DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ ÜÇÜN Aİ-NIN FÖVQƏLADƏ VƏZİYYƏTƏ REAKSİYA MEXANİZMİ İŞƏ SALINIB

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İsveç Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Aİ-nin ən yüksək fəlakətlərə cavab sistemi olan İnteqrasiya edilmiş Siyasi Böhranlara Müdaxilə Sisteminin (IPCR) tətbiqinə təşəbbüs göstərib. “Trend”in agentliyinin məlumatına görə, bu barədə İsveç sədrliyinin açıqlamasında bildirilib.

“İsveç sədrliyi fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərə cavab olaraq Aİ-nin yardımını koordinasiya etmək üçün İnteqrasiya edilmiş Siyasi Böhrana Cavab Sistemini aktivləşdirməyə qərar verib. Koordinasiya iclası bu gün Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib”, - deyə açıqlamada qeyd olunub.

Məlumata əsasən, bu sistem təbii və texnogen fəlakətlərə reaksiyanın ən yüksək formasıdır. Qüvvəyə minən Avropa Mülki Müdafiə Mexanizmindən fərqli olaraq, IPCR çərçivəsində Aİ ölkələrinin köməyini əlaqələndirmək üçün daimi fəaliyyətə təkcə fövqəladə hallar üzrə mütəxəssislər deyil, Avropa İttifaqı qurumlarının və ittifaq dövlətlərinin yüksək rütbəli rəsmiləri də daxil edilib.

Bildirilir ki, nəzəri olaraq, bu, qərarların qəbulunu sürətləndirməli və daha qısa müddət ərzində böyük həcmdə ünvanlı yardımın ayrılmasını asanlaşdırmalıdır.

 

BƏHREYN İRANA XƏBƏRDARLIQ EDİB

Bəhreynin ordu komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İrana xəbərdarlıq edərək region ölkələrinə qarşı düşmənçiliyə son qoymasını tələb edib. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı “Fars” agentliyi yayıb.

Ordu komandanı İran hakimiyyətini bölgədə terror törətməkdə və sabiltiyi pozmaqda ittiham edib. O, körfəz ölkələrinə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olduğu üçün Tehran rejiminə etibar etmədiklərini vurğulayıb.

Eyni zamanda, komandan İran hakimiyyətini davam edən düşmənçilik siyasətinə son qoymağa çağırıb: “Körfəz İqtisadi Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilər və biz bütün variantlara hazırıq”.

Komandan Yəməndəki “Ənsarullah” silahlı qruplaşmasını terror fəaliyyətində ittiham edərək bildirib ki, onlar İran hakimiyyətinin planını reallaşdırırlar.

 

YAPONİYA RUSİYA İLƏ SÜLH MÜQAVİLƏSİ BAĞLAMAQ NİYYƏTİNDƏDİR

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida açıqlayıb. Siyasətçinin sözlərinə görə, belə bir razılaşmanın olmaması təəssüf doğurur.

Eyni zamanda, Fumio Kisida qeyd edib ki, hazırda Yaponiya-Rusiya münasibətləri “çətin vəziyyətdədir”. O, bildirib ki, ikinci Dünya müharibəsinin bitməsindən 77 il keçməsinə baxmayaraq, ölkələr arasında həll olunmayan problemlər qalmaqdadır və bunlar həll edilməlidir.

“Yaponiya hökuməti ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaqda qərarlıdır”, - deyə Fumio Kisida vurğulayıb.

Qeyd edək ki, SSRİ və Yaponiya arasında 1956-cı ildə birgə bəyannamə imzalanıb. Bəyannaməyə əsasən, Moskva sülh müqaviləsi bağlandıqdan sonra Kiçik Kuril silsiləsi Habomai və Şikotan adalarının Yaponiyaya verilməsi imkanını nəzərdən keçirməyə razılaşıb. Lakin Yaponiya Kunaşir və İturup da daxil olmaqla bütün adalara olan iddialarından əl çəkməyib. Sonrakı danışıqlar heç bir nəticə verməyib.

 

TÜRKİYƏDƏ BAŞ VERƏN ZƏLZƏLƏ NEFTİN QİYMƏTİNƏ DƏ TƏSİR EDİB

Dünyanın fond birjalarında neftin qiymətlərində artım müşahidə olunur. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, İnvestorlar Türkiyə və Suriyadakı dağıdıcı zəlzələnin nəticələrini qiymətləndirməklə yanaşı, Çindən tələbatla bağlı optimist gözləntiləri qoruyub saxlayırlar.

