Müasir Azərbaycanın qurucusu
Digər xəbərlər

Müasir Azərbaycanın qurucusu

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edilib

Azərbaycanda XX əsrin sonunda formalaşan vəziyyət nəticəsində müstəqilliyimizi bərpa etməyimiz üçün xüsusi şərait yarandı. Regionda baş verən qlobal geosiyasi proseslər fonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi, "soyuq müharibə"nin sona çatması kimi hadisələr müşahidə olunurdu. Sovet İttifaqının dağılması müttəfiq respublikalara müstəqil dövlətçiliyinin təməlini qoymaq üçün şans yaratmışdı. Bu cür şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında deputat Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bununla da  Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. Həmin il oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl etmədilər. Bu zaman mövcud olan siyasi dairələrin səriştəsizliyi müstəqilliyin itirilməsi təhlükəsini yaratdı. Belə ki, o dövrdəki AXC-Müsavat iqtidarı əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altında qoyurdular. Onlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, hətta dövlətimizi dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına şərait yaratdılar.

1990-cı il iyulun 22-də böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi ölkəmizin siyasi mühitində aparıcı hadisəyə çevrildi. Daha dəqiq desək, məhz Heydər Əliyevin milli dövlətçiliyin bərpası istiqamətində qəti addımları əhəmiyyətli rol oynadı. Ulu öndərin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına şərait yaratdı. Ulu öndərin sədrliyi ilə 1990-cı il noyabrın 17-də öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası Azərbaycan dövlətçiliyinin dirçəlişi tarixində bir sıra vacib hadisələrlə yadda qalıb. Belə ki, müstəqilliklə bağlı bir sıra məsələlərin müzakirə olunması, bu yolda tarixi qərarların qəbul edilməsi əlamətdar hadisələrdən hesab olunur. Ulu öndərin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Həmin qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif olunmuşdu. Sessiya çərçivəsində qəbul edilən təqdirəlayiq qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi.

Azərbaycan Ali Soveti ümummilli lider Heydər Əliyevin başlatdığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirdi. Bunun məntiqi nəticəsi kimi müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan əhalisinin 95 faizi iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Nəticədə, Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi.

Ulu öndərin siyasi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizdə mühüm rol oynayır. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Şübhəsiz, bu cür şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Beləliklə, ölkə rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderin rəhbərliyi dövründə ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi. "Əsrin müqaviləsi"nin imzalanması, beynəlxalq təşkilatlara inteqrasiyamızın təmin edilməsi, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimizin isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılması da bu qəbildəndir. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin prezidentliyi dövrünə təsadüf edir. Daha bir vacib məqamı qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərtilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsinə ilk dəfə bu zaman çatdırıldı. Bununla yanaşı, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda hüquqi islahatlar həyata keçirilməyə başladı. 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, yeni parlamentin yaradılması da bunun bariz nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz tərəfindən əldə edilən bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının uğurlu nəticəsi kimi qiymətləndirilir. Bu gün Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs dövlət müstəqilliyimizi daha da möhkəmləndirir. Dövlətimizin başçısının qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin həyata keçirilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları dövlətçiliyimizin daha da qüdrətlənməsinə gətirib çıxarıb. Azərbaycan hazırda yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət, qazanılan bütün uğurlar ölkəmizin dövlət müstəqilliyinin bir də heç vaxt əldən verilməyəcəyini, əbədi olacağını söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".