İSRAİL: URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİ 90 FAİZƏ ÇATARSA İRANA ZƏRBƏ QAÇILMAZDIR
İran hakimiyyəti uranı 90 faiz zənginləşdirərsə İsrailin zərbəsi qaçılmaz olacaq. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu yüksək vəzifəli İsrail rəsmisi “Israel Hayom” nəşrinə açıqlamasında bildirib.
Məlumata əsasən, İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu bildirib. O deyib: “ABŞ, eləcə də digər Qərb dövlətləri də yaxşı bilirlər ki, nüvə bombasının istehsalı üçün lazım olan hədd - 90 faiz zənginləşdirilmiş uran İsrail üçün “qırmızı xətt”dir”. Eyni zamanda, İsrail rəsmisi qeyd edib ki, ABŞ-ın İranla müqavilə bağlamaq üçün göstərdiyi nəzərəçarpan səylərə baxmayaraq, çətin ki, uğur əldə edilsin, çünki İranın ali dini rəhbəri Əli Xamenei sövdələşməyə heç bir maraq göstərmir.
Vurbulanır ki, İsrail rəsmisinin bəyanatı İran və Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma potensialının olduğu bir vaxta təsadüf edir. Bir neçə gün öncə ölkəsinin atom sənayesi nümayəndələri ilə görüşən Əli Xamenei bildirib ki, İran istəsə Qərb Tehranın nüvə silahı istehsalını dayandıra bilməz.
ABŞ BEŞ ÖLKƏDƏ 150-yə YAXIN NÜVƏ BAŞLIĞI YERLƏŞDİRİB
ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre Cenevrədə keçirdiyi brifinqdə bildirib. “Rəsmi təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropa və Asiyanın beş ölkəsində - Almaniya, Belçika, Niderland, İtaliya və Türkiyədə yerləşdirilib” - deyə Sanders-Zakre vurğulayıb.
Bununla yanaşı, ICAN proqram koordinatoru Syuzi Snayder isə xatırladıb ki, 2009-cu ildə Almaniyada keçirilən seçkilərdən sonra koalisiya sazişində Amerika silahlarının ölkədən çıxarılması səyləri barədə bənd əks olunub.
Eyni zamanda, ICAN proqramının koordinatoru çıxışı zamanı deyib: “Bu, sirr deyil. Hamımız bilirik ki, orada silah var. Bu, göz qabağındadır”. Bununla bağlı Syuzi Snayder nüvə arsenalları sahəsində şəffaflığın təmin edilməsi məsələsini “ciddi problem” adlandırıb.
SİLVİO BERLUSKONİNİN MİRASI TƏXMİNƏN 5 MİLYARD AVRODUR
İtaliyanın vəfat edən keçmiş baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi. “Corriere della Sera” qəzetinin məlumatına əsasən, onun mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilir və bu, onun 5 övladı, eləcə də 16 nəvəsinə qalacaq.
Bildirilir ki, əsas pay 4,89 milyard avro dəyərində olan “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50 faizi və “Mondadori” nəşriyyatının 53 faizi, həmçinin “Mediolanum” bankı daxildir.
Məlumata əsasən, “Forbes” jurnalının son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.
Eyni zamanda, biznesdən əlavə, Silvio Berluskoninin bir neçə villası, sarayları və evləri də var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur.
DÜNYADA İLK DƏFƏ NƏFƏS ALAN VƏ TƏRLƏYƏN ROBOT YARADILIB
ABŞ-ın “Thermetrics” şirkəti Arizona Dövlət Universitetinin (ADU) tədqiqatçıları üçün nəfəs alan, tərləyən və titrəyə bilən dünyada ilk robot yaradıb. “Report” agentliyinin məlumatına görə, istiliyə həssas olan bu robot insan təri əmələ gətirən məsamələri olan səthə malikdir.
Tədqiqatçılar yüksək temperaturun insan orqanizminə necə təsir etdiyini başa düşmək üçün bu yay istiliyə həssas ərazilərdə bu texnologiya möcüzəsini sınaqdan keçirməyi planlaşdırırlar. Robot açıq havada istifadə oluna bilən ilk termal mankendir. Əvvəllər qeyri-mümkün olan həddindən artıq isti şəraitində eksperimentlərin aparılması, eləcə də günəş radiasiyasının təsirlərinin araşdırılması artıq sözügedən robot sayəsində mümkün olacaq.
