SİNAN OĞAN SEÇKİLƏRDƏ KİMİ DƏSTƏKLƏYƏCƏYİNİ AÇIQLAYIB
Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Sinan Oğan mayın 22-də keçirdiyi brifinqdə prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.
Eyni zamanda, Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib. O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.
Sinan Oğan mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.
“Bu danışıqların nəticəsi olaraq bəyan edirəm ki, biz “Cümhur İttifaqı”nın namizədini dəstəkləyəcəyik. Bizə səs verənləri Ərdoğanı dəstəkləməyə dəvət edirəm” - deyə Sinan Oğan qərarını açıqlayan zaman bildirib.
Eyni zamanda, məlumata görə, Sinan Oğanın rəhbərlik etdiyi “Ata İttifaqı” fəaliyyətini dayandırıb. Bu barədə quruma daxil olan Zəfər Partiyasından bildirilib.
ANTONİU QUTERREŞ: BMT-də İSLAHATLARA EHTİYAC YARANIB
BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları “bugünkü dünyanın reallıqlarına” uyğunlaşdırmaq lazımdır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş Hirosimada keçirilən “G7” sammitindən sonra mətbuat konfransında bildirib.
“Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, - deyə A.Quterreş vurğulayıb. BMT-nin baş katibinin sözlərinə görə, “COVID-19” pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı “iqtisadi sarsıntılar qarşısında” qlobal maliyyə sistemi “qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib”.
Xatırladaq ki, aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Antoniu Quterreşin açıqlamasına əsasən, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini tələb edir.
RUSİYADAN TÜRKİYƏYƏ GƏLƏN TURİSTLƏRİN SAYI AZALIB
Rusiyadan Türkiyəyə gələn turistlərin sayında azalma müşahidə olunur. “Report” agentliyinin xəbər verdiyi kimi, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Nazir bildirib ki, CHP sədri Kamal Kılıçdaroğlunun Rusiyaya embarqo qoyulacağı ilə bağlı vədindən sonra Türkiyəyə səyahət edən turistlərin sayı kəskin azalıb.
Bununla yanaşı, nazir əlavə edib ki, 2022-ci ildə Rusiyadan Türkiyəyə 5,2 milyon nəfər turist gəlib. Lakin bu il mayın 1-də Rusiyadan gözlənilən turist sayında azalma olub.
Mövlud Çavuşoğlu bunun səbəblərini də açıqlayıb: “Müharibədən sonra ruslar arasında qorxu yarandı. Bunu Avropada yaşatdılar. Dərhal hava məkanı bağlandı və s. Həmin vaxt “Türk Hava Yolları” olmasaydı, Avropadakı ruslar ölkəyə qayıda bilməyəcəkdilər”.
XİN başçısı qeyd edib ki, seçki zamanı həyat davam edir və diplomatiyanın da davam etməsi lazımdır. Çavuşoğlu həmçinin taxıl müqaviləsi çərçivəsində 950-dən çox gəmi ilə 30 milyon tondan çox taxıl daşındığını xatırladıb.
SAKİT OKEANIN ADA DÖVLƏTİNDƏ “COVID-19”A İLK YOLUXMA QEYDƏ ALINIB
Sakit okeanın ada dövləti olan Tokelau hökuməti koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra karantin elan edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə ölkə hökumətinin açıqlamasında qeyd olunur.
Məlumata əsasən, Tokelauda virusa yoluxmuş şəxs xəstəxanada təcrid olunub, lakin hakimiyyət orqanları dövlətə aid hər üç atollda ciddi karantin tədbirləri tətbiq etmək qərarına gəliblər.
Eyni zamanda, Səhiyyə Nazirliyində xəstənin nə vaxt yoluxduğunu, həmçinin yoluxma mənbəyini müəyyən edə bilmədiklərini və buna görə də bütün ölkə ərazisində sanitar məhdudiyyətlərin tətbiq olunacağını diqqətə çatdırıblar.
Qeyd edək ki, Tokelau Sakit Okeanın cənubunda yerləşən Yeni Zelandiyanın özünüidarə etməyən ərazisidir. Ölkədə indiyədək koronavirusa yoluxma halı qeydə alınmamışdır.
