DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

UKRAYNA PREZİDENTİ YENİ SİLAH İTTİFAQININ YARADILDIĞINI AÇIQLAYIB

Ukrayna prezidenti Volodimir Zelenski dünyanın silah və hərbi texnika istehsalçılarının qoşula biləcəyi ittifaqın yaradıldığını bəyan edib. “Report” agentliyinin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı Kiyevdə keçirilən ilk Müdafiə Sənayesi Forumu zamanı bildirib.

“İlk beynəlxalq müdafiə sənayesi forumunda biz müdafiə sənayesi alyansı yaratdıq. Dünyanın hər yerindən silah və hərbi texnika istehsalçıları ittifaqın əsas bəyannaməsinə qoşula bilər”, - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, artıq 13 şirkət bəyannaməni imzalayıb. O, həmçinin silah alınması üçün fondun yaradıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, fondun büdcəsi dövlətin müdafiə aktivlərindən əldə edilən dividendlər və müsadirə edilmiş Rusiya aktivlərinin satışından əldə edilən gəlirlə doldurulacaq.

Eyni zamandla, Zelenski qeyd edib ki, Ukrayna hərbi-sənaye kompleksi üçün xüsusi iqtisadi rejim hazırlayır.

EKSPERT: QƏRBİN HEGEMONLUĞU TƏDRİCƏN SONA ÇATIR

Qərb açıq şəkildə dünya bazarındakı mövqeyini itirir, onun hegemonluğu getdikcə sona çatır. Dünya iqtisadiyyatının artımının 70 faizi bu gün artıq “qlobal cənub” adlanan ölkələrdə formalaşıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Vitali Mankeviç bildirib.

“Qərb bu gün dünya bazarında öz mövqeyini açıq-aşkar itirir, arxa plana keçir. Onun hegemonluğu get-gedə sona çatır”, - deyə ittifaq sədri vurğulayıb.

Ekspert, əlavə edib ki, dünya iqtisadiyyatının artımı, onun böyük bir hissəsi - 70 faiz, bütün iqtisadi hesablamalara əsasən, artıq Qərbdə deyil, Asiya, Afrika və Latın Amerikası dövlətlərini əhatə edən “qlobal Cənub”dadır.

Vitali Mankeviçin sözlərinə görə, onilliklər ərzində bu ölkələr Vaşinqton, eləcə də Brüsselin davamlı tənqidlərindən yorulub və hazırda get-gedə daha çox onlardan asılı olmadan müstəqil hərəkət edirlər.

FRANSA HÖKUMƏTİ NÖVBƏTİ ETİMADSIZLIQ VOTUMUNDAN YAYINA BİLİB

Fransa Milli Assambleyasının deputatları səs çoxluğu ilə hökumətə qarşı növbəti etimadsızlıq səsverməsini rədd ediblər. “Report” agentliyinin xəbərinə görə, bu barədə Assambleyanın “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

“Etimadsızlıq səsverməsi qəbul edilmədi. Tələb olunan səs çoxluğu 289 idi. Lakin 193 nəfər lehinə səs verib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, etimadsızlıq votumu ilə bağlı petisiya Yeni Xalq Ekoloji və Sosial Birliyi koalisiyası tərəfindən irəli sürülüb. Koalisiya bu təşəbbüsü baş nazir Elizabet Bornun gələn ilin büdcə layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul etməsindən sonra irəli sürüb. Deputatlar baş nazirin bəyanatını fitlə qarşılayıb və iclas zalını tələsik tərk ediblər.

Rədd edilmiş təşəbbüs müxalifətin Elizebet Bornun Fransa Nazirlər Kabinetinin rəhbəri kimi işlədiyi təxminən 1,5 il ərzində onun hökumətinə etimadsızlıq səsverməsi keçirmək üçün 18-ci cəhd olub.

BU İL ARALIQ DƏNİZİ İLƏ AVROPAYA YOLLANAN 2500-DƏN ÇOX İNSAN ÖLÜB

Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd edərkən bu il 2500-dən çox insan həlak olub və ya itkin düşüb. Həmin dövrdə təxminən 186 min insan isə Avropa ölkələrinə gəlib. “Trend” agentliyinin məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Ali Komissarlığın Nyu-Yorkdakı ofisinin direktoru Ruven Menikdivela BMT Təhlükəsizlik Şurasında bildirib ki, Aralıq dənizini keçən 186 min nəfərin 83 faizi - təxminən 130 min nəfər İtaliyaya gedib.

