DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN SENATIN DÖVLƏT BORCU İLƏ BAĞLI QƏRARINI ALQIŞLAYIB

ABŞ prezidenti Cozef Bayden Senat tərəfindən təsdiq edilmiş dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsinin qəbulunu dəstəklədiyini bəyan edib. Bu barədə “Trend” agentliyi Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Dövlət başçısı Konqresdəki hər iki partiyanın liderlərinə məsələyə operativ baxdıqlarına görə təşəkkür edib.

Eyni zamanda, Cozef Bayden vurğulayıb ki, bu ikitərəfli razılaşma Amerika iqtisadiyyatı və xalqı üçün olduqca əhəmiyyətli bir qələbədir. Prezidentin sözlərinə görə, bu məsələ üzərində iş davam edir, lakin razılaşma irəliyə doğru atılmış mühüm addımdır.

Məlumatə əsasən, ABŞ lideri həmçinin qanun layihəsini imzalamağa və Amerika xalqına müraciət etməyə hazır olduğunu da bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd  imzalanmaq üçün Cozef Baydenə göndəriləcək.

 

POLİTOLOQ: QƏRB ƏFQANISTANLA İRAN ARASINDA MÜHARİBƏYƏ ÇALIŞIR

Qərb Əfqanıstan və İran arasında müharibənin başlamasına çalışır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu iranlı politoloq Puya Hüseyni açıqlamasında qeyd edib.

Məlumata görə, Əfqanıstan-Taliban Hərəkatı ilə İran arasındakı son toqquşmalardan söz açan ekspert hər iki tərəfdən itkilərin olduğunu bildirib.

Politoloq “Taliban” hərbçilərinin tez-tez İran sərhədçiləri ilə toqquşduqlarını dilə gətirib: “Son aylarda Herat əyalətindəki İslam Qala keçid məntəqələrində və Nimroz vilayətindəki İpək Körpüsündə “Taliban” sərhədçiləri İran sərhəd qoşunları ilə bir neçə dəfə toqquşub. “Taliban” hətta sərhədi pozmağa, İran ərazisinə daxil olmağa və bir neçə saat ərzində bir iranlı sərhədçini ələ keçirməyə cəhd də edib”.

Puya Hüseyninin sözlərinə görə, “Taliban”ın İran ərazisinə hücumunun arxasında məhz Qərb dayanır. “İran Amerikanın öz qoşunlarını Əfqanıstandan çıxararkən, “Taliban”a milyardlarla dollar dəyərində silah-sursat buraxmasından şübhələnir”, - deyə politoloq vurğulayıb.

Bununla yanaşı, ekspert əlavə edib ki, hazırda tərəflər arasında gərginlik səngisə də, bir səhv müharibəyə səbəb ola bilər.

 

HİNDİSTANDA ETNİK TOQQUŞMALARDA 100-ə YAXIN İNSAN HƏLAK OLUB

Hindistanın Manipur əyalətində davam edən etnik zəmində toqquşmalar nəticəsində azı 98 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Bildirilir ki, daha əvvəl toqquşmalar nəticəsində 70-dən çox insanın öldüyü açıqlanmışdı.

Məlumata əsasən, iğtişaşlar davam etdiyi müddətdə 4 mindən çox bina yandırılıb. Minlərlə yerli sakin sığınacaq tapmaq üçün bölgəni tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Manipurda tayfalar arasında toqquşmaların baş verməsinin səbəbi Meytey tayfasından olan miqrantların ştatda qeydiyyata alınmış kasta statusu tələb etməsi ilə başlayıb. Bu status kasta üzvlərinə bir sıra imtiyazlar verir.

 

SÜNİ İNTELLEKT SINAQ ZAMANI OPERATORU ÖLDÜRMƏK İSTƏYİB

ABŞ-da sınaqlar zamanı süni intellektlə idarə edilən Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı tapşırığı yerinə yetirməsinə mane olan operatoru öldürmək qərarına gəlib. Bu barədə “Trend” agentliyi “The Guardian” qəzetinə istinadən xəbər verib.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin sınaqlar və süni intellekt əməliyyatları şöbəsinin polkovniki Taker Hamiltonun sözlərinə görə, təhlükənin müəyyən olunmasına baxmayaraq, operatorun onu məhv etməmək barədə əmri dronu qane etməyib. Nəticədə o, operatoru öldürməyə qərar verib.

Məlumata əsasən, bu, amerikalı hərbçilərin süni intellekti döyüş maşınında tətbiq etdiyi ilk sınaqlar deyil. Birləşmiş Ştatlar bu yaxınlarda həmin texnologiyanı “F-16” təyyarələrində də sınaqdan keçirib.

