DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÜÇTƏRƏFLİ ANLAŞMADA ƏN DİQQƏTÇƏKƏN MƏQAM

Türkiyə İsveç və Finlandiyanı PKK/YPG və FETÖ terror təşkilatları ilə bağlı geri addım atmağa məcbur edərkən, bu iki ölkə ilə imzalanan 10 bəndlik razılaşmanın ən diqqətçəkən bəndlərindən biri də 9-cu maddədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Türkiye” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, İsveç və Finlandiya PKK/YPG və FETÖ-nün öz ölkələrində fəaliyyətinə icazə verməyəcəklərinə dair öhdəlik götürsə də, 9-cu maddəyə əsasən, buna nəzarət etmək üçün üç ölkə arasında birgə daimi mexanizm yaradılacaq. Qurulacaq mexanizmdə üç ölkənin Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirlikləri və kəşfiyyat qurumları prosesin gedişatına nəzarət etmək üçün birgə çalışacaqlar. Birgə mexanizm digər NATO və Avropa İttifaqına üzv dövlətlərin də iştirakı üçün açıq olacaq.

Bu kontekstdə Türkiyənin yaxın günlərdə ABŞ, Böyük Britaniya, Fransa, Belçika və Almaniya başda olmaqla digər Aİ və NATO üzvlərinə daimi müştərək mexanizmə qoşulmaq üçün təklif verəcəyi bildirilib.

Eyni zamanda, diplomatik mənbələr digər Aİ və NATO üzvlərinin də müştərək mexanizmə daxil edilməsi ilə Qərb dövlətlərinin qeyd olunan terror təşkilatları üçün daha etibarlı sığınacaq olmayacağı qənaətindədirlər.

 

LUKAŞENKO: KALİNİNQRADI MÜHARİBƏSIZ ƏRZAQLA TƏCHİZ EDƏ BİLƏRIK

Rəsmi Minsk və Moskvanın Kalininqrada heç bir müharibə və gərginlik olmadan mal çatdırmaq üçün kifayət qədər qüvvə və vasitələri var. “APA”nın verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

“Onlar artıq iqtisadi müharibə elan ediblər. Tranziti bağlamaq nə deməkdir? Hamı hansısa Suvalsk dəhlizi haqqında qışqırır. Biz bu haqda danışmışıq.  Deməli, Rusiya ilə Kalininqrada heç bir müharibə və gərginlik olmadan mal çatdırmaq üçün kifayət qədər qüvvə və vasitələrimiz var”, - deyə Lukaşenko vurğulayıb.

Belarus prezidenti həmçinin Litva hakimiyyətinin siyasətini tənqid edərək, onların Rusiya və Belarusa qarşı məhdudiyyətlər tətbiq etməkdə həddindən artıq canfəşanlıq göstərdiyini qeyd edib.

 

ABŞ VƏ İRAN NÜMAYƏNDƏ HEYƏTLƏRI DANIŞIQLARI DAVAM ETDİRƏCƏK

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün rəsmi Vaşinqton və Tehran təmsilçiləri arasında Qətərin paytaxtı Dohada aparılan danışıqlar davam etdiriləcək. “Report” İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, müzakirələrdəki fasilə ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri ilə bağlıdır.

Məlumata əsasən, Ağ Ev rəhbərinin səfəri başa çatdıqdan sonra ABŞ və İran arasında danışıqların bərpa ediləcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Cozef Bayden iyulun 13-16-da İsrailə və Fələstinə səfər edəcək. Bu ziyarət zamanı İranın nüvə proqarmı və bunun ətrafında yaranmış durum müzakirə ediləcək.

Bildirilir ki, iyunun 28-29-da Dohada ABŞ-la İran nümayəndələri arasında görüş keçirilib.

 

AVROPADA BENZİNLƏ İŞLƏYƏN AVTOMOBİLLƏRİN SATIŞI QADAĞAN EDİLƏCƏK

Bütün Avropa məkanında elektromobillərə keçid müddətini dəyişməmək və 2035-ci ildən sonra daxiliyanma mühərrikli yeni avtomobillərin satışını qadağan etmək qərara alınıb. Bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqı üzvü olan 27 ölkənin nazirləri iqlim paketinin hədəflərini təsdiq ediblər. Hərçənd, bu paketin müzakirə edildiyi bir il ərzində koronavirusdan sonrakı böhran və Rusiya ilə enerji müharibəsi səbəbindən avropalılar tərəfindən iqtisadiyyatın “yaşıllaşdırılması” üçün ayrılan vəsait azalıb.

