Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bir-birinə bənzəyən insanlar həm də...

Deyirlər, dünyada insanların bir neçə bənzəri var. Adətən  belə  insanların çoxu bu dünyadan köçənə qədər öz oxşarları ilə qarşılaşmırlar. Çox maraqlıdır ki, onların oxşarları ilə  özləri deyil, başqaları qarşılaşır. Yəqin ki, çoxlarınız belə bir vəziyyətin nə vaxtsa şahidi olmusunuz və  bu cür insanların qohum olmadığı halda  zahirən həddindən artıq oxşarlığı sizləri də heyrətləndirib. Hələ bu, harasıdır ki, son araşdırmaya görə,  hətta onlar bənzər DNT-yə də sahib imiş...

Bəzi insanlar fiziki olaraq o qədər əkiz kimi görünürlər ki, üz tanıma sistemləri belə çox vaxt onları ayıra bilmir. Bu mövzunu ciddi şəkildə araşdıran alimlər, belə insanlar üzərində testlər aparıblar. Nəticədə çox qəribə faktlar ortaya çıxıb. Fiziki cəhətdən bir-birinə oxşayan insanlar təkcə görünüşcə bənzər olmaqla qalmayıb, bənzər DNT daşıyırlar və hətta davranış, yaşayış tərzi cəhətdən də eynilik göstərirlər.

Tədqiqat 16 "Doppelga..nger" (bir-birinə çox bənzəyən və hətta  əkiz kimi görünən insan) cütlük üzərində aparılıb.  Bu insanlar Microsoft Oxford Project Face API, MatConvNet alqoritmləri və Custom-Net xüsusi neyron mühərriki ilə analiz edilib. Bir-birinə oxşayan insanlar arasında  DNT analizləri apararkən 3.730 gendə təqribi 19.277 ortaq genetik versiyanın olduğu ortaya çıxıb.

"Doppelga..nger" insanlar DNT analizləri ilə göstərdikləri ortaq genetik quruluşdan əlavə, eyni zamanda real həyatdakı davranışları, təhsil bacarıqları və vərdişləri cəhətdən də oxşarlıq göstəriblər. Alimlər qeyd edir ki, bu araşdırmanın nəticələri insanın genetik quruluşu ilə istər fiziki, istər xarakter xüsusiyyətləri cəhətdən əhəmiyyətli bir bağlantının olduğunu sübut edir.  Çünki bu insanlar tamamilə fərqli ailələrdən, fərqli ölkələrdə yaşayan nəsillərdən gəlirlər. Lakin genetik olaraq mükəmməl oxşarlıq bu insanların bir nöqtədə kəsişməsinə gətirib çıxarır. Alimlərin fikrincə, bu araşdırma təkamül prosesi və tibbdə yeni sahələrin "qapısını" açmaq üçün möhtəşəm başlanğıc olacaq.

 

Niyə yuxuya getdiyimiz anı xatırlaya bilmirik?

Adətən  yatmağa hazırlaşarkən gün ərzində qarşılaşdığımız hər hansı bir hadisəni və ya keçmiş xatirələri xatırlayaraq yuxuya gedirik. Hətta bir çoxlarımız  belə bir ərəfədə problemlərimizə çözüm yolları da axtarırıq. Başımızı yastığa qoyub düşüncələrə dalarkən bir də ayılırıq ki, artıq səhər açılıb. Çox maraqlıdır ki, yuxudan ayılarkən düşündüklərimizin hər biri xatirimizdə qalsa da, yuxuya getdiyimiz anı xatırlaya bilmirik. Belə bir durumu hər kəs yaşadığı üçün yəqin ki, bunun səbəbi hamıya maraqlıdır. Gəlin görək elm bu barədə nə deyir...

 Məlumdur ki, yuxu çox mürəkkəb bir prosesdir. Yəni, bu, anidən yox, mərhələli şəkildə baş verir. Beynimizin  fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan bu  təbii, fizioloji  proses daim alimlərin maraq dairəsində olub. Hələ də, bu mürəkkəb proseslə bağlı qaranlıq qalan bəzi  məqamlar öz elmi sübutunu tapmamışdır. Sualımızın cavabına gəlincə isə araşdırmalar zamanı məlum olub ki, ilk olaraq yuxuya gedən orqan beynin ön hissəsi - Frontal lobdur. Çünki digər orqanlar qan dövranı, tənəffüs kimi bəzi mühüm funksiyaları yerinə yetirdiyi üçün oyaq olmaq məcburiyyətindədir. Frontal loba eyni zamanda şüurun mərkəzi hissəsi olan Pre-Frontal lob da daxildir. Yuxuya getdiyimiz  anı xatırlaya bilməməyimizin səbəbi şüurun aktiv bir vəziyyətdə olmamasıdır. Çünki bu vəziyyətdə məlumatlar yaddaşa  ötürülmədiyi üçün neyronlar arasında əlaqə kəsilir. Bundan əlavə, beynimiz yuxuya getdikdə GABA adlı neyrotransmitter ifraz etdiyi üçün bədənimiz  sakitləşərək  rahatlıq tapır.