UKRAYNADAKI MÜHARİBƏ RUSİYA ƏRAZİSİNƏ SIÇRADI
“Azad Rusiya” legionu və “Rusiya Könüllülər Korpusu” nun hərbçiləri Rusiyanın Belqorod vilayətində əməliyyat keçirirlər. Məqsəd Ukraynanın mülki əhalisini qorumaq üçün təhlükəsizlik zonası yaratmaqdır. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
“Bu gün Rusiya vətəndaşlarından ibarət “Rusiya Könüllülər Korpusu” və “Azad Rusiya” legionu Belqorod vilayətinin ərazilərini azad etmək, düşməni geri çəkmək və Ukrayna vətəndaşlarının müdafiəsi üçün müəyyən təhlükəsizlik zonası yaratmaq üçün əməliyyata başlayıb”, - deyə Andrey Yusov vurğulayıb.
Rusiyanın “Telegram” kanalları Belqorodda baş verən hadisələrə görə, “ukraynalı diversantları” və ya “partizanları” ittiham edirlər.
Mayın 22-də səhər saatlarında isə yuxarıda adı çəkilən qrupların döyüşçüləri Belqorod vilayətində nüvə silahı anbarının yaxınlığında yerləşən Rusiyanın “Qrayvoron” keçid məntəqəsinin mühasirəyə alındığını açıqlayıblar.
Aİ ÖLKƏLƏRİ TƏBİİ FƏLAKƏTLƏ BAĞLI İTALİYAYA YARDIM EDİR
İtaliya hakimiyyəti bazar günü xüsusilə Emiliya-Romanya bölgəsinə təsir edən şiddətli daşqınlar və torpaq sürüşmələri səbəbindən Avropa İttifaqının mülki müdafiə mexanizmini işə salıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasından bildirilib.
Avropa İttifaqı mülki müdafiə mexanizmi vasitəsilə Avstriya, Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Fransa İtaliyaya müxtəlif avadanlıqların göndərilməsini təklif edib. Verilən xəbərə görə, bu avadanlıqlar sırasında başlıca yeri iriqabaritli su nasosları tutur.
Brüsseldə qeyd ediblər ki, Avropanın fövqəladə hallara reaksiya üzrə koordinasiya mərkəzi İtaliyanın hakimiyyət orqanları ilə daimi əlaqədədir və Aİ zərurət yaranacağı halda əlavə yardım göstərməyə hazırdır.
Eyni zamanda, bildirilir ki, Aİ-nin “Copernicus” peyk sistemi İtaliyanın mülki müdafiə orqanının tələbi ilə su altında qalmış ərazilərin xəritəsini də təqdim edib.
NYU-YORK ŞƏHƏRİ GÖYDƏLƏNLƏRİN AĞIRLIĞINDAN ÇÖKÜR
ABŞ-ın Nyu-York şəhəri göydələnlərin ağırlığına görə hər il 1-2 millimetr çökür. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmətinin mütəxəssisləri göydələnlərin başda Manhetten bölgəsi olmaqla şəhərin geoloji quruluşuna təsirini araşdırıb.
Məlumata əsasən, tədqiqat zamanı 8 milyondan çox adamın yaşadığı Nyu-York şəhərinin bəzi yerlərində göydələnlərin kütləsi səbəbindən hər il çökmənin müşahidə olunduğu qeyd edilib.
Bununla yanaşı, sözügedən çökmənin miqyası kiçik, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas etdiyi bildirilib.
“Sahil şəhərləri qlobal miqyasda böyüdükcə artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın təhlükəsinin artması deməkdir. Daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələridir”, - deyə ekspertlər vurğulayıblar.
Qeyd edilir ki, Nyu-Yorkdakı bütün binaların kütləsinin hesablandığı və Yer səthinə etdikləri təzyiq nəticəsində yaranan çökmənin modelləşdirildiyi araşdırmada peyk məlumatlarından istifadə olunmaqla çökmənin təfərrüatlı qrafik görüntüləri də hazırlanıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.