Döyüş meydanında alınan qisas
Digər xəbərlər

 Döyüş meydanında alınan qisas

Tarixi vərəqlədikcə ermənilərin azərbaycanlılara, qardaş türklərə qarşı müxtəlif üsullarla törətdikləri faciələrin, dəhşətli qırğınların, işğalın, dağıntıların şahidi oluruq. Təkzibolunmaz tarixi qaynaqlar, şahidlərin söylədikləri sübut edir ki, erməni terror dəstələri 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı kəndini yandırıb, on minlərlə insanı qətlə yetirib. Eyni dəst-xətlə ermənilər tərəfindən törədilən qətllər və dağıntılar 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, Şərqi Zəngəzurda və Qarabağda baş verib. Nəhayət, 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistanın işğalına son qoyuldu, qəhrəman silahlı qüvvələrimiz düşmən ölkənin ordusunu döyüş meydanında məğlub etdi, Qalib Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və siyasi məharəti sayəsində düşmən ölkə kapitulyasiya aktına qol çəkməyə məcbur edildi.

“Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib! Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar”. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən Ağdam şəhərinə səfəri zamanı dediyi bu sözlər erməni faşizminin iç üzünü və çirkin mahiyyətini bütün dünyaya çatdırdı. Adları çəkilən həmin erməni cinayətkarlar 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsində, diri-diri torpağın altına basdırılmasında, uşaqlara amansız işgəncələrin verilməsində iştirak ediblər. XX əsrin 90-cı illərində ermənilər Qarabağda azərbaycanlılara qarşı vəhşiliklə, qəddarlıqla törətdikləri hərbi cinayətlərin ən ağır nəticələri Qaradağlı kəndində  özünü göstərib.

Qaradağlı kəndi Xocavənd (keçmiş Martuni) rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə, Xonaşen çayının sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olub. Qədimdən kənddə  bir sıra  tirə və tayfalar yaşayıb. XX əsrdə Qaradağlı kəndi ermənilər tərəfindən beş dəfə dağıdılıb və yandırılıb, əhalisinə qarşı sözün əsl mənasında soyqırımı törədilib: 1905, 1907, 1915, 1918 və 1992-ci il fevralın 17-də.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi Ermənistan silahlı  birləşmələri, ARAMO və ARABO erməni terrorçu dəstələri, beynəlxalq axtarışda olan qatil Monte Melkonyanın cinayətkar dəstəsi və muzdlular tərəfindən işğal olunub. Həmin vaxt kənddə olan 118 nəfər əsir götürülüb. Əsir götürülənlərdən əksəriyyəti gənclər olub. Onlardan 33 nəfərini ermənilər kəndin yaxınlığında vəhşicəsinə güllələyib, öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqla örtüblər. Əsir götürülənlərdən 91 nəfəri öldürülüb, onlardan 52 nəfəri böyük çətinliklə erməni əsirliyindən xilas edilib. Erməni canilər tərəfindən kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, bir ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Bu quru rəqəmlərin arxasında bir kəndin sakinlərinin misli görünməyən faciəsi dayanır. Erməni əsirliyində olan kənd sakinlərinin bəzilərinin başı kəsilib, bəziləri diri-diri basdırılıb, bəzilərinin dişləri zorla çıxarılıb, onları günlərlə ac-susuz saxlayıblar. İşğal nəticəsində kənddə 200 ev, mədəniyyət evi, 320 yerlik məktəb binası, 25 çarpayılıq xəstəxana, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb. Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda döyüşüblər. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda edərək Vətən, doğma torpaq uğrunda şəhid olub.

Möcüzə nəticəsində sağ qalan kənd sakinlərinin bəziləri qışın şaxtasında dağları aşaraq, dərələri keçərək özlərini Ağdama çatdıra biliblər. Qaradağlı kənd sakini Məhəmmədəli Bayramov bildirir ki, 1990-cı ildən başlayaraq ermənilər kəndə silahlı hücumlar etməyə başladılar. Onlar kəndə mebel satmağa gələn 3 nəfəri öldürdülər. Sonra kəndin yaxınlığındakı mal fermasında bir nəfəri yaraladılar. 1991-ci ildə həm kəndi, həm də mal fermasını atəşə tutdular. Biz fermaya gedəndə gördük ki, aralarında qadınlar da olmaqla 6 nəfəri yandırıblar. 1992-ci ildə vəziyyət daha da gərginləşdi. Ermənilər kəndimizin sakinlərinə qarşı dəhşətli cinayətlər törətdilər. Bizim ailədən də 4 nəfər – atam, qardaşım, bacım qətlə yetirildi, bir qardaşım itkin düşdü... 

Kənd sakini Məlahət Tağıyeva deyir: - Qaradağlı bizim yaralı, ağrılı yerimizdir. Camaatımız çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, kənddə hər bir ailə faciə ilə üzləşib. Qaradağlıda atamı, qardaşımı, qardaşımın oğlunu, dayımı, qaynımı, əmilərimi, əmim oğlanlarını itirmişəm. Hamısı mənim doğmalarım idi. Mən faciə törədilməmişdən əvvəl kənddən çıxmışdım. O zaman 22 yaşım var idi. Heç yadımdan çıxmaz. Faciədən sonra əsir və girovluqdan azad olan həmkəndlilərimizdən yaxınlarımızı, itkinlərimizi soruşurduq. Onların dedikləri bizi dəhşətə gətirirdi. Bu faciəni unutmaq mümkün deyil. 

