Taxıl biçininə hazırlıq gedir
Region

Taxıl biçininə hazırlıq gedir

Sabirabad fermerləri bu il tarlalarda 26,5 min hektardan artıq sahədə taxıl məhsulu becərmişlər. Becərmə müddətində aqrotexniki qaydalardan lazımınca istifadə olunmuş, sahələrin gübrələrlə yemlənməsinə xüsusi diqqət yetirilmişdir. Aran yerində bitkilərin optimal müddətdə suvarılmasında problemlər olsa da, melioratorlar bu işin öhdəsindən vaxtında, həm keyfiyyətlə gəlməyə nail olmuşlar.

Sabirabad Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Vidadi Babayevdən aldığımız məlumata görə Araz çayında suyun azalması, Kür çayında isə suyun səviyyəsinin aşağı düşməsi müəyyən problemlər yaratmışdır. Mövcud çətinliyi aradan qaldırmaq məqsədilə idarənin 22 ədəd səyyar dizel nasos stansiyası kollektor kanallara quraşdırılmaqla, fermerlərin su təminatı yaxşılaşmışdır. Bütün əkin sahələrində olduğu kimi, taxılçılıq sahəsində suvarma suyuna qənaət başlıca şərtlərdən hesab edilir. Bu işdə su sərfinin ölçülməsi vacib məsələdir. Suyun sərfinin ölçülməsi üçün kanallar üzərində avtomatik rəqəmsal günəş batareyası ilə işləyən körpülü suölçən qurğular quraşdırılmışdır. Baş mühəndis deyir:

- Arpa sahəsi biçinə hazırdır. May ayının sonu, iyun ayının əvvəllərində kombaynlar tarlalara çıxarılacaq. Fermerlərin gərgin əməyi sayəsində ərsəyə gələn dolu sünbüllər taxılçılıqda məhsuldarlığın bol olacağından xəbər verir. Taxılçılıqla yanaşı, pambıq, yonca, örüş-otlaq, bostan-tərəvəz, dənlik qarğıdalı, həyətyanı sahələrdə cari ildə suvarma suyu sarıdan korluq çəkmirlər.

T.YADULLAOĞLU,

"Respublika".