İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Cüdoçularımız iki gündə səkkiz medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub.

Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

 

Ölkəmiz medal sıralamasında mövqeyini qoruyub

Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra 57 dəst medal öz sahibini tapıb. Siyahıda Azərbaycan millisi əvvəlki kimi onuncu pillədə qərarlaşıb. Komandamızın hesabında 5 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır. İlk sıralarda İspaniya, İtaliya Polşa yer alıblar. İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcəklər. Azərbaycan "Krakov 2023" 13 növdə 86 idmançı ilə təmsil olunur.

 

Karateçilərimiz komanda hesabında ikinci olublar

III Avropa Oyunlarında karate yarışlarına yekun vurulub. Karateçilərimiz yarışı 2 qızıl 1 bürünc medalla başa vurublar. Qızıl medalları komandamıza Tural Ağalarzadə (67 kq) İrina Zaretska (68 kq) qazandırıblar. Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə üçüncü olub. Üç medalla Azərbaycan millisi ümumi sıralamada ikinci pillədə qərarlaşıb. Ukrayna yığması birincidir. Karate yarışlarında ümumilikdə 22 ölkədən olan idmançılar mükafatçılar sırasında yer alıblar.

 

Cüdoçumuz bürünc medal əldə edib

Ulan-Bator Böyük Dəbilqə turniri davam edirTurnirin ilk günündə kişilər arasında 66 kq çəki dərəcəsində Yaşar Nəcəfov bürünc medal qazanıb. O, bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinə qalib gəlib.

 

Nərgiz İSMAYILOVA,

"Respublika".