Ermənistanın “humanitar” şou təxribatı
Siyasət

Ermənistanın “humanitar” şou təxribatı

Ermənistanın “humanitar yük” adı altında Azərbaycana qarşı sərhəd təxribatı davam edir. Azərbaycanla razılaşdırılmadan Laçın dövlət sərhəddinə bilərəkdən cəlb edilmiş yük avtomobilləri, onlar üçün təklif edilən Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırırlar. Xankəndi və ətraf ərazilərdə xunta rejiminin dinc əhalini Azərbaycana qarşı səsləməsi və digər təxribat xarakterli addımlar sülh prosesinə kölgə salır.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Rəşad Bayramov Ermənistanın saxta beynəlxalq rəy formalaşdırmaq cəhdlərinin keçmişdən gələn adət olduğunu bildirib:

“Onlar uzun illər ərzində öz diaspor təşkilatlarının, o cümlədən də ayrı-ayrı ölkələrdəki media quruluşlarının vasitəsi ilə Azərbaycanla bağlı saxta rəy formalaşdırmaq üçün hər şey ediblər. Buraya ayrı-ayrı ölkələrdəki deputatların, senator və konqresmenlərin satın alınmasından tutmuş, şantaja qədər hər şey daxildir.

Nəticədə biz ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin zaman-zaman bu yalanlara alət olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinə şahidlik etmişik və bu prosses indi də davam edir. Şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yanlış təsəvvürlərin ən başlıca səbəbi ikili standartlardan qaynaqlanır. Yəni başqa sözlə desək, beynəlxalq birlik əslində nə baş verdiyini yaxşı bilsə də, bir çox hallarda xristian təəssübkeşliyindən və erməni diasporunun alətinə çevrilmək səbəbindən anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirir. Misal olaraq, buna son günlərdə baş verən “humanitar yük” şousunu göstərə bilərik. 2014-cü ildə Rusiya Donetsk və Luqanska humanitar maşın karvanı göndərmək istəyəndə ABŞ, BMT, ATƏT və digərləri dərhal bəyanatlarla çıxış edərək, Rusiya tərəfindən atılan bu addımı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhdid olaraq qiymətləndirdilər. Onlar bildiridi ki, humanitar yüklərin daşınması Ukrayna ilə razılaşdırılmayıb və Ukrayna tərəfinin icazəsi olmadan belə bir addımın atılması qətiyyən yolverilməzdir. İndi də eyni şey Ermənistan tərəfindən edilir. Azərbaycanla razılaşdırılmadan ermənilər guya Qarabağda “humanitar fəlakətin” qarşısını almaq üçün onlara yardım aparmaq adı ilə çıxış edirlər. Lakin bu dəfə beynəlxalq birlik 2014-cü ilə sərgilədiyi mövqeyi, yəni Ukraynaya göstərdikləri münasibəti göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, bu mövqe Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdiddir. Odur ki, ikili standartların olması fakt olaraq ortadadır".

Politoloq bildirib ki, amma bu yeganə səbəb deyil:

"Digər bir səbəb, bizim hələ də beynəlxaq birliyə real həqiqətləri çatdıra bilməməyimizdən qaynaqlanır. Belə ki, erməni təbliğatına uyaraq Azərbaycan əleyhinə çağırış edən dövlətlər içərisində ölkəmizlə strateji tərəfdaşlıq müqaviləsi olanlar da var. Bu isə o deməkdir ki, biz hələ də real həqiqətləri çatdıra bilmirik, erməni yalanlarını ifşa etmək üçün yetərli qədər fəaliyyət göstərmirik. Burada həm xarici siyasət qurumlarımızın, həm diaspor təşkilatlarımızın, o cümlədən də beynəlxaq səviyyəyə çıxa bilən media qurumlarımızın üzərinə böyük məsuliyyət düşür.

Həqiqətlərin çatdırılması, beynəlxalq müstəvidə erməni yalanlarının ifşası epizodik olaraq və ya tək ölkə başçısı tərəfindən həyata keçirilməməlidir. Azərbaycan həqiqətlərinin təbliği mütəmadi və davamlı xarakter almalı. Nəhayət ki, müdafiə deyil, hücum diplomatiyası həyata keçirilməldiir”.

Nurlan ABDALOV,

“Respublika”.