərzində əraziyə gələ biləcəyi barədə məlumatlar yer alıb. Plana görə, yaraqlılar həmçinin “danışıqlar üçün” girov götürməli idi.

ERMƏNİPƏRƏST SENATOR VƏ XANIMI XARİCİ AGENT ELAN EDİLİB

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru rüşvət alaraq siyasi “yaxşılıqlar” etməkdə ittiham edilmiş Robert Menendezə qarşı yeni ittiham aktı irəli sürülüb. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Menendez bu dəfə Senatın xarici əlaqələr komitəsində çalışdığı dövrdə Misir agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir. Belə ki, federal prokurorlar Robert Menendezi, onun həyat yoldaşı Nadine Menendezi və üçüncü müttəhim Vael Hananı Ədliyyə Departamentində qeydiyyatdan keçirmədən senatorun Misirin xeyrinə işləməsini təşkil etməkdə ittiham ediblər.

Bildirilir ki, prokurorlar hakimdən Nyu-Cersdə Menendez ailəsinə rüşvət kimi verilmiş mənzilin, həmçinin Mercedes-Benz markalı avtomobilin müsadirə edilməsini istəyiblər.

Sözügedən əməllərin Menendezin sadiqlik və inamla bağlı Senat qarşısında ABŞ konstitusiyasına etdiyi andını pozan əməllər olduğu və ona vəzifəsindən istefa verməsi üçün təzyiqləri artıracağı vurğulanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.