Qeyd edək ki, uzun müddətdir ki, həm siyasətçilər, həm də iri şirkətlərin başçıları süni intellekt sahəsində tənzimləmələrin həyata keçirilməsinə çağırır. Amerikalı məşhur iş adamı İlon Mask da öz növbəsində texnologiyanın insanlar üçün təhdid yarada biləcəyini nəzərə alaraq süni intellekt üzərində dövlət nəzarəti tətbiq etməyin vacibliyini dilə gətirib.

 

STRATEJİ SİLAHLARLA ƏLAQƏDAR RUSİYAYA MƏLUMAT VERİLMƏYƏCƏK

İyunun 1-dən etibarən ABŞ strateji silahlarının statusu və yeri ilə bağlı məlumatların Rusiyaya ötürülməsini dayandırıb. “Teleqraf.com”un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunur.

Dövlət Departamenti qeyd edir ki, ölkələr Strateji Silahların Azaldılması Müqaviləsi (START) çərçivəsində bu cür məlumat mübadiləsi aparıblar, lakin rəsmi Moskva bununla bağlı öhdəliklərini dayandırıb.

Eyni zamanda, açıqlamaya əsasən Vaşinqton Moskvaya qitələrarası və sualtı gəmilər üçün nəzərdə tutulmuş ballistik raketlərin buraxılışlarının sayı barədə məlumat verməyəcək, lakin belə buraxılışlar barədə Rusiyanı məlumatlandırmaqda davam edəcək.

Bununla yanaşı, ABŞ Rusiyaya START çərçivəsində Amerika ərazisində yeni yoxlamalar aparmağa icazə verməyəcək.

 

KXDR BMT-NIN BAŞ KATİBİNİ SƏRT ŞƏKILDƏ TƏNQİD EDİB

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilk kəşfiyyat peykini daşıyan raketin buraxılışını pisləyən BMT-nin baş katibi Antoniu Quterreşi sərt tənqid edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə KXDR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin rəhbəri Ço Çxol Sunun yaydığı bəyanatda bildirilir.

“Mən BMT baş katibinin hərbi kəşfiyyat peykinin buraxılmasını pisləyən “bəyanatına” qəti etirazımı bildirirəm və bunu BMT üzvü olan dövlətin təbii suveren hüquqlarını pozan kobud ədalətsiz, qeyri-mütənasib daxili işlərə müdaxilə kimi qiymətləndirirəm”, - deyə XİN rəsmisi vurğulayıb.

Bəyanatda həmçinin qeyd edilir ki, KXDR-in kosmosun tədqiqi üçün qanuni hüququ var və BMT-nin Pxenyandakı bu cür ritorikası “ABŞ və onun tərəfdarlarının KXDR-ə qarşı düşmənçilik siyasətinin məhsulu” hesab olunur. Həmçinin KXDR Xarici İşlər Nazirliyi hesab edir ki, Antoniu Quterreş BMT-nin baş katibi kimi onun suveren hüquqlarını həyata keçirən “dövlətin işlərinə qarışmamaq” üçün təcili həll yolları tələb edən digər beynəlxalq problemlərə daha çox diqqət yetirməlidir.

 

5 İL ÖNCƏ YOXA ÇIXAN ALMANIYALI MİLYARDER MOSKVADA TAPILIB

Beş il öncə İsveçrədə - Alp dağlarında yoxa çıxan və bir neçə aylıq nəticəsiz axtarışlardan sonra rəsmən öldüyü elan edilən amerikalı milyarder Karl-Erivan Haub Moskvada ortaya çıxıb. Bu barədə “Trend” agentliyi Alman mətbuatına istinadən xəbər verib.

Bildirilir ki, alman jurnalistlərin yeni araşdırmasına əsasən, milyarderin səhhəti mükəmməldir və Rusiyada yaşayır. Bu yaxınlarda kəşfiyyat orqanları onun şəxsiyyətini üzün tanınması sistemi vasitəsilə müəyyən ediblər.

Kölndə yaşayan və “Tengelmann” şirkətlər qrupunun rəhbəri olan Haub 2018-ci il aprel ayında İsveçrənin kurort şəhəri olan Zermattdakı oteldən çıxaraq xizək sürmək üçün Alp dağlarına gedib. Ertəsi gün polisə onun itkin düşdüyü barədə məlumat verilib. Milyarder bir daha qaldığı otelə qayıtmayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.