İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Həndbol komandalarımızın rəqibləri bəlli olub

Azərbaycanın həndbol komandalarının 2023/2024 mövsümündə EHF Avropa Kubokundakı rəqibləri bəlli olub. Vyanada keçirilən püşkatmanın nəticələrinə görə, komandalar yarışa 1/32 final mərhələsindən qatılacaqlar. Qadınlardan ibarət "Azəryol" Bosniya və Herseqovinanın "ZRK Krivaya", "Qarabağ" İspaniyanın "KH-7 BM Qranollers", "Kür" isə İtaliyanın "Jomi Salerno" komandası ilə qarşılaşacaq. İlk oyunlar sentyabrın 23-24-də keçiriləcək. Mərhələnin cavab görüşləri sentyabrın 30-u və oktyabrın 1-nə təyin olunub. Kişilərdən ibarət "Azəryol" I mərhələnin "Amber" (Litva) - "Brixen" (İtaliya) cütünün qalibinə rəqib olacaq. "Kür" isə Xorvatiyanın "MRK Sesvete" kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları  isə 21-22-də keçiriləcək.

 

Yeniyetmə boksçularımız Avropa birinciliyində 

İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək. Yarışlar doqquz gün davam edəcək. Azərbaycan yığmasının tərkibində Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq), qız boksçulardan ibarət komandada  isə Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədova (+80 kq) yer alıblar. Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

 

Yarışların püşkatma mərasimi keçirilib

İyulun 19-da voleybol üzrə Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Ölkəmizi qadınlar arasında Çağırış kuboku yarışlarında təmsil edəcək "Azərreyl"in ilk rəqibi Ukraynanın "Balta" klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu oktyabrın 10-12-də, ikinci matç isə oktyabrın 17-19-da keçiriləcək. Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarı bülbül Şuşa" klubunun rəqibi isə "Spartak Myjava" (Slovakiya) olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu oktyabrın 24-26-da, cavab görüşü isə oktyabrın 31-dən noyabrın 2-dək təşkil olunacaq. Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi "Xarıbülbül Şuşa" komandasının yeni seçilmiş prezidenti Nuran Hüseynov, klubun təsisçi-direktoru və komandanın kapitanı İlqar İmamquliyev təmsil ediblər.

 

Basketbol: "Neftçi" 1/4 finala yüksəlib

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərində keçirilən mərhələsində 1/4 finala yüksəlib.  Komandamız  C qrupunda ilk olaraq Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıb. Azərbaycan təmsilçisi bu raundda Kanada kollektivi ilə görüşəcək.  Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".