Verilən xəbərə görə, elmi irəliləyiş bununla da bitmir, çünki tədqiqatçılar bu yay birlikdə işləmək və insanın tərləmə mexanizmlərini daha yaxşı başa düşmək üçün bu robotu ASU-nun digər biometeoroloji termal robotu ilə birləşdirəcəklər.
ÇİN HÖKUMƏTİ ABŞ SANKSİYALARINA KƏSKİN ETİRAZINI BİLDİRİB
Çin hakimiyyəti ABŞ-ın İrana görə bəzi Çin şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə Çin Ticarət Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“Birləşmiş Ştatlar İranla qarşılıqlı əlaqələri bəhanə edərək, Çinin bəzi müəssisə və vətəndaşlarını xüsusi siyahıya daxil edib, onlara qarşı sanksiyalar tətbiq edib. Çin buna qəti etirazını bildirir”, - deyə məlumatda vurğulanır.
Eyni zamanda, bəyanatda qeyd olunub ki, Vaşinqtonun bu məhdudiyyətlərin tətbiqi üçün hüquqi əsasları yoxdur.
“ABŞ məsuliyyətsiz təzyiqləri dayandırmalıdır. Çin lazımi tədbirləri görəcək, biz Çin müəssisələrinin və vətəndaşlarının qanuni maraqlarını qətiyyətlə qoruyacağıq”, - deyə nazirliyin bəyanatında bildirilib.
Aİ LATIN AMERİKASI ÖLKƏLƏRİNƏ 10 MİLYARD AVRO VƏD EDİB
Avropa İttifaqı Latın Amerikası ölkələrinə, ilk növbədə, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji və rəqəmsal iqtisadiyyatın inkişafı layihələrinə nadir torpaq ehtiyatlarının hasilatı sahəsində əməkdaşlıq müqabilində 10 milyard avro sərmayə qoyacağını vəd edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Braziliyada mətbuat konfransında çıxışı zamanı bəyan edib.
“Biz qitələrimizin yaşıl keçid üçün bu əsas resurslara olan ehtiyaclarını ödəməyə kömək etmək üçün Braziliya ilə strateji nadir torpaq mədənləri üzrə tərəfdaşlığa başlayırıq”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib.
Ursula fon der Lyayen vurğulayıb ki, Aİ Braziliyada hidrogen yanacağının daha təmiz istehsalına 2 milyard avro və tropik meşələrin itirilməsi ilə mübarizə üçün layihələrə 430 milyon avro sərmayə qoyur. Eyni zamanda, xanım siyasətçi ölkənin yenidən sənayeləşməsinə səbəb olan və təkcə iqtisadi sahədə deyil, ən geniş dialoq üçün platformaya çevrilməli olan Braziliya ticarət əməkdaşlığına söz verib.
FTB-nin MÜŞAHİDƏ SİYAHISINDA OLANLARIN 98 FAİZİ MÜSƏLMANLARDIR
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) müşahidə siyahısında olanların əksəriyyəti müsəlmanlardır. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Amerika-İslam Münasibətləri Şurası (CAIR) FTB-nin müsəlmanları hədəf alan, terrorizmi yoxlayan məlumat bazası ilə bağlı hesabat yayıb.
Məlumata görə, hesabat FTB izləmə siyahısının 2019-cu il versiyasının isveçrəli haker tərəfindən təsadüfən ələ keçirilərək onlayn mühitə yüklənən 1,5 milyondan çox məlumatın hərtərəfli təhlili əsasında hazırlanıb.
Bildirilir ki, FTB məlumat bazasında təkcə “Məhəmməd” və “Əli” adlarının fərqli tələffüzlə 350 min dəfədən çox yazıldığı bildirilir. Həmçinin ən çox adı çəkilən ilk 50 nəfərin hamısının müsəlman olduğu qeyd edilib.
Araşdırılan izləmə siyahısı bazasındakı 1,47 milyondan çox məlumatın 98 faizdən çoxu müsəlmanlara aiddir.
Verilən xəbərə görə, Amerika-İslam Münasibətləri Şurası prezident Cozef Baydeni FTB-nin izləmə siyahısına reaksiya verməyə çağırıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.