Ermənistan sülhə məcbur edilməlidir
Digər xəbərlər

Ermənistan sülhə məcbur edilməlidir

Delimitasiya və demarkasiyanın gecikdirilməsi qarşı tərəfin bu proseslərdə maraqlı olmadığını göstərir

Cənubi Qafqazda siyasi-hərbi sabitliyin təmin edilməsi üçün Azərbaycan var gücü ilə çalışır, təkliflər irəli sürür, iqtisadi planlarla regionu yeni ticarət zonasına çevirir. Digər tərəfdən, xain düşmən məkrli planlarını həyata keçirmək üçün beynəlxalq məkanda öz havadarları ilə birlikdə nəinki Azərbaycanın, bütün Qafqazın gələcəyini təhlükə altına qoyur. Ölkədaxili çəkişmələr, siyasi elitada baş verən hadisələr Ermənistandakı xaosdan xəbər verir. Geosiyasi müstəvidə baş verən hadisələr birmənalı olaraq qonşu dövlətlərə də təsir edir.

Azərbaycanın timsalında regionda əməkdaşlığa açıq olan dövlətlərlə müsbət əlaqələr qurmayan, əksinə, mövcud tranzit yollarında təxribatlar törətməyə cəhd edən Ermənistan destabil vəziyyətin yaradılmasında birbaşa iştirakçıdır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər hayların sərsəm xəyallarını puç etmiş oldu. Baş nazir Nikol Paşinyan bu yaxınlarda çıxışında bildirdi ki: "Beləliklə, "böyük Ermənistan" xəyalının sonuna gəldik". Bu ifadənin gerçək mənasından savayı, daxilən baş verən siyasi, iqtisadi və hərbi kollapsın göstəricisi olması da sirr deyil. Məhz bu səbəbdən, artıq haylar Azərbaycanın hələ də uzatdığı sülh əlini sıxmalı, regiondakı iqtisadi-siyasi kanallara qoşulmalıdır.

Prezident İlham Əliyev öz çıxışlarında bildirirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik və belə də oldu. Qarabağ və ətraf ərazilərimiz düşmən tapdağından xilas edildi. Mövcud siyasi çərçivədə isə regional maraqların kəsişdiyi yer məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan yaxşı dərk etməlidir ki, Azərbaycana qarşı heç bir çirkin plan həyata keçməyəcək. Buna görə işğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq.

Ermənistanın və havadarlarının 30 illik işğal dövründə qurduqları xəyallara, yaratdıqları miflərə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyuldu. Ölkə başçımızın "Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək" bəyanatı haylara və havadarlarına növbəti xəbərdarlıqdır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın hər bir çıxışının, müraciətinin sonunda qətiyyətlə səsləndirdiyi "Qarabağ Azərbaycandır!" çağırışı Azərbaycanın haqq işini bütün dünyaya çatdırır. Prezident Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, 30 ilə yaxın işğal dövründə baş verənləri unutmuruq və unutmayacağıq. Müharibədən əvvəl işğalçı ölkənin baş naziri "Qarabağ Ermənistandır və nöqtə" fikirlərini səsləndirərək ölkəmizin haqq işinə kölgə salarkən təcavüzkarın arxasında dayanan qüvvələr, o cümlədən keçmiş Minsk qrupunun həmsədri olan dövlətlər bu bəyanata heç bir reaksiya vermədilər. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra da ölkəmizə qarşı saysız-hesabsız ədalətsiz addımlar atıldı, çirkin əməllər törədildi və çox təəssüflər olsun ki, bu iyrənc proses bəzi hallarda davam etməkdədir.

"Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır", - deyən ölkə başçımız Azərbaycanın mövcud regional maraqlarının qeyd-şərtsiz həyata keçirilməsi prosesini reallaşdıracaq. Bu proses avtomatik olaraq Qarabağın tam şəkildə Azərbaycanın yurisdiksiyasına keçməsi demək olacaq. Çünki qısaca və hər kəsin başa düşdüyü dillə desək, dövlət sərhədi ölkənin səthinə perpendikulyar olan, dövlətin ərazisinin sərhədlərini müəyyən edən, verilmiş dövlətin yurisdiksiyası daxilində uzanan xətlərdir, yəni ərazi dövlət suverenliyinin sərhədləri daxilindədir. Bununla yanaşı, delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Azərbaycanın sərhədlərinə bitişik kəndlərin qaytarılacağı şübhəsizdir, Ermənistan ərazisində anklavda olanların əvəzində isə Ermənistan ərazilərinin Azərbaycana verilməklə reallaşacağı ehtimal olunur. Delimitasiya prosesi iki ölkə arasındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatacaq. Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demarkasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir. Sülh müqaviləsinin imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində Ermənistana məxsus hərbi birləşmələrin də fəaliyyətinə son qoymaq etapı başlayacaq. Digər tərəfdən, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müddəa üçtərəfli Bəyanatın əsas tələblərindəndir. Ancaq öhdəliklərinə əməl etməyən məğlub Ermənistan ona məxsus hərbi birləşmələri ərazilərimizdən bütünlüklə çıxarmağa tələsmir. Ermənistan bunu öz xoşu ilə etməlidir, əks halda, Azərbaycan dəmir yumruğunu yenidən Hayastan üzərinə endirəcək.

Nurlan ABDALOV,

"Respublika".