Tacikistan nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Digər xəbərlər

Tacikistan nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il may ayının 1-də ölkəmizdə işgüzar səfərdə olub.

Respublika-news.az xəbər verir ki, nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və tərəfdaşlıq prinsipinə əsaslandığını vurğulayıb.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib. 

Nəzrin CAVADZADƏ.