DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

AVROPA İTTIFAQINI MƏHVƏ SÜRÜKLƏYƏN ƏSAS FAKTOR AÇIQLANIB

Avropa ölkələri arasında dərin mədəni fərqliliklər və uzun müddət ərzində ortaq siyasətlərin inkişaf etdirməməsi səbəbindən miqrasiya “Avropa İttifaqı üçün dağıdıcı gücə” çevrilə bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib.

Bununla yanaşı, ali nümayəndə Ukraynadakı münaqişənin miqrasiya böhranına töhfə verdiyini inkar edib. O, həmçinin Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu dilə gətirib.

“Miqrasiya Aİ-də daha da böyük mübahisə mənbəyidir. Bu, Avropa İttifaqı üçün dağıdıcı qüvvə ola bilər. Biz hələ də ümumi miqrasiya siyasəti ilə bağlı razılığa gələ bilməmişik”, - deyə Aİ rəsmisi vurğulayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, buna Aİ daxilində dərin mədəni və siyasi fikir ayrılıqları kömək edir. O, qeyd edib ki, Yaponiya üslubuna sadiq qalan və miqrantları buraxmaq istəməyən ölkələr var.

“Paradoks odur ki, Avropanın miqrantlara ehtiyacı var, çünki biz inanılmaz dərəcədə aşağı demoqrafik artıma malikik. Əgər əmək baxımından yaşamaq istəyiriksə, miqrantlara ehtiyacımız var”, - deyə C.Borel  əlavə edib.

Sİ CİNPİN SON 10 İLDƏ İLK DƏFƏ CƏNUBİ KOREYAYA SƏFƏR EDƏ BİLƏR

Rəsmi Seul son 10 ildə ilk dəfə Çin lideri Si Cinpinin Cənubi Koreyaya səfərinə hazırlaşır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir, Cənubi Koreya prezidenti Yun Sok Yolun komandası səfərin təşkili üzərində işləyir. Məlumat Si Cinpinin Asiya Oyunlarının açılışında iştirak etmək üçün Çinə səfər edən Cənubi Koreya baş naziri Xan Day-Su ilə görüşündən sonra yayılıb. Çin lideri baş nazirlə görüşündə Cənubi Koreyaya səfər etməyi ciddi şəkildə düşündüyünü vurğulayıb.

Cənubi Koreya prezidentinin müşaviri Ço Te-Yon qeyd edib ki, bu il Si Cinpinin səfərini təşkil etmək çətin olacaq, lakin gələn il bu mümkündür. “Bunun Koreya-Çin münasibətlərində dönüş nöqtəsi olacağı gözlənilir. Bu, bizim nail olmaq istədiyimiz məqsəddir”, - deyə müşavir əlavə edib.

FRANSA PREZİDENTİNDƏN HƏRBİ XUNTA QARŞISINDA GERİ ADDIM

Niger Fransa təyyarələrinin ölkənin hava məkanına daxil olmasını qeyri-müəyyən müddətə qadağan edib. “Teleqraf.com”un xəbərinə əsasən, bu barədə Afrika və Madaqaskar Hava Təhlükəsizliyi Agentliyi (ASECNA) məlumat yayıb.

Bununla yanaşı, Nigerin hava məkanının Fransa istisna olmaqla bütün yerli və beynəlxalq kommersiya uçuşları üçün açıq olduğu bildirilib. İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta Fransanın Niameydəki səfiri Silven İtteyə ölkəni tərk etməsi üçün 48 saat vaxt vermişdi, lakin o, buna baxmayaraq Nigeri tərk etməmişdi.

Bundan sonra Niger Xarici İşlər Nazirliyi Parisə göndərdiyi notada səfir S.İttenin toxunulmazlığının götürüldüyünü və onun deportasiya ediləcəyini açıqlayıb. Notanın ardından Fransanın Niameydəki səfirliyi ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb və səfirliyə daxil olan və çıxan avtomobillər Niger təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmağa başlayıb.

Nəhayət, sentyabrın 24-də prezident Emmanuel Makron Silven İttenin tezliklə Fransaya qayıdacağını və fransız hərbçilərinin ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlayıb.

DONALD TRAMP SEÇKİQABAĞI REYTİNQLƏRDƏ ÖNDƏDİR

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində reytinqlərdə hazırki dövlət başçısı Cozef Baydenə qalib gələrək seçkiqabağı yarışa liderlik edir. Araşdırmaya görə, respondentlərin 52 faizi Ağ Evin sabiq rəhbərini, 42 faizi isə hazırkı prezidenti dəstəkləyir. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Sorğuya əsasən, amerikalıların əksəriyyəti ümumiyyətlə Baydenin işindən narazıdırlar. Respondentlərin 56 faizi onun dövlət başçısı kimi fəaliyyətini mənfi, yalnız 37 faizi müsbət qiymətləndirir. Trampın vəziyyətində isə respondentlərin 48 faizi onun prezidentliyini müsbət qiymətləndirir, 49 faizi isə əks fikirdədir.