Faciənin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayaraq kədərlə danışır: - Ermənilər fevralın 14-də kəndə hücuma keçdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz döyüşdük. Ayın 17-də gülləmiz qurtardı. Kənd sakinlərini iki “KamAZ”a yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı “Pir” deyilən yerə qədər piyada gətirdilər. Yolda Şahmurad kişini öldürdülər. Burada “KamAZ”a mindik, ermənilər Eldarı yerə düşürdülər, ağacla döyüb öldürdülər. Sonra dedilər ki, 10 nəfər maşından düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutmağa başladılar. Maşındakıların çoxu öldürüldü. Mən yaralanmışdım. Məni və bir neçə kənd sakinini Malıbəyli körpüsündə digər həmkəndlilərimizdən ayırıb Xankəndiyə apardılar. Bizi səhərə qədər döydülər. Xankəndidəki həbsxanada mənim dişlərimi inşaat kəlbətini ilə zorla çəkdilər. Ermənilər hər gün bizi bir neçə saat döyür, işgəncə verir, əzalarımıza dağ basırdılar. İki nəfər Qaradağlı, 28 nəfər Xocalı sakini ilə  bir yerdə idik. Səhərə kimi o  adamlardan 4 nəfəri sağ qalmışdı. Həmin il mart ayının 17-də ağdamlı komandir Allahverdi Bağırovun köməyi ilə əsirlikdən azad oldum.

 Qaradağlı kənd sakini Tapdıq Tağıyev bildirir ki, 1992-ci ilin fevral ayında ermənilər böyük qüvvə ilə dörd tərəfdən kəndimizə hücum etdilər. Bundan əvvəl ermənilər kəndə hücum edəndə axıra kimi döyüşərək onların hücumlarını dəf edirdik. Lakin fevralın 17-də silah-sursatımız tükəndiyi üçün ermənilər kəndi işğal etdilər. Kənd camaatının hamısını əsir götürdülər, cavanları bir maşına, qocaları isə digər maşına yığaraq Xankəndi istiqamətinə apardılar. Kəndimizin yaxınlığındakı “Bəylik bağı” adlanan ərazidə maşınları saxlayaraq bir neçə cavan oğlanı öldürdülər. Xankəndidə ermənilər bizə çox işgəncə verdilər. Sutkada 6 nəfərə bir stəkan su verir, bizi günlərlə ac saxlayırdılar. Deyirdilər ki, sizi xaricə aparıb qul kimi satacağıq. Ağıla gəlməyən işgəncələrlə inamımızı qırmağa çalışırdılar. Aprel ayında əsirlikdən azad ediləndə 17 kilo qalmışdım, yeriyə bilmirdim, indi də bədənimdə salamat bir orqan yoxdu, hamısı zədəlidir.

Qaradağlı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun 80377 saylı cinayət işində tam sübuta yetirilib ki, Birinci Qarabağ müharibəsində ermənilərlə yanaşı, muzdlular, erməni terror təşkilatlarının üzvləri döyüşlərdə iştirak ediblər. Onlardan biri Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində türklərə qarşı terror aktları törədən, “ASALA” terror təşkilatının üzvü Monte Melkonyan olub. Azərbaycan əsgərləri tərəfindən Qarabağda məhv edilən Melkonyana Ermənistan dövləti milli qəhrəman adı verib. Terrorçunun qardaşı yazır ki, “Arabo” və “Aramo” terrorçu dəstələrinin döyüşçüləri Qaradağlı kəndinin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdılar. Ermənilər əsirləri güllələməyə başladılar və bıçaqları ilə onları doğradılar. Aştarakdan olan dəstənin Edo adlı üzvü bir neçə nəfərin üzərinə benzin tökərək yandırdı.

Hər il olduğu kimi, faciə qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Xocavəndlilər erməni vəhşiliyi ilə üzləşən həmyerlilərinin yarımçıq qalan taleyindən danışıblar. Bu faciə uzun illərdir ki, qaysaq bağlamır, soyqırımı qurbanlarının ruhu dinclik tapa bilmirdi. Vətən müharibəsində cəbhədə erməni silahlı qüvvələrinin təxribat-diversiyasının qarşısını yüksək peşəkarlıqla alan milli ordumuz düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğalçılardan azad etdi. Canlı qüvvə və hərbi texnika itkisinə məruz qalan Ermənistan ciddi zərbələr aldı. Hazırda Xocavənd rayonunun Qaradağlı, Muğanlı, Əmiralılar və Kuropatkino kəndləri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasındadır. Qaradağlı kəndinin sağ qalan sakinlərində böyük bir ümid yaranıb. Vətən müharibəsindəki şanlı Qələbə bütün şəhidlərimizin ruhuna dinclik gətirdi, onların qisası düşməndən döyüş meydanında alındı. Qarabağdakı işğalçılar ağır zərbələr alaraq məhv edildi, Ermənistan diz çökdürüldü. Qaradağlılar doğma kəndlərinə qayıdacaqlarına indi daha çox inanırlar...

Salman ALIOĞLU,

“Respublika”.