Yeni reallıqların müəllifi
Digər xəbərlər

Yeni reallıqların müəllifi

Dövlət başçısının qətiyyəti, siyasi uzaqgörənliyi ölkəmizin dünya miqyasında güclü mövqeyini təmin edib

Üç il əvvəl Azərbaycanın milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və onların zərərsizləşdirilməsi üçün Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatlarına başladı.

Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq"la düşməni 44 günə məğlub etməsi bölgədə tam yeni reallıqlar yaratdı. Bu reallıq hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Yeni reallıqlar yaradan əzmkar lider, uzaqgörən dövlət xadimi Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə başladılan sürətli yenidənqurma və bərpa işlərinin miqyası hər ötən gün daha da artır.

Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad edilmiş ərazilər üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla və əks-arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik məharəti və diplomatik gedişlərə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqlar üçün zəmin yaradıb.

Postmüharibə dövründə görülmüş işlərin həcmi, işğaldan azad olunan bölgələrimizdə aparılan yenidənqurma və təmir-bərpa işlərinin tempi Qarabağın qısa zamanda Cənubi Qafqazın ən müasir yaşayış məskəninə çevriləcəyindən xəbər verir. Bu dövrün ən mühüm hadisələrindən biri olan Cənubi Qafqazda yeni reallıqlar yaratmış 10 noyabr tarixli Bəyanatın xüsusi əhəmiyyətini də vurğulamaq lazımdır. Bu sənəd bölgədəki sülhün və təhlükəsizliyin təminatı olmaqla yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyünə heç zaman şübhə ilə yanaşılmamasının bariz göstəricisidir. Məhz bu reallıqlar Prezident İlham Əliyevin zəkası, səbirli və qətiyyətli mövqeyi nəticəsində yaranıb. Postmüharibə dövrünün reallıqları sırasında özünə yer alan Zəngəzur dəhlizinin açılması da regionumuz üçün yeni imkanlar yaradacaq.

Müstəqil dövlət olaraq Azərbaycan daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycanın lideri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi. Bu reallıq dünya dövlətləri tərəfindən də qəbul edilir. Dövlət başçımız İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı ilk vaxtlarda dediyi sözləri xatırlayıram: "Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həmin tarixdən bu günə qədər verilən vədlərin əməli nəticələri göstərdi ki, dövlət başçısı İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu, xalqının etimadını doğrultdu. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirdi.

Müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin etdi. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə baxmayaraq, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin ifadəsi oldu. Məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artdı. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazanıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Azərbaycanın dünyada güclü, qüdrətli və nüfuzlu ölkələrdən birinə çevrilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyilə məqsədyönlü, konkret hədəflərə xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi, bu da ən qısa zamanda öz bəhrəsini verdi və dünyaya "Azərbaycanın inkişaf modeli" təqdim edildi. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, dünyanın ən böyük və mötəbər beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və quruma rəhbərlik etdi. Cənab Prezidentin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Göstərdiyi uğurlu fəaliyyəti nəzərə alınaraq Azərbaycanın bu qurumdakı sədrlik müddəti daha bir il artırılıb. Bu, Azərbaycana və onun lideri İlham Əliyevə olan münasibətin göstəricisidir. Cənab Prezidentin yürütdüyü siyasətin və fəaliyyətinin ana xəttini isə Qarabağ münaqişəsinin həllinə nail olmaq təşkil edib. Məhz onun enerji sahəsində, dünyanın enerji təhlükəsizliyinin arxitekturasının təmin olunması və diplomatiya sahəsindəki yürütdüyü siyasət də onu bu hədəfə daha da yaxınlaşdırdı. Bu istiqamətdə yürüdülən siyasət öz bəhrəsini verdi. Ölkəmiz dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrildi. Azərbaycan Prezidenti dünyada yeni reallıqlar yaradan lider kimi tanındı.

Mustafa KAMAL,

"Respublika".