Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

RUSİYA ERMƏNİSTANIN SİMASINDA MÜTTƏFİQİNİ İTİRMƏKDƏN QORXMUR

Rusiya Ermənistanın simasında müttəfiqini itirməkdən qorxmur. “Trend” agentliyinin xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.

“Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq. Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq və əminəm ki, bundan sonra da olacağıq. Bizim müəyyən problemlərimiz ola bilər və onları dialoq yolu ilə həll etmək lazımdır”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, sentyabrın 11-də başlayan Ermənistan-ABŞ birgə təlimləri Rusiyanın ciddi narahatlığına səbəb olub. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edərək ABŞ-la birgə təlimlər keçirməsi Rusiya tərəfindən kəskin qınanılıb. Kreml bu hadisələri diqqətlə izləyəcəyini bildirib.

Son zamanlarda Ermənistan Rusiya münasibətləri kifayət qədər gərginləşib. Buna bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mediasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər, digər tərəfdən Ermənistan hökumətinin atdığı addımları səbəb olub.

 

“MOSSAD” LİDERİ İRANI HƏDƏLƏDİ

İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea İranı “Tehranın ürəyinə zərbə endirməklə” hədələyib. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verib.

Məlumata görə, təhlükəsizlik konfransında çıxış edən David Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada yəhudilərə qarşı 27 hücumun qarşısını alıblar.

“Bu hücumlar İran tərəfindən təşkil edilib və idarə olunub. İndi biz danışdıqca İran əlavə hücumlar həyata keçirməyə çalışır. Mesajımız yüksək, aydın və qətidir. Əmin olun ki, biz sizi ələ keçirəcəyik və ədalət hamının gözü qarşısında zəfər çalacaq”, - deyə “Mossad” rəhbəri vurğulayıb.

Bununla yanaşı, David Barnea qeyd edib ki, İsrail sözügedən planlarda iştirak edən agentləri və onları göndərən komandirləri təqib edəcək: “Bu, İranın dərinliklərində, Tehranın ürəyinə kimi uzanacaq”.

 

ŞIMALI KOREYA LIDERININ ZİREHLİ QATARI RUSİYAYA YOLA DÜŞÜB

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüşün sentyabrın 13-də baş tutacağı gözlənilir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Donga” nəşri məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya liderinin dəbdəbəli zirehli qatarı artıq Vladivostoka yola düşüb. Kim Çen Inın şəxsi qatarı yavaş-yavaş şimal-şərq sərhəd zonasına, yəni Rusiyaya doğru hərəkət edir.

Məlumata əsasən, qatar sentyabrın 10-da günorta saatlarında Pxenyanı tərk edib, ayın 12-də səhər saatlarında sərhədi keçməlidir.

“Kim Çen In xarici dünya ilə təması minimuma endirmək üçün günorta saatlarından yayınaraq səfər üçün axşam vaxtını seçib”, - deyə nəşr bildirib.

Qeyd edək ki, Vladimir Putin Şərq İqtisadi Forumunda iştirak etmək üçün artıq Vladivostoka gəlib. Rusiya lideri iki gün bu şəhərdə qalacaq.

 

AVROPADA “COVID-19”a YOLUXMADA ARTIM MÜŞAHİDƏ OLUNUR

İyulun ortalarından etibarən Avropada “COVID-19”a yoluxma artıb və daha təhlükəli variantlar üzə çıxır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, epidemiya hələ bitməyib. 80 yaşdan yuxarı olan insanlarda yoluxmaya daha çox rast gəlinir. Avropanın bir sıra ölkələrində əvvəlki aya nisbətən “COVID-19”a yoluxma sayında 11 faizlik artım müşahidə olunur.

Eyni zamanda, verilən xəbərə görə, İspaniyada yoluxma əhəmiyyətli dərəcədə artıb. Bu isə əvvəlkilərdən daha yoluxucu olan yeni variantların ortaya çıxması ilə bağlıdır.

Məlumata əsasən, qış aylarına doğru yoluxma saylarında daha çox artım müşahidə oluna bilər. Bu riski azaltmaq üçün mütəxəssislər daha diqqətli olmağı, peyvəndlənməyi tövsiyə edirlər.

Telekanal əlavə edib ki, pandemiyanın mümkün yeni dalğasından qorunmaq üçün bir çox Avropa ölkəsi qabaqlayıcı tədbirlər görür.

 

GÜRCÜSTAN PREZİDENTİNƏ QARŞI İMPİÇMENT PROSESİ BAŞLAYIB

Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesi başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, parlamentin Prosessual Məsələlər və Reqlament Komitəsi impiçment proseduruna başlamaq üçün tələb olunan əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib.

Hakim “Gürcü Arzusu” fraksiyasından olan deputat İrakli Kadaqişvili Salome Zurabaşvilinin konstitusiyanın tələblərini kobud şəkildə pozduğunu bildirib.

Açıqlamaya görə, impiçmentlə bağlı ümumilikdə 80 deputatın imzası toplanıb. Onlar Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Qeyd edilir ki, prezidentə impiçment göstərilməsi üçün deputatların üçdə ikisinin razılığı kifayətdir.

 

LİVİYADA DAŞQINLAR NƏTİCƏSİNDƏ MİNLƏRLƏ İNSAN İTKİN DÜŞÜB

Liviyanın Aralıq dənizi sahillərində “Daniel” siklonunun yaratdığı daşqınlar nəticəsində minlərlə insan itkin düşüb. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə ölkənin şərqindəki hökumətin daxili işlər naziri Essam Əbu Zəribə məlumat verib.

Bununla yanaşı, Liviyanın şərq bölgəsinin hökumət başçısı Usamə Hammadın məlumatlarına görə, Derna bölgəsində daşqın qurbanlarının sayı 2000 nəfəri keçib.

Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.

Şiddətli yağışlar infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mühüm mülki obyektləri su basıb. İtkin düşmüş şəxslərin təxliyəsi və axtarışları davam edir. Təbii fəlakətdən ən çox zərər çəkən Derna şəhərindəki iki bənd dağılıb.

Liviya hökuməti təbii fəlakətdə yüzlərlə insanın ölümündən sonra ölkədə üç günlük milli matəm elan edib.

 

VANQANIN 2024-cü İL PROQNOZU DÜNYA GÜNDƏMİni SİLKƏLƏDİ

Bolqar kahin Vanqanın 2024-cü illə bağlı proqnozları  dünya gündəmindədir. “Teleqraf.com”un xəbərinə görə, ekstrasens illər öncə 2024-cü ildə dünyanın böyük transformasiyaya uğrayacağını iddia edib.

İki böyük elmi gəlişmə ilə dünyanın gedişatının sonsuza qədər dəyişəcəyini deyən Vanqa xərçəng xəstəliyinin müalicəsinin tapılacağını, həmçinin QİÇS-in kökünün kəsiləcəyini bildirib.

Vanqa 2024-cü il üçün başqa bir proqnozu isə “neft əsri”nin sona çatacağı ilə bağlıdır. Kahin gələn il diqqətin bərpaolunan enerjiyə veriləcəyini söyləyib.

Bununla yanaşı, Vanqa kvant kompüterlərinin inkişaf edəcəyini də iddia edib. Maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlara ciddi təsir göstərdiyi bildirilən kvant kompüterləri ilə mürəkkəb hesablamalar görünməmiş sürətlə həyata keçirilə bilər.

Vanqa kiberhücumların artacağını da qeyd edib. O, həmçinin bildirib ki, bu hücumlar qlobal xaosa və nizamsızlığa səbəb olacaq.

Eyni zamanda, Vanqa 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük böhranın ola biləcəyinə işarə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.