Politoloq:
Siyasət

Politoloq: "Fransa Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir"

"Fransa son dövrlər Cənubi Qafqaza intensiv surətdə müdaxilə etməyə çalışır. Fransa prezidenti Emmanuel Makronun regional sülhə maneə törədən açıqlamaları həm də erməni lobbisinin güclü təsiri ilə baş verir. Parisin meri Ann İdalqonun müxtəlif rəsmi şəxslərlə birlikdə bölgəyə gəlməsi və TIR şousunun davamı olaraq Fransadan da gətirilən humanitar, dırnaqarası yükləri müşaiyət etməsi birbaşa ona dəlalət eləyir ki, Fransa Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir".

Bu sözləri "Respublika"-ya açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Politoloq, həmçinin  Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını bildirib:

"Regionda Rusiyanın və Türkiyənin mövqeləri möhkəmlənib. Məhz bu səbəbdən, Fransa Ermənistandan istifadə edərək öz mövcudluğunu qoruyub saxlamağa çalışır. Bununla yanaşı, biz Fransanın beynəlxalq siyasətdə də geriləməsini görürük. Afrika regionunda Mali və Burkina-Fasoda , eyni zamanda Niger və Qabonda da çevrilişlərin baş verməsi məhz Makron hakimiyyətinə qarşı narazılıqların təzahürüdür.  Fransa Cənubi Qafqazda itirilmiş mövqelərini doldurmağa cəhd göstərir. Bu da təbii ki, alınmadıqda aqressiv bir siyasət formalaşdırılır, təkidli surətdə regiona nüfuz edilir və separatizm dəstəklənir".

İlyas Hüseynov, Fransanın Ermənistanın hərbi seqmentdə də gücləndirilməsinə meyil etdiyini də vurğulayıb: "Fransa bununla regional təhlükəsizlik üçün mühüm təhdidlər formalaşdırır. Şübhəsiz, bunun qarşısı alınır və alınacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, Fransa Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə klubuna daxildir. Makron hakimiyyəti əlində olan bütün imkanlardan, resurslardan istifadə edir ki, anti-Azərbaycan, anti-İslam siyasətini davam etdirsin".

Nəzrin ELDARQIZI,
"Respublika".