Aralıq dənizi vasitəsilə qanunsuz yolla xaricə üz tutan insanların getdikləri digər ölkələrə əsasən Yunanıstan, İspaniya, Kipr və Malta daxildir.

Qeyd olunub ki, bu il təhlükəli dəniz keçidi zamanı ölən və ya itkin düşənlərin sayı ötən illə müqayisədə artıb.

“24 sentyabr tarixinə qədər təkcə 2023-cü ildə 2500-dən çox insan həlak olmub və ya itkin düşmüş hesab edilir”, - deyə Ruven Menikdivela bildirib. Bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1680 nəfər çoxdur.

NATO KOSOVODA ŞƏXSİ HEYƏTİNİN SAYINI ARTIRIR

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinin sayı artırılacaq. “Teleqraf.som”un verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Baş katib NATO-nun Kosovodakı vəziyyəti müzakirə etdiyini, KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərarın artıq qəbul olunduğunu bildirib. Yens Stoltenberq Kosovo vətəndaşlarının təhlükəsizliyinin və hərəkət azadlığının təmin olunması üçün bütün lazımi addımların atılacağını, bunun qərəzsiz və BMT-nin verdiyi səlahiyyətlər çərçivəsində həyata keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı bələdiyyələrdə keçirilmiş seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olmuşdu. Mayın 26-da bölgədə nümayişlər keçirilmiş, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar baş vermişdi. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırmışdı.

Sentyabrın 24-də isə Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olmuş, biri yaralanmış, üç Kosovo serbi isə öldürülmüşdü. Bu, Belqrad və Priştina arasında gərginliyi yenidən artırmışdı.

ABŞ-IN TƏHLÜKƏSİZLİK SİSTEMİ ÇƏTİN DURUMDA

ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması Pentaqonun, Dövlət Departamentinin və Daxili Təhlükəsizlik Departamentinin işinə ciddi təsir edəcək. “Report” agentliyinin xəbərinə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, bağlanma müqavilələrin yerinə yetirilməsi, təchizat, satınalma, texniki xidmət baxımından pozuntulara səbəb olacaq.

“Bununla belə, müqavilə işlərinin bərpası gecikmələr səbəbindən vergi ödəyicilərinə baha başa gələcək. Eyni zamanda bəzi dövlət qulluqçuları əməyinin qarşılığını almadan işləməyə davam etməli olacaqlar”, - deyə Con Kirbi vurğulayıb.

Qeyd edək ki, ABŞ-da hökumətin işinin dayandırılması maaşların ödənilməməsinə, məcburi ödənişsiz məzuniyyətə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına, eləcə də bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər.

BƏZİ AVROPA ÖLKƏLƏRİ UKRAYNAYA DƏSTƏYİ AZALTMAQ İSTƏYİR

“Bəzi Avropa ölkələri Ukraynadakı müharibədən yorulub, ona görə də dəstəyi azaltmaq barədə düşünürlər”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yerli “The House” jurnalına müsahibəsində bəyan edib.

XİN başçısının fikrincə, bu, olduqca ciddi bir problemdir. Nazir dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Ceyms Kleverlinin sözlərinə görə, Ukraynaya hərbi və iqtisadi yardım göstərmək rəsmi London üçün “çətin və ağrılı qərar” olub: “Amma söz verirəm ki, müharibə başa çatana qədər Ukraynaya dəstəyi davam etdirəcəyik. Çünki dəstəyin dayandırılması daha kritik nəticələrə səbəb ola bilər”.

Nazirin fikrincə, rəsmi Kiyev gələcəkdə NATO-nun üzvü ola bilər: “Lakin bunun nə vaxt baş verəcəyini dəqiq bilmirəm. Çünki Rusiya ilə Ukrayna arasında müharibənin nə qədər davam edəcəyi məlum deyil”.

Hazırladı:

Vamiq Abbasov,

“Respublika”.