 

Tənbəlliyin daha bir səbəbi

"Current Biology" jurnalında yayımlanan araşdırmaya görə, həddindən artıq düşünmək insan sağlamlığına mənfi təsir edir. Belə ki, alimlər həddindən artıq düşünməyin nəinki zehni və fiziki yorğunluğa səbəb olduğunu, həm də qərar qəbul etmək qabiliyyətimizə təsir edərək bizi daha az zəhmət tələb edən işlərə sövq etdiyini söyləyirlər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində intensiv olaraq düşünmək beynimizin prefrontal korteks kimi tanınan hissəsində zərərli maddələrin yığılmasına səbəb olur. Bu yığıntılar isə ilk növbədə qərar qəbul etmək qabiliyyətimizə mane olaraq, bizi  hər hansı bir işə qarşı  daha az səy göstərməyə meyilləndirir, tənbəlləşməyimizə gətirib çıxarır.

Alimlər iddialarını sübut etmək üçün sınaq aparıblar. "Həddindən çox düşünənlər"  və "nisbətən az düşünənlər" olaraq ikiyə bölünən qrup  iştirakçılarının  beyinləri gün ərzində  MRT ( Maqnit Rezonans Tomoqrafiyası) vasitəsilə izlənilib. Nəticədə çox düşünənlərdə  göz bəbəyinin genişlənməsinin azalması, o cümlədən qlutamat səviyyəsinin artması kimi müxtəlif yorğunluq əlamətləri müşahidə edilib. Beləliklə, zehni cəhətdən yorucu bir iş günündən sonra koqnitiv nəzarətin daha çətinləşdiyi  qənaətinə gəlinib.

"Tapıntılarımız göstərir ki, həddindən artıq düşünmək  beyində zərərli maddələrin yığılması ilə nəticələnir. Bu səbəbdən yaranan yorğunluq gündəlik işlərimizin öhdəsindən gəlməyə mane ola bilər. Ona görə də, istirahət edin və yatın! Yuxu zamanı qlutamatın sinapslardan təmizləndiyinə dair isə  tutarlı sübutlar var", - deyə araşdırma müəllifi Mathias Pessiglione qeyd edib.

Mütəxəssislər, həmçinin  yorğun olduğumuz zamanlarda önəmli qərarlar qəbul etməməyi tövsiyə edirlər.

 

Burnumuz şəxsiyyətimizdən xəbər verir?

Tarix boyu üz quruluşu ilə insan xarakterinin əlaqəli olduğu düşünülüb və hətta keçmişdə xüsusilə  kişilərin burun quruluşu liderlik tələb edən işlərdə əhəmiyyətli referans olaraq qəbul edilib. Əslində üzümüzdəki hər bir nöqtə  xarakterimizdən xəbər verir. Məsələn, geniş alına sahib olan insanlar intellektli, irigözlülər açıq danışan, kiçik çənəlilər itaətkar, alt dodaqları böyük olanların isə tənbəl olduğuna inanılır. Bəs üzümüzdə ən diqqətçəkən orqan olan burnumuz xasiyyətimizi necə ortaya qoyur?

Bu mövzuda tədqiqatçıların həmfikir olduqları bir çox məqamlar var. Onların fikrincə, iti və uzunburunlu insanlar qarşılarındakına təsiretmə və istiqamətvermə gücü yüksək olan insanlardır. Üstün zəkaları sayəsində bir çox işi bacarıqla yerinə yetirirlər. Məsuliyyətli olur və planlarını reallaşdırmaq üçün var gücləri ilə çalışırlar. Əsəbi olduqları üçün isə sonsuz səhvlər edirlər.

Böyük və əyriburunlar - bu burun tipinə sahib insanlar  özlərinə qarşı edilən haqsızlığa dözə bilmədiyi üçün sərt reaksiyalar verirlər. Lakin ciddi, əsəbi maskalarını çıxardıqları zaman çox həssas və dostcanlı insan olurlar.

Dikburunlu insanlar səbirli və təmkinli olur. Bu xüsusiyyətlərinə görə çox sevilirlər. Onlar dostlarını və yaxınlarını sevindirməkdən zövq alır, inadçıl olmurlar.

Qısa buruna sahib insanlar isə adətən şair ruhlu olurlar. Özlərinə xas əyləncə və zarafat üslubları var. Hər hansı problemin həllinə çarə tapa bilirlər. Qısa burunlular, eyni zamanda başqalarını düşünsələr də, onların əmri ilə oturub-durmurlar.

Düz burun - düz və qədim yunan tipli burunlu insanlar yüksək intellektə  sahib olurlar. Belə burunlu insanlar öz həmcinslərinə qarşı soyuq davranır. Çoxları səmimi olmur. Bu cür insanlar başqaları tərəfindən sevilməsə də, hörmətli olmağı bacarırlar.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".