Türkiyə mediası ölkə başçımızın qərarını geniş işıqlandırıb
Gündəm

Türkiyə mediası ölkə başçımızın qərarını geniş işıqlandırıb

Azərbaycan İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina etdiyini açıqladı. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Sarsılmaz birliyin növbəti nümunəsi kimi Türkiyənin masada olmasını istəməyənlərə qarşı rəsmi Bakı öz mövqeyini ortaya qoydu. Qeyd edilən məsələ Türkiyə mediasında da geniş yer aldı:

"Hürriyet": Əgər masada Türkiyə yoxdursa, biz də yoxuq

Fransa və Almaniya Türkiyənin danışıqlar masasına oturmasını istəmədikdə Azərbaycan Prezidenti İlham Əliyev: "Türkiyə yoxdursa, biz də yoxuq", - deyərək Avropa liderlərinin qarşısında dayandı.

"Türkiye Gazetesi": Rəsmi Bakı qətiyyətli mövqe nümayiş etdirdi

Azərbaycan Qranadada Ermənistan, Aİ, Fransa və Almaniyanın iştirakı ilə keçiriləcək toplantıya Türkiyənin də daxil edilməsini təklif edib. Lakin Fransa və Almaniya bu təklifi qəbul etməyib.

"Yeni Şafak": Türkiyə yoxdursa, biz də yoxuq

Fransanın ermənipərəst addımları və Türkiyənin iştirakının qəbul edilməməsi səbəbindən Azərbaycan İspaniyada keçiriləcək beştərəfli görüşdən imtina edib.

"Net Gazete": Prezident Rəcəb Tayyib Ərdoğan yoxdursa, biz də yoxuq!

İlham Əliyevin görüşə qatılmamasının başlıca səbəbi Türkiyənin iclasda iştirak şərtinin qəbul edilməməsidir.

"Milliyet": Əliyev Paşinyanla görüşməkdən imtina etdi! Türkiyə qorxusu masanı alt-üst etdi

Rəsmi Bakı Türkiyənin iclasda mütləq iştirakını israr edib, təklif qəbul edilmədiyinə görə İlham Əliyev İspaniyaya getməkdən vaz keçib. Fransa və Almaniya Türkiyənin masa arxasında olmaması  üçün xüsusi səy göstərib.

"Sabah": Əliyevdən AB-yə Türkiyə şərti

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyadakı sammitə Türkiyənin dəvət olunmamasını əsas gətirərək iştirakdan imtina edib.

"Respublika".