Qeyd edək ki, Türkiyə və Suriyadakı dağıdıcı zəlzələ bazar ertəsi baş verib. Məlumata görə, zəlzələ nəticəsində Türkiyənin Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Suriyada isə Tartus əyalətində ən böyük neft emalı zavodunun fəaliyyəti dayanıb.

Bununla yanaşı, treyderlər əvvəlki kimi karantin məhdudiyyətləri zəiflədikdən sonra Çindən tələbatın canlanacağına ümid edirlər ki, bu da iqtisadi proqnozlara öz müsbət təsirini göstərib. Çin dünyada ən böyük neft istehlakçılarından və idxalçılarından biridir, bu səbəbdən ölkənin iqtisadiyyatı ilə bağlı gözləntilər neftə tələbat proqnozlarına təsir göstərir.

İnvestorlar həmçinin “Saudi Aramco” şirkətinin ötən gün Asiya, Avropa və ABŞ istehlakçıları üçün neftin mart ayı üzrə buraxılış qiymətlərini artırdığına diqqət yetiriblər.

 

ZELENSKİ BU ÇƏTİN GÜNÜNDƏ TÜRKİYƏNİ UNUTMADI

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə humanitar yardımın göstərilməsi ilə bağlı qərar imzalayıb. “Teleqraf.com”un xəbərinə görə, qərar Ukrayna prezidentlinin rəsmi saytında dərc olunub.

Məlumatda qeyd olunur ki, prezident Volodimir Zelenski “Humanitar Yardım haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq zəlzələ yaralarının sağalmasına töhfə vermək üçün Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında qərar imzalayıb.

Rusiya ilə müharibənin davam etdiyi vaxtda Ukrayna prezidentinin verdiyi qərar sosial şəbəkələrdə rəğbətlə və duyğusal ifadələrlə qarşılanıb.

Eyni zamanda, Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanın Ukraynanın axtarış-xilasetmə qrupunun türk xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini bəyan edib.

Qeyd edək ki, episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə müxtəlif ölkələrdən yardımlar davam edir.

 

RUSİYA MÜDAFİƏ NAZİRLİYİ SÜLHMƏRAMLILARLA BAĞLI TƏKLİF İRƏLİ SÜRÜB

Rusiyanın Müdafiə Nazirliyi bütün hərbçilərin, o cümlədən çağırışçıların sülhməramlı missiyada iştirak etməsi barədə təklif irəli sürüb. “Report”un “RBK” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Müdafiə Nazirliyi qanun layihəsi hazırlanıb.

Bildirilir ki, nazirlik hərbi və mülki heyətin sülhməramlı missiyada iştirakının təmin olunması qaydası haqqında qanuna dəyişiklik təklif edir.

Bununla yanaşı, mövcud əsasnaməyə əsasən, sülhməramlı missiyada yalnız hərbi qulluqçular, müqavilə əsasında işləyən və ilkin xüsusi hazırlıq keçmiş işçilər könüllülük əsasında iştirak edə bilərlər.

Rusiya Prezidentinin Dövlət Hüquq İdarəsi  qeyd edib ki, yeni düzəlişlərə əsasən, bütün hərbi qulluqçular, o cümlədən çağırışçılar sülhməramlılar sırasına cəlb olunacaq.

 

İSKƏNDƏRUN LİMANINDAKI ŞİDDƏTLİ YANĞIN SÖNDÜRÜLÜB

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra İskəndərun limanında başlayab yanğın söndürülüb. “Trend” agentliyi bu barədə Türkiyə mətbuatına istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, quru qoşunlarına aid helikopterlər və hərbi hava qüvvələrinə aid təyyarələrin havadan müdaxiləsi ilə yanğın söndürülüb.

Qeyd edək ki, mərkəzləri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər zamanı naməlum səbəbdən İskəndərun limanında konteynerlərdə başlayan şiddətli yanğın gün boyu davam edib.

Xatırladaq ki, bazar ertəsi Türkiyədə səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi insan tələfatına və dağıntılara səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.