ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Quş cəsədlərindən dronlar hazırlanıb

Elm adamları ölmüş quş cəsədlərindən istifadə edərək hərbi məqsədlər və vəhşi təbiətdə casusluq etmək üçün dron  hazırlayıblar.

Trthaber.com veb saytının yaydığı xəbərə görə, bu yaxınlarda Amerika Aeronavtika və Astronavtika İnstitutunun "SciTech-2023" Forumunda təqdim edilən tədqiqat işi dronların  hərbi məqsədlər üçün istifadəsinin mümkün olduğunu göstərir. Quşların ümumi görünüşünü və hərəkətlərini modelləşdirmək üçün onların mumiyalanmış  hissələrini  süni dron mexanizmləri ilə birləşdirən alimlər, hazırladıqlar dronların hətta bir gün casusluq etmək üçün vəhşi təbiətə buraxılacağını söyləyirlər.   

Qeyd edək ki, qanad çalan dronlar quşun uçuş prosesindən ilhamlanır və hərəkət üçün pərvanələr də daxil olmaqla mexaniki hissələrdən istifadə edilərək hazırlanıb. Onlardan bəziləri əsl qırqovula bənzəyir. Hətta dronların iki sınaq uçuşu uğurla həyata keçirilib.

Tədqiqatçılar yenidən işlənmiş modellərin aerodinamik çırpınma xüsusiyyətlərini yoxlamaq üçün üçölçülü çırpma və aerodinamik simulyatorlardan istifadə ediblər. Onların fikrincə, dronların hazırlanmasında süni materiallara etibar etməkdənsə, ölü quşların yenidən dizaynı daha təbii görüntü və funksionallıq əldə etmək üçün əlverişli ola bilər.

Alimlərin sözlərinə görə, bu cür dronların hazırlanması çətin olsa da, tədqiqat məqsədləri üçün çox praktikdir və təbiətə heç bir zərər verməyəcək.

 

Robot qol rəssamlara assistentlik edəcək

Süni intellekt və robot texnologiyası inkişaf etdikcə bəzən onların istifadə olunacağı müəyyən sahələrdə mübahisələrə də səbəb olur. Xüsusilə incəsənət dünyasında texnologiyanın yaratdığı sənət əsərlərinə qarşı çıxılsa da, bu dəfə tədqiqatçılar rəssamlara kömək etmək məqsədilə robot qol ixtira ediblər. Bu yenilik daha çox hərəkət məhdudiyyətli insanların işinə yaraya bilər.

Carnegie Mellon Universitetinin tədqiqatçıları rəssamların işini asanlaşdırmaq, onlara assistentlik etmək üçün  "FRIDA" adlı robot qol hazırlayıblar.

Dünyaşöhrətli meksikalı rəssam Frida Kalo və eyni zamanda "Framework and Robotics Initiative for Developing Arts" (İnkişaf etməkdə olan İncəsənət üçün Çərçivə və Robotik Təşəbbüs) tədqiqat layihəsinin adını daşıyan robot qolu fotolar və musiqi əsasında rəsmlər çəkə bilir. Sıfırdan yeni əsərlər yaradan digər süni intellekt texnologiyalarından fərqli olaraq, "FRIDA" istedadı olan, lakin ideyalarını həyata keçirə bilməyən əmək qabiliyyətini itirmiş  əlil insanlara kömək etmək məqsədi daşıyır.

 

 

 

 

ChatGPT çat-botun alternativi yaradılacaq

Çinin ən iri elektron ticarət platformalarından  olan  "JD.com" süni zəka əsaslı ChatGPT çat-botunun alternativini yaratmağı planlaşdırır.

Sözügedən şirkət son zamanlarda "OpenAI" şirkətinin böyük məşhurluq qazanmış ChatGPT çat-botu ilə rəqabət apara biləcək alternativ texnologiyaların yaradılmasını elan etmiş Çin şirkətlərinin siyahısına daxil olub. Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı  ChatGPT çat-botun alternativi ChatJD adlanacaq.

Pərakəndə satış və maliyyə ilə bağlı tapşırıqların öhdəsindən gələ biləcək çat-bot  həm lazımi kontentləri tərtib edə, həm də insanlarla dialoqu dəstəkləyə biləcək. Şirkətdən  verilən məlumata görə, süni zəka əsaslı çat-bot ticarət platformalarında olan məhsulların təsvirlərini tərtib və maliyyə göstəricilərini də analiz edəcək. Bununla yanaşı, çat-botun elektron kommersiya, logistika və ödənişlər sahəsində istifadə edilməsi də planlaşdırılır. Qeyd edək ki, "OpenAI" şirkətinin ChatGPT çat-botu da eynilə insanların suallarına cavab verməklə yanaşı, onların təqdim etdikləri mətn formatında qısa təsvirlər əsasında müxtəlif kontentlər tərtib edə bilir.

Məlumat üçün bildirək ki, Microsoft öz növbəsində "OpenAI" şirkətinin və ümumilikdə ChatGPT layihəsinin ən böyük dəstəkçisidir. Keçən həftə şirkət ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan funksiyaları əldə etmiş yeni Bing axtarış sistemini və Edge brauzerini sərgiləmişdi. ChatGPT-nin insanlar arasında tez bir zamanda məşhurlaşması öz növbəsində bütün dünyada informasiya texnologiyaları şirkətlərinin alternativ variantlar hazırlamağa başlamalarına səbəb oldu. Buna misal olaraq "Google"un   Bard adlı çat-botu anons etməsini, "Alibaba" şirkətinin isə ChatGPT-nin alternativi üzərində çalışdığını göstərmək olar.

 

Robotlar bunu da bacardılar... 

Texnologiya dünyasının diqqət mərkəzində olan robot sistemləri gündəlik həyatımızın demək olar ki, hər bir sahəsinə müdaxilə etməyə davam edir. Bu dəfə isə robotlardan yanacaq doldurma məntəqələrində istifadə ediləcək.     

Danimarkanın  "Autofuel" şirkəti tərəfindən hazırlanan robot yanacaqdoldurma sistemi avtomobildən düşmədən yanacaq doldurmağa imkan verəcək. Yeni sistem əlillər və ya hərəkət məhdudiyyətləri  olan sürücülər üçün xüsusilə faydalı ola bilər.

Yanacaq doldurmaqla yanaşı, müştərilərin kimliyini də müəyyən edən sistem, həmçinin  ödənişləri qəbul etməyə kömək edə bilir. Bundan əlavə, sürücülərin monitorda yanacaqdoldurma prosesini izləyə bilməsi və robotun  tapşırığı yerinə yetirdikdə onların xəbərdar edilmələri sistemin digər üstünlüklərinə daxildir. Əməliyyatın baş tutması üçün isə sürücülər ilk növbədə  sistemdən qeydiyyatdan keçməli və xüsusi yanacaq çəni qapağı əldə  etməlidirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".