Avropa Komissiyası  tərəfindən ötən il təqdim edilmiş qanun layihələri paketində ən radikal tədbir benzinlə və dizel yanacağı ilə işləyən maşınların satışının qadağan edilməsidir. Məqsəd 2050-ci ilə qədər qlobal istiləşməyə qarşı mübarizə naminə istixana qazları tullantılarını neytrallaşdırmaq üçün qanunda təsbit olunmuş hədəfə Aİ-nin necə nail olmağa hazırlaşdığını təsvir etməkdir.

 

ALEKSEY DANILOV: UKRAYNANI ÇOX AĞIR MÜHARİBƏ GÖZLƏYİR

Ukraynanın müdafiəsi üçün daha çox silah, xüsusən ağır silahlar lazımdır. “APA”nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksey Danilov bəyan edib.

Baş katib Rusiyanın hələ də ağır silahlarda ciddi üstünlüyə malik olduğunu bildirib. O deyib: “Qərbli tərəfdaşlarımızdan xeyli silah alırıq. Lakin Ukraynanın müdafiəsi üçün daha çox silah, uzağı vuran artilleriya, yaylım atəşi sistemləri və s. kimi ağır silahlara ehtiyac var”.

Eyni zamanda, Aleksey Danilov Ukraynanı çox ağır müharibənin gözlədiyini və verilən dəstəyin hələ də kifayət qədər olmadığını diqqətə çatdırıb.

 

YUNANISTAN ABŞ-DAN RƏSMİ ŞƏKİLDƏ “F-35” QIRICILARI İSTƏYİB

Yunanıstan ABŞ-a “F-35” qırıcı-bombardmançılarından ibarət bir eskadrilyanın alınması üçün rəsmi müraciətlə məktub göndərib. “Report”un məlumatına görə, bu barədə “Assoşieyted Press” agentliyi xəbər verib.

Bu qərarı Yunanıstanın baş naziri Kiriakos Miçotakis jurnalistlərə açıqlamasında bildirib. Daha sonra baş nazir Yunanıstanın belə təyyarələrin növbəti partiyasını sifariş verəcəyini istisna etməyib.

“Bu prosesin bir hissəsi sorğu məktubunun göndərilməsidir. Biz də bu yaxınlarda məktubu göndərdik”, - deyə baş nazir vurğulayıb.

Bununla yanaşı, Kiriakos Miçotakis müraciətə baxılmasının uzun proses olduğunu və Afinanın hesablamalarına görə, razılaşmadan sonra qırıcıların Yunanıstana 2027-2028-ci illərdən tez çatmayacağını izah edib.

 

GÜRCÜSTANDA DEOLİQARXİZASİYA QANUNU QƏBUL OLUNACAQ

Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinq zamanı bəyan edib.

Partiya sədrinin sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün Hüquqi Məsələlər üzrə Komitənin nəzdində işçi qrupu yaradılacaq.

Eyni zamanda, Kobaxidze bildirib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək və noyabrın 29-dək qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması da daxil olmaqla 12 şərt yerinə yetirməlidir.

 

VAŞİNQTONDA ETİRAZLAR ZAMANI 180-DƏN ÇOX NÜMAYIŞÇI SAXLANILIB

ABŞ-ın Vaşinqton şəhərində insanların küçəni bağlamağa cəhd etməsindən sonra etiraz aksiyası zamanı 180-dən çox şəxs saxlanılıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Kapitol polisi öz “Twitter” səhifəsində məlumat verib.

Verilən xəbərə görə, aksiya ABŞ Ali Məhkəməsinin abort hüquqlarına federal təminatları ləğv etməsinə etiraz olaraq keçirilib. Artıq bir neçə gündür ki, Vaşinqtonda və ABŞ-ın bir çox digər böyük şəhərlərində etirazlar davam edir.

Bildirilir ki, etirazçıların böyük əksəriyyəti abort hüquqlarının məhdudlaşdırılmasına qarşıdır, lakin nümayişçilər arasında məhkəmənin qərarını dəstəkləməyə gələnlər də var.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.