DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ VƏ ABŞ TERRORİZMLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyə və ABŞ nümayəndələri Ankarada terrorçuluqla mübarizə məsələləri üzrə məsləhətləşmələr aparıblar. Bu barədə “TRT” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, mart ayında Vaşinqtonda keçirilmiş Türkiyə-ABŞ Strateji Mexanizmində əldə olunan razılaşmaya uyğun olaraq, hər iki ölkənin xarici işlər nazirliklərinin sədrliyi ilə Ankarada terrorla mübarizə məsləhətləşmələri keçirilib.

Verilən xəbərə görə, bu çərçivədə ABŞ Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Elizabet Riçardın Türkiyəyə səfəri və səmimi fikir mübadiləsi müsbət qarşılanıb.

Xarici İşlər Nazirliyində Türkiyə və ABŞ-ın müvafiq qurumlarının iştirakı ilə keçirilmiş görüşdə milli təhlükəsizliklə bağlı bir çox məsələlər müzakirə edilib.

Bildirilir ki, Türkiyə terrorçuluqla mübarizədə böyük təcrübəyə malik olan və bu mübarizəni qətiyyətlə davam etdirən bir ölkə olaraq terrorun bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq üçün müttəfiqləri, eləcə də terrorla mübarizədə qərarlı bütün ölkələrlə səmimi əməkdaşlığını davam etdirəcək.

ALMANİYADA ÇİNƏ CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏR SAXLANILIB

Almaniyada üç şəxs texniki yeniliklər haqqında məlumatı Çin kəşfiyyat orqanlarına ötürmək məqsədilə bu ölkəyə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. “Sputnik” agentliyinin xəbərinə görə, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Açıqlamaya əsasən, şübhəlilər qeyri-müəyyən bir vaxtdan 2022-ci ilin iyun ayına qədər Çin kəşfiyyatı üçün işləməkdə şübhəli bilinirlər. Şübhəlilər aprelin 22-də saxlanılıblar və onların ikisinin ər-arvad olduğu vurğulanır.

Məlumata görə, evli cütlük hərbi və texnoloji yeniliklər haqqında məlumat əldə etməkdə ittiham olunur. Bu məqsədlər üçün onlar yerli universitetlə müqavilə əsasında Çinin kəşfiyyat xidmətləri tərəfindən dəstəklənən və bu ölkənin elmi fəaliyyətinə kömək edən bir şirkət yaradıblar.

Qeyd edilir ki, ilk mərhələdə casusluğun məqsədi hərbi gəmilərdə istifadə olunan mühərriklərin hazırlanması ilə bağlı araşdırma hazırlamaq olub.

İRANDA BU VİRUS NÖVÜNƏ YOLUXANLARIN SAYI ARTIR

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində Krım-Konqo hemorragik qızdırmasına 6 yoluxma halı qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin rəsmisi Məhəmməd Rza Şirzadi bəyan edib.

Eyni zamanda, nazirlik rəsmisinin sözlərinə görə, Krım-Konqo hemorragik qızdırmasına yoluxanlardan biri ölüb. O, həmçinin bildirib ki, yoluxma heyvanın kəsilməsi və ətinin doğranması zamanı baş verib.

Məhəmməd Rza Şirzadi qeyd edib ki, bu xəstəliyin virusuna yoluxmanın əlamətləri iki həftə sonra özünü göstərir və adətən yüksək hərarətlə müşahidə olunur. Şirzadi ötən il İranda Krım-Konqo hemorragik qızdırmasına 77 nəfərin yoluxduğunu xatırladıb.

Qeyd edək ki, Krım-Konqo hemorragik qızdırma virusu heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər. Bu səbəbdən İranda həyətlərdə və ictimai məkanlarda heyvan kəsimi tövsiyə olunmur. Heyvanlar sadəcə sallaqxanalarda xüsusi nəzarət altında kəsilməli və ət ən azı 1 sutka soyuducuda mənfi 4 dərəcədə saxlanılmalıdır.

İSVEÇ TARİXİNDƏ ƏN BÖYÜK NARKOTİK MÜSADİRƏSİ HƏYATA KEÇİRİLİB

İsveç gömrüyü ölkə tarixində ən böyük kokain müsadirələrindən birini həyata keçirərək ötən həftə Stokholm yaxınlığındakı limanda 1,4 tona yaxın narkotik maddəni müsadirə edib. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verib.