Araşdırmaya görə, amerikalılar Baydenin siyasətindəki mühüm məsələlərdən biri kimi Ukrayna mövzusuna soyuq yanaşıblar. Belə ki, respondentlərin 41 faizi hesab edir ki, ABŞ artıq Ukrayna üçün çox şey edib, respondentlərin 31 faizi cari sayda yardımdan məmnundurlar, yalnız 18 faizi Kiyev üçün daha çox dəstək tələb edir.

DÜNYA İQTİSADİYYATININ DOLLARDAN İMTİNASI ABŞ ÜÇÜN FƏLAKƏTLİ OLACAQ

BRİKS ölkələri qrupu tərəfindən fəal şəkildə irəli sürülən dünya iqtisadiyyatında dedollarizasiya siyasəti ABŞ üçün ağır nəticələrə səbəb ola və Amerikanı həmişəlik lider mövqeyindən uzaqlaşdıra bilər. Bu barədə ABŞ-ın “The New York Post” qəzetində dərc olunan məqalədə qeyd olunur.

“Dolların dünyanın əsas ehtiyat valyutası kimi rolu ABŞ-ın qlobal liderliyinin əsasını təşkil edir”, - deyə nəşrdə bildirilir.

Eyni zamanda, müəlliflər qeyd edirlər ki, BRİKS-in artıq dünya iqtisadiyyatında əhəmiyyətli payı onların tərəfindədir, ona görə də birliyin həyata keçirdiyi siyasət dünyanın ən azı qismən dedollarizasiyası üçün hər cür şansa malikdir. Əgər BRİKS genişlənməyə davam edərsə, onun da təsiri artacaq və o zaman Vaşinqton dollar siyasəti ilə digər dövlətləri idarə etmək imkanını itirəcək.

Məqalə müəllifləri həmçinin hesab edirlər ki, dünyanın dedollarizasiyası şübhəsiz ki, ABŞ üçün dəhşətli daxili nəticələrə gətirib çıxaracaq: dolların sabitliyinə inamı aşağı salacaq, inflyasiyanın yüksəlməsinə və dövlət büdcəsində ciddi kəsirə yol açacaq.

PAKİSTAN VƏ RUSİYA XAM NEFTİN İDXALINA DAİR DANIŞIQLAR APARACAQ

Pakistan gələn ay Rusiya ilə xam neftin idxalına dair uzunmüddətli saziş üzrə danışıqlar aparacaq. Bu barədə “Report” agentliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, Pakistanın Energetika Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasından neft tədarükünü müzakirə etmək üçün oktyabrın 10-da bu ölkəyə üçgünlük səfər etməyi planlaşdırır.

Bildirilir ki, ölkə enerji mənbələrini diversifikasiya etməyə və neft məhsullarının yüksək qiymətlərinin öhdəsindən gəlməyə çalışır.

Eyni zamanda, məlumata əsasən, yüksək səviyyəli nümayəndə heyəti oktyabrın 10-dan 12-dək Rusiyada keçiriləcək enerji konfransında iştirak edəcək və enerji əməkdaşlığının müzakirəsi üçün bu ölkənin rəsmiləri ilə görüşəcək.

Bununla yanaşı, vurğulanır ki, nümayəndə heyəti Rusiya xam neftinin və mayeləşdirilmiş təbii qazın uzunmüddətli tədarükü, həmçinin Şimal-Cənub qaz kəməri layihəsini müzakirə etməyi planlaşdırır.

“ABRAMS” TANKLARININ İLK PARTİYASI ARTIQ UKRAYNADADIR

ABŞ “Abrams” tanklarının ilk partiyasını Ukraynaya nəzərdə tutulan vaxtdan əvvəl çatdırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The New York Times” qəzeti ABŞ-nin iki rəsmi şəxsinə istinadən məlumat yayıb.

Eyni zamanda, adı açıqlanmayan rəsmilərin sözlərinə görə, tanklar Kiyevə “vaxtından bir neçə ay əvvəl çatdırılıb və Ukraynanın əks-hücum əməliyyatlarında istifadə oluna bilər”.

Bununla yanaşı, nəşrin həmsöhbətləri onu da bildiriblər ki, qalan tanklar yaxın aylarda təhvil veriləcək. Lakin rəsmilər hazırda Ukraynaya nə qədər “Abrams” göndərildiyini açıqlamayıblar.

Qeyd edək ki, sentyabrın 21-də ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı “Abrams” tanklarının bu həftə Ukraynaya çatdırılması planlarını açıqlamışdı.

Hazırladı:

Vamiq Abbasov,

“Respublika”.