ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR
Region

ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi zamanı Vətənimizin azadlığı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması ənənə halını alıb. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, mayor Bərxudarov Toğrul Məmməd oğlunun ad günü şəhidin məzarı önündə şəhər icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və şəhidin ailə üzvlərilə birlikdə qeyd olunub.

Yevlax şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı üzərinə tər gül dəstələri düzülüb, əziz xatirəsi böyük ehtiramla yad olunub. Şəhər icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Vasif İsayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd edək ki, şəhid mayor Toğrul Bərxudarov 30 iyun 1987-ci ildə Yevlax şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit İxtisas Kursu"nu müvəffəqiyyətlə başa vurub. Motoatıcı bölüyün atəş dəstəyi taqımının komandiri vəzifəsindən, motoatıcı taborun qərargah rəisi - tabor komandirinin müavini vəzifəsinə, mayor hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən taborun şəxsi heyəti ilə birlikdə Tərtər və Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Şəxsi igidlik və şücaət nümunələri göstərib. İgid zabitimiz 2020-ci il sentyabrın 28-də Talış və Suqovuşan kəndləri istiqamətlərində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Yevlax Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Toğrul Bərxudarov hələ sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

Zabit XƏLİLOV,

"Respublika".