Qayğı və məmnunluq
Sosial həyat

Qayğı və məmnunluq

Şəhid ailələri və qazilərin evlə təminatına social tərəfdaşlardan mühüm dəstək

Təkcə son iki ildə “Paşa Holdinq” və Kapital Bankın dəstəyi ilə bu kateqoriyadan olanlara 116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir etdirilib.

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq ölkəmizdə özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti son illərdə xeyli güclənib. Sosial məsələlərin həllində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak edən şirkətlərin sırası getdikcə genişlənir. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onların sırasında “Paşa Holdinq” və Kapital Bank bu sahədə aparılan işlərə dəyərli töhfələrini verirlər.

2019-2020-ci illərdə “Paşa Holdinq” tərəfindən ölkəmizin müxtəlif bölgələrində həssas əhali qruplarından olan şəxslərə məxsus 19 fərdi ev təmir etdirilib. Bu müddətdə şirkət  Bakının Zabrat qəsəbəsində 4, bölgələrdə 34 fərdi ev inşa etdirərək Milli Qəhrəman və şəhid ailələrinə, qazilərə, digər həssas qruplardan olan şəxslərə təqdim edib. Həmçinin paytaxtın Əhmədli qəsəbəsində həssas qruplardan olan 10 ailənin mənzillərlə təminatını həyata keçirib.Bu il də “Paşa Holdinq”in sosial sahəyə dəstək işləri davam etdirilir. Cari ildə şirkət tərəfindən ölkəmizin bölgələrində şəhid ailələri və müharibə əlilləri, digər həssas qruplar  üçün 30 fərdi evin inşa etdirilməsi, 15 ailənin mənzillərlə təmin olunması nəzərdə tutulub.

Özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin ən uğurlu nümunələrindən biri  də Kapital Bank tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binasının inşa etdirilməsidir. Bununla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri üçün məhz özəl sektor tərəfindən ilk dəfə olaraq çoxmənzilli yaşayış binası inşa etdirilmiş oldu.2020-ci ilin iyul ayında tikintisi yekunlaşan 4 mərtəbəli, 3 bloklu binada müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillər (16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlı) həm Şirvan şəhərində, həm ətraf rayonlarda yaşayan müvafiq kateqoriyalardan olan vətəndaşların istfadəsinə təqdim edildi.

Beləliklə, son iki ildə - 2019-2020-ci illərdə “Paşa Holdinq” və Kapital Bankın dəstəyi ilə qeyd edilən kateqoriyalardan olanlara  116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir etdirilib.

 

Yeni layihə: bu il 5 minə yaxın uşaq social reabilitasiyaya cəlb olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan daha bir layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,”Sağlamlıq imkanları məhdud uşaqların sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlanan layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reabilitasiya mərkəzləri təşkil olunub.

Həmin mərkəzlərdə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri həyata keçirilir, habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.Yeni layihə üzrə bu il 5 minə yaxın uşağın sosial reabilitasiyaya cəlb olunması nəzərdə tutulub.

M.MUSTAFAYEV,

“Respublika”.