Qərbi Azərbaycana dönüş haqqımızdır
Gündəm

Qərbi Azərbaycana dönüş haqqımızdır

İrəvanın müxtəlif ərazilərində dünyaya gəlmiş neçə-neçə elm, mədəniyyət, incəsənət xadimləri bütöv Azərbaycanı təmsil edən ziyalılardır. Onlar İrəvana, Amasiyaya, Vediyə, Zəngəzura, Göyçə mahalına, Dərələyəzə, Zəngibasara və digər Oğuz ellərinə qovuşmaq üçün gənc nəslin qəlbində ümid qığılcımı yandırmışlar. Bəli, o yerlər Azərbaycan torpağıdır. Gec-tez bizim olacaqdır.İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdir. Əzəmətli Göy məscid və Günlüklü məscid son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən olan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı.

Qərbi Azərbaycanın Zəngəzur mahalı da erməni xəyanəti ilə üzləşmişdir. Prezident cənab İlham Əliyev bu faktı Dünya Azərbaycanlılarının III qurultayındakı nitqində kifayət qədər aydın şəkildə ifadə etmişdir: "Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirdilər ki, onlar bu torpağa qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi".

İndiki Ermənistanın Qafan, Gorus, Qarakilsə, Meğri və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edən Zəngəzur mahalı əzəli Azərbaycan torpağıdır. Tarixi faktlar sübut edir ki, qərəzli şəkildə şərq və qərb hissəsi bölünərək parçalanan və bir hissəsi Ermənistana birləşdirilən Zəngəzur heç vaxt Ermənistan ərazisi olmayıb. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə əsası qoyulmuş və tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə və işğalçılıq siyasətinə hələ də siyasi-hüquqi qiymət verilməyib. Tarixi faktlara nəzər yetirdikdə, XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyasının 1905-1907, 1918-1920, 1948-1953, 1988-ci illər olmaqla dörd mərhələdə həyata keçirildiyini aydın şəkildə müşahidə edə bilərik.

1905-1907-ci illərdə erməni vandallarının vəhşiliyi nəticəsində soydaşlarımızın yaşadıqları ərazilər dağıdılmış, minlərlə türk əhalisi xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Zaqafqaziyanın sovetləşməsindən sonra 1920-ci ildə yenidən heç bir tarixi və hüquqi əsası olmadan Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan edərək tarixi torpaqlarımızda yaşayan azərbaycanlıların deportasiyası siyasəti həyata keçirilmişdir. Bütün bu proseslərin davamında ermənilər SSRİ xarici işlər naziri Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Beləliklə, İ.Stalinin razılığı ilə İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilir. 1946-cı il oktyabrın 19-da isə SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSRİ ərazisinə köçürülməsi haqqında qərar qəbul edir. Təbii ki, bu köçürmə prosesinin azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması ilə paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulurdu ki, həmin ermənilər deportasiya olunmuş azərbaycanlıların ərazilərində yerləşdirilsin.

Erməni daşnakları 1948-1953-cü illərdə 150 min azərbaycanlının doğma torpaqlarından deportasiya olunmasına nail oldular. Bu "könüllü köçürmə" siyasəti növbəti illərdə də mərhələli şəkildə davam etdirildi.

1988-ci ildə Qərbi Azərbaycanda yaşayan bütün soydaşlarımız Ermənistan SSR-dən qovuldu və ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti sona çatdırıldı. Bu ədalətsizliyə Mixail Qorbaçov və Moskvadakı digər ermənipərəst qüvvələr göz yumdu. Onu da qeyd etmək lazımdır ki, ermənilər deportasiya əməliyyatının xüsusi qəddarlıqla icra olunan sonuncu mərhələsinin həyata keçirilməsinə yalnız ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra nail ola bildilər. Həmin dövrdə siyasi arenada qarşılaşdığı bütün haqsızlıqlara və təzyiqlərə baxmayaraq, ümummilli lider sona qədər Azərbaycan xalqının hüquqlarını müdafiə etmiş və tarixi faktların saxtalaşdırılmasına qarşı çıxmışdır.

24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının İnzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüş zamanı Prezident İlham Əliyev XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə və işğalçılıq siyasətinin dəhşətli nəticələri haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verməsini xüsusilə vurğulayaraq bu istiqamətdə İcmanın bundan sonrakı fəaliyyətinin xüsusi önəm daşıdığını bildirmişdir.

2020-ci ildə Vətən müharibəsində cəmi 44 gün ərzində 30 ilə yaxın erməni tapdağında olan Qarabağ ərazisi erməni işğalından azad olundu. Ölkə başçısının qeyd etdiyi kimi, indi əsas hədəf Qərbi Azərbaycan ərazisindəki qədim yurd yerlərimizə qayıdışdır. Mütləq biz buna nail olacağıq. Gün gələcək ki, doğma kəndim Sarıyaquba qayıdacaq, Göyçə gölünün, Arpa çayının nəğməli sahillərində Azərbaycan oğulları yallı gedəcəkdir.

Qeyd etmək lazımdır ki, yurd yerlərimizə qayıdışla bağlı Qərbi Azərbaycan İcması məqsədyönlü iş aparır.

Rafiq HÜSEYNZADƏ,

dosent, tibb elmləri doktoru.