DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: MARAQLARIMIZI QORUMAQ ÜÇÜN İSTƏNİLƏN ADDIMI ATMAĞA HAZIRIQ

Türkiyə öz maraqlarını qorumaq üçün istənilən addımı atmağa hazırdır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, müasir Türkiyə dedikdə ağıla ilk gələn təkcə iqtisadiyyat, müdafiə sənayesi və hərbi güc deyil, həm də humanitar böhranlarla bağlı prinsipial mövqe, ədalət istəyidir.

Eyni zamanda, Ərdoğan ölkəsinin bütün dünyada fəal humanitar fəaliyyətinə diqqət çəkib. “Türkiyə insanların dəstəyə ehtiyac duyduğu hər yerə yardım əlini uzadır: Liviyadan Somaliyə, Pakistandan Ukraynaya”, - deyə dövlət başçısı əlavə edib.

Bununla yanaşı, Ərdoğan beynəlxalq hüququn kobud şəkildə pozulması fonunda dünya birliyinin fəaliyyətsizliyindən təəssüfləndiyini bildirib və BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması çağırışını xatırladıb.

 

CƏNUBİ KOREYA VƏ ABŞ-DAN KXDR-Ə CAVAB TƏDBİRİ

Cənubi Koreya və ABŞ-ın hərbçiləri Şimali Koreyanın ballistik raket buraxılışına cavab olaraq dörd  ədəd “yer-yer”  tipli raketi sınaqdan keçirib. “Report”un “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hərbçiləri KXDR-in təxribatına cavab olaraq Yapon dənizi istiqamətində dörd raket atıb.

Eyni zamanda, ABŞ hakimiyyəti Şimali Koreya ətrafında yaranmış vəziyyətə görə BMT Təhlükəsizlik Şurasından açıq iclas keçirməyi xahiş etmək niyyətindədir.

Eyni zamanda, məlum olub ki, Yaponiya istiqamətində orta mənzilli ballistik raket buraxıldıqdan sonra Şimali Koreya gündəlik təmaslar çərçivəsində koreyalararası rabitə xəttində cavab verməyib.

Cənubi Koreyanın Birlik Nazirliyi qeyd edib ki, hökumət bunun səbəbini öyrənməyə çalışır və texniki problemin yarana biləcəyini istisna etmir.

Xatırladaq ki, oktyabrın 4-də Şimali Koreya Yaponiya ərazisi üzərindən uçaraq Sakit okeana düşən ballistik raket buraxıb. Yaponiyalı ekspertlərin qənaətincə, raket Pxenyan tərəfindən həyata keçirilən bu cür buraxılışlar tarixində maksimum məsafə qət edib.

 

 

İRANDA BAŞ VERƏN ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 600-Ə YAXIN INSAN YARALANIB

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində 582 nəfər yaralanıb. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami bildirib.

Təşkilat sədrinin sözlərinə görə, yaralılardan 135 nəfər xəstəxanaya yerləşdirilib, daha 5 nəfər isə əməliyyat olunub.

Eyni zamanda, Məhəmməd Həsən Nami əlavə edib ki, zəlzələ nəticəsində 12 kəndə ziyan dəyib, 50 ev tamamilə dağılıb, 500 mənzil isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Məlumat üçün qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib.

 

ÜST: DÜNYADA KORONAVİRUSA YOLUXMA HALLARI ARTA BİLƏR

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağı gözlənilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Təşkialtın baş direktorunun sözlərinə görə, “COVİD-19”un “omikron” ştammı  hələ də, qlobal miqyasda dominant versiya olaraq qalmaqdadır. “Bundan başqa, əməkdaşlarımız bu ştammın 300-dən çox alt variantı müşahidə edirlər”, - deyən baş direktor əhalini vaksinasiyaya çağırıb.

Qeyd edək ki, koronavirusa ilk dəfə 2019-cu ilin dekabr ayında Çində rast gəlinib. ÜST 2020-ci ilin fevral ayında bu xəstəliyi pandemiya elan edib.

 

COZEF BAYDEN UKRAYNAYA LAZIM OLAN QƏDƏR YARDIM EDƏCƏYİNİ AÇIQLAYIB

ABŞ prezidenti Cozef Baydenin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı baş tutub. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Cozef Bayden söhbət zamanı Kiyevə 625 milyon dollarlıq hərbi yardımın növbəti tranşının ayrılması qərarını açıqlayıb. Ağ Evin mövzu ilə bağlı yaydığı məlumatda bildirilir ki, prezident Cozef Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyinə söz verib.

Açıqlamaya əsasən, hərbi yardıma “HIMARS” sistemləri, digər müxtəlif artilleriya qurğuları və sursatları, həmçinin zirehli texnikalar daxildir.

Bununla yanaşı, ABŞ prezidenti İstanbulda imzalanmış və Ukrayna taxılının beynəlxalq bazara çıxarılmasına imkan verən “taxıl dəhlizi” sazişinin uğurunu alqışladığını bildirib və Ukraynanın azadlığı və demokratiyası üçün beynəlxalq səyləri hər zaman dəstəkləyəcəklərini vurğulayıb.

 

HULUSİ AKAR: YUNANISTAN PİS QONŞULUQ NÜMUNƏSİ SƏRGILƏYIR

“Yunanıstan hüquq və reallığa zidd davranışlarla pis qonşuluq nümunəsi sərgiləyir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Nazirin sözlərinə görə, rəsmi Ankara beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Egey dənizinin təbii sərvətlərinin ədalətli şəkildə bölünməsinin tərəfdarıdır.

“Bir millimetr də olsun geri addım atmayacağıq. Bu mövzuda bizim anlayış nümayiş etdirməyimiz mümkün deyil”, - deyə müdafiə naziri vurğulayıb.

Bununla yanaşı, Hulusi Akar qeyd edib ki, dəniz və hava qüvvələri nə lazımdırsa, onu da edəcəklər. Nazir deyib: “Yunanıstanla NATO daxilində müttəfiqik. Xalqlar da bir-birini tanıyır, qonşuyuq. Yəni qısa müddətdə qonşuluq münasibətlərini bərpa edə və bundan faydalana bilərik. Bu, hər iki ölkənin xeyrinədir”.

Eyni zamanda, Türkiyənin milli müdafiə naziri əlavə edib ki, Yunanıstandakı bəzi siyasətçilər şəxsi maraqları üçün gərginliyi davam etdirirlər.

 

MİXEİL SAAKAŞVİLİNİN SƏHHƏTİ YENİDƏN PİSLƏŞİB

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin məhkəməsi növbəti dəfə təxirə salınıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, sabiq prezidentin dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək keçirilməyib.

Bununla yanaşı, sabiq prezidentin vəkili Şota Tutberidzenin sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, hətta həkimlər diaqnoz qoymaqda belə çətinlik çəkirlər.

Məlumat üçün qeyd edək ki, Mixeil Saakaşvili həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar 12 may tarixindən etibarən Tbilisidəki “Vivamedi” klinikasında müalicə olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.