Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

VLADİMİR PUTİNİN TÜRKİYƏ SƏFƏRİ TƏXİRƏ DÜŞƏ BİLƏR

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ehtimal edilən səfəri təxirə salına bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “A Haber” telekanalının yaydığı məlumatda qeyd olunur.

Telekanalın xəbərinə əsasən, dövlət başçıları sentyabrda görüşə bilərlər.

Eyni zamanda, vurğulanır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər etməsi də mümkündür.

Bununla yanaşı, prezidentlərin ehtimal edilən görüş zamanı xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl Vladimir Putinin avqust ayında Türkiyəyə səfər edəcəyi bildirildi.

 

TÜRKİYƏ VİLAYƏTLƏRİNDƏ NEFT AXTARIŞLARI DAVAM EDİR

Türkiyənin daha dörd vilayətində neft axtarışlarına başlanılacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi müvafiq qərar qəbul edib.

Eyni zamanda, bildirilib ki, TPAO şirkətinə yeni lisenziya verilib. Bu lisenziya şirkətin ölkənin Siirt, Şırnak, Amasya və Samsun vilayətlərində neft axtarışlarına başlamasını təmin edəcək.

Açıqlamaya əsasən, sözügedən şirkət 5 il müddətində qeyd olunan vilayətlərdə müəyyən edilən 5 yataqda neft axtarışları ilə məşğul olacaq.

Xatırladaq ki, mayın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb və 7 iyul tarixində 75 min 52 barrel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekordu qırılıb.

 

QAZAXISTANDA YERLƏŞƏN MANQİSTAU AES-DƏ QƏZA BAŞ VERİB

Qazaxıstanda Atom Elektrik Stansiyasında qəza baş verib. “Trend” agentliyinin məlumatına görə, Qazaxıstanın cənub-qərbində yerləşən Manqistau Atom Elektrik Stansiyasında (MAEK) baş vermiş qəza ilə əlaqədar ölkədə elektrik enerjisi kəsintisi müşahidə olunur.

“MAEK-in ikinci istilik elektrik stansiyasında iki turboaqreqat dayanıb və bu da istehlakçıların elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb”, - deyə məlumatda vurğulanır.

Bununla yanaşı, qeyd edilib ki, birinci qəzadan bir müddət sonra növbəti qəza baş verib. Belə ki, MAEK-in istilik elektrik stansiyasında üçüncü bloku sıradan çıxıb.

Açıqlamaya əsasən, MAEK-də qəza-bərpa işləri başa çatana qədər istehlakçılara elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

 

Aİ ÖLKƏLƏRİNƏ QEYRİ-QANUNİ DAXİLOLMA HALLARI ÇOXALIB

Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxilolma hallarının ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 176 min 100-ə çatdığı bildirilib. Bu barədə mərkəzi Polşanın paytaxtı Varşavada yerləşən Avropa İttifaqının sərhəd mühafizə agentliyi “Frontex”in  yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, ilin ilk 7 ayında Avropa İttifaqı sərhədlərində aşkarlanan qeyri-qanuni girişlərin sayı 2016-cı ildən bəri ən yüksək həddə çatıb.

Bununla yanaşı, qeyd edilir ki, sözügedən prosesdə qeyri-qanuni girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. Bu marşrutla 89 min insan Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artım olaraq qeydə alınıb. Mərkəzi Aralıq dənizi marşrutunu ən çox istifadə edənlər Fil Dişi Sahili, Qvineya və Misir vətəndaşları olub.

Eyni zamanda, ikinci marşrut olaraq bilinən Qərbi Balkanlardan daxil olanların sayı isə 26 faiz azalaraq 52 min 232 nəfərə enib. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edirdilər.

Həmçinin açıqlamada bildirilir ki, Şərqi Aralıq dənizindən gedənlərin sayı isə 29 faiz azalaraq 17 min 54 nəfər təşkil edib. Şərqi Aralıq dənizi marşrutundan ən çox istifadə edənlər suriyalılar, fələstinlilər və əfqanlar olub.

 

İRAN URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİ TEMPİNİ AŞAĞI SALIB

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə aşağı salıb və bu, artıq cari ilin payızında ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası yönündə bir addım ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, İran həmçinin öncələr toplanmış zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyəsini azaldıb. Qəzetin yazdığına görə, rəsmi Tehran nüvə məsələsində ABŞ-la danışıqların yenidən başlaması səyləri çərçivəsində məhz belə addımlar atıb.

Eyni zamanda, nəşrin məlumatına görə, Ağ Ev rəsmiləri əvvəllər İrana bildiriblər ki, Tehran yayda nüvə proqramını azaltmaq üçün konkret addımlar atacağı təqdirdə, 2022-ci ilin payızında faktiki olaraq başa çatan danışıqlara yaxın aylarda qayıtmağı nəzərdən keçirməyə hazırdırlar.

Qeyd edək ki, İran hələ də 60 faiz zənginləşdirilmiş uranın əhəmiyyətli ehtiyatlarını saxlayır ki, bu da iki nüvə qurğusu yaratmaq üçün kifayət edə bilər.

 

FRANSADA KORONAVİRUSUN YENİ VARİANTI SÜRƏTLƏ YAYILMAĞA BAŞLAYIB

Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılmağa başlayıb. “Haber Global” telekanalının verdiyi xəbərə görə, bu barədə Fransa mediası məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir. Həmçinin məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.

Eyni zamanda, verilən xəbərə görə, 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz virusa yoluxma hallarında artım müşahidə olunur.

Məlumata əsasən, alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığı qənaətindədirlər. Lakin bununla yanaşı, Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.

 

HAVAY ADALARINDA MEŞƏ YANĞINLARI ZAMANI ÖLƏNLƏRİN SAYI ARTIB

Amerika Birləşmiş Ştatlarının Havay əyalətində Maui adasında davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir. Bu barədə “TRT” telekanalının yaydığı məlumatda qeyd olunur.

Açıqlamaya görə, ABŞ-ın adalardan ibarət Havay ştatında güclü külək yanğınların yayılmasına səbəb olub. Çərşənbə axşamı Maui adasındakı meşədə baş verən yanğın böyük dağıntılara səbəb olub.

Bununla yanaşı, yanğında həyatını itirənlərin sayı 80 nəfərə yüksəlib. Təxminən 1700 binanın zərər gördüyü ada fəlakət bölgəsi elan edilib.

Verilən xəbərə görə, adanın turistik sahil şəhəri olan Lahaynanın böyük hissəsi məhv olub. Minlərlə turist adanı tərk edib, təxliyələr davam edir.

Eyni zamanda, bildirilir ki, yanğının səbəb olduğu tüstü havadan müdaxiləni çətinləşdirir. Hazırda axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanır. Həmçinin həlak olanların sayının artacağı istisna olunmur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.