Məlumata görə, gömrük nümayəndəsi Stefan Qranat narkotiklərin Nyuneshamn limanında konteynerdə aşkarlandığını bildirib. Narkotikin daşınmasında əli olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

S.Qranatın sözlərinə görə, narkotiklər, güman ki, Avropa bazarı üçün nəzərdə tutulub və İsveç yalnız tranzit ölkə olub.

Xatırladaq ki, İsveç gömrüyü tərəfindən ələ keçirilən kokainin həcmi 2022-ci ildə pik həddə çataraq 822 kiloqram təşkil edib.

QAZAXISTANDA BU ƏCNƏBİLƏRİN ÖLKƏYƏ GİRİŞİ QADAĞAN OLUNUR

Qazaxıstan parlamentinin aşağı palatasının deputatları plenar iclasda əhalinin miqrasiyası sahəsində dəyişikliklərlə bağlı yuxarı palatanın qanuna düzəlişləri ilə razılaşıblar. “TASS” agentliyinin xəbərinə görə, bu dəyişikliklər ekstremist və terror fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Bildirilir ki, qanunvericiliyə təklif olunan dəyişikliklər, həmçinin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən əcnəbilərin ölkəyə girişinə və ölkə vətəndaşlığını almasına məhdudiyyətləri də özündə əks etdirir.

Eyni zamanda, ikili vətəndaşlığın əldə edilməsinin qarşısını almaq üçün Qazaxıstan vətəndaşlığı verildikdən sonra xarici pasportdan istifadə halında ölkə vətəndaşlığından çıxarılma tətbiq ediləcək. Mövcud qanunvericilik isə yalnız xarici dövlətin vətəndaşlığının əldə edilməsi halında Qazaxıstan vətəndaşlığının itirilməsini nəzərdə tutur.

Parlament miqrasiya sahəsində qanunvericiliyə dəyişikliklər haqqında qanunu qəbul etdikdən sonra qanun imzalanması üçün Qazaxıstan prezidentinə təqdim olunacaq.

RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA GÖRƏ ÇİN BANKLARI SANKSİYALARLA ÜZLƏŞƏCƏK

ABŞ bəzi Çin banklarını qlobal maliyyə sistemindən kənarlaşdıra biləcək sanksiyalar hazırlayır. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin açıqlamasına görə, ABŞ ümid edir ki, bu, Pekini Rusiya hərbi sənayesinə dəstəyini dayandırmağa vadar edəcək.

Bununla yanaşı, məqalədə qeyd olunub ki, Çin tərəfinin köməyi rəsmi Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verib. Çünki Pekin Rusiyaya elektron sxemlərin, təyyarə hissələrinin, avtomobillərin və dəzgahların əsas tədarükçüsünə çevrilib.

Eyni zamanda, Çin banklarının Rusiya Federasiyasına kommersiya ixracında, ödənişləri emal etməkdə və müştəri şirkətlərə ticarət krediti verməkdə əsas vasitəçi kimi xidmət etdikləri bildirilir.

Nəşrin məlumatına əsasən, ABŞ rəsmiləri son həftələrdə şəxsi görüşlərdə və telefon danışıqlarında Pekinə təzyiqləri artıraraq, Vaşinqtonun ikili təyinatlı malların ticarəti ilə məşğul olan Çin maliyyə qurumlarına qarşı tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq ediblər.

DÜNYA ÜZRƏ ELEKTROMOBİL SATIŞLARINDA CİDDİ ARTIM MÜŞAHİDƏ OLUNACAQ

2024-cü ildə elektromobil satışlarının 20 faizdən çox artaraq 17 milyona çatacağı gözlənilir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında yer alıb.

Bununla yanaşı, bildirilir ki, cari ilin ilk rübündə elektromobil satışları illik ifadədə təxminən 25 faiz artıb.

Hesabatda həmçinin 2024-cü ildə elektromobillərin ümumi avtomobil satışlarındakı payının təxminən 20 faizə, 2035-ci ilədək isə 65 faizə çatacağı bildirilir. Eyni zamanda elektrik mühərriki ilə çalışan avtomobil satışlarının bu il Çində 45 faiz, Avropada 25 faiz, ABŞ-da isə 11 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Verilən xəbərə görə, avtomobil istehsalçıları yüksək qiymətlər və enerji doldurma stansiyalarının azlığı səbəbindən elektromobillərə marağın qismən azaldığını bildirirlər.

Məlumata əsasən, dünyanın iki ən böyük elektromobil istehsalçı olan “Tesla” və “BYD” bu ilin ilk rübündə satışların 2023-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə azaldığını təsdiqləyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.