Politoloq: Azərbaycanın göndərdiyi humanitar yüklərin qəbulu həyata keçirilməlidir
Siyasət

Politoloq: Azərbaycanın göndərdiyi humanitar yüklərin qəbulu həyata keçirilməlidir

Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım aparıb. Yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur. 

Mövzu ilə bağlı “Respublika”ya açıqlama verən siyasi şərhçi İlyas Hüseynov  Qızıl Aypara Cəmiyyətinin Qarabağa humanitar yüklər aparmasının bir neçə amildən təqdir olunduğunu qeyd edib: "İlk növbədə Azərbaycan bununla göstərir ki, Qarabağ iqtisadi rayonunda erməni əsilli vətəndaşlarının ehtiyaclarının ödənilməsi haqqında vahid fikir vardır. Qızıl Aypara Cəmiyyəti uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də COVİD-19 pandemiyası dövründə uğurlu fəaliyyəti ilə seçilmişdir. Digər tərəfdən məhz un məmulatlarının göndərilməsi erməni təbliğatını ifşa edir. Burada  məntiqli və haqlı bir sual yaranır ki, əgər ehtiyac içində olan əhali varsa, onların tələbatlarının ödənilməsi haqqında çağırışlar edilirsə, niyə Azərbaycanın göndərdiyi bu humanitar yükləri qəbul etmirlər? Qızıl Aypara Cəmiyyətinin bu addımı çox önəmli siyasi məqsədlər daşıyır. Baxmayaraq ki, Qızıl Aypara Cəmiyyəti siyasi bir təşkilat deyil, qeyri-hökumət təşkilatı da siyasətlə məşğul olmur. Lakin istənilən halda burada Azərbaycanın hazırkı addımı atması dəyərli hesab olunmalıdır”.

Politoloq Ermənistan və Fransanın “humanitar yardım” adı altında təxribatçı addımlarına da münasibət bildirib: “Ermənistanın TIR şousuna qoşulan Fransa ənənəvi olaraq hər zaman olduğu kimi, indi də vəziyyəti gərginləşdirməyə can atır. Məhz Ermənistan-Fransa tandeminin pozucu xislətinin qarşısını almaq üçün Azərbaycan da bölgədə söz sahibi olduğunu nümayiş etdirir və bu prinsipial xətt Azərbaycanın da qırmızı cizgiləri hesab olunur. Ona görə də hazırkı durumda istər-istəməz Azərbaycanın göndərdiyi humanitar yüklərin qəbulu həyata keçirilməlidir. Digər tərəfdən də Ağdam-Xankəndi marşrutunun işlək olması haqqında da vahid fikir olmalıdır. Bu, çox önəmli hazırkı siyasi prosesləri əhatə edən yanaşmadır və əsas məqsəd əlbəttə ki, Qarabağ ermənilərinin reinteqrasiyasıdır”.

Musa Bağırlı,

“Respublika”.