Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb
Digər xəbərlər

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

Aprelin 19-da Daxili İşlər Nazirliyində (DİN) informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda nazir general-polkovnik Vilayət Eyvazov çıxış edərək bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2024-cü ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib.

DİN və prokurorluq üzrə qeydə alınmış 8 min 930 cinayətin 85 faizi açılıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.

Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib.

Müzakirə olunan məsələlər ətrafında Baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu diqqətə çatdırıb.