İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçilərimiz "Poland Open" turnirində yarışacaqlar

Azərbaycanın qadın və sərbəst güləşçiləri Polşanın paytaxtı Varşavadakı "Poland Open"də iştirak edəcəklər. İyulun 27-28-də qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) güclərini  sınayacaqlar. İyulun 29-30-da isə sərbəst güləşçilərimiz Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, "Poland Open" iyulun 30-da başa çatacaq.

Su polosu üzrə turnirin qalibləri müəyyənləşib

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş su polosu üzrə turnir keçirilib. Yarışda altı komanda mübarizə aparıb. "Qarabağ" klubu bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. "Bakı Oxford Schooll"un komandası yarışı ikinci, SKA isə üçüncü pillədə başa vurublar.

"Sabah" klubunun uğurlu debütü

Bakının "Sabah" klubunun avrokuboklarda debütü uğurlu alınıb.  İyulun 26-da Bakı təmsilçisi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandası ilə görüşüb. Yurmala şəhərindəki "Sloka" stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi "Sabah"ın minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. İkinci hissədə Bakı təmsilçisinin gürcüstanlı hücumçusu Davit Volkov 56-cı dəqiqədə rəqib qapısından ikinci topu keçirib. Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.

Cüdo üzrə region birinciliyi keçirilir

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilir. Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 131 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Paytaxtımızda Qran-Pri turniri keçiriləcək

Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri turnirində 41 ölkədən idmançılar iştirak edəcəklər. Yarışa 250 idmançı qatılacaq. Milli Gimnastika Arenasında gerçəkləşəcək yarış sentyabrın 26-27-də təşkil olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".