YARADICILIQ GECƏSİ
Region

YARADICILIQ GECƏSİ

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik şəhərinin mədəniyyət mərkəzində görkəmli yazıçı-publisist, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Görüşü tanınmış şair, istedadlı publisist Ağacəfər Həsənli açaraq yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Qəni Camalzadə 1956-cı ildə Lerik rayonunun Durğan kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Bakı şəhərinin 230 və 156 nömrəli tam orta məktəblərində təhsil alıb. 1977-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. İxtisası üzrə müxtəlif vəzifələrdə işləyib. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qarabağ müharibəsi veteranı, təqaüdçüdür.

Tələbəlik illərində ədəbi yaradıcılığa başlayıb. İlk hekayəsi 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan", "Kirpi" və digər jurnallarda, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində yumoristik və satirik hekayələri ilə oxucuların görüşünə gəlib.

1984-cü ildə "Yeni səslər" almanaxında hekayələri çap olunub. "Yaxşı oğlanın "dayısı", "Sonuncu yeznə", "Qohumların əsiri" hekayə kitabları ilə ədəbiyyatda öz imzasını təsdiq edib.

Hacı Qəni Camalzadə son dövrlər roman janrına üstünlük verir. Romanları əvvəl "Azərbaycan" jurnalında, sonra kitab halında işıq üzü görüb. Əsərləri rus və ingilis dillərinə tərcümə olunub. On üç kitabın müəllifidir. Üç kitabı ingilis dilində Amerikada, hekayələri və " Zolotoy oslyonok" romanı rus dilində nəşr edilib.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, tarixçi Hüseynbala Əliyev, Əməkdar jurnalist İdris Şükürlü, şair Qəhrəman Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Mirzəxan Abbasov, Durğan kənd məktəbinin müəllimi Hikmət Sadat və başqaları yazıçının son illər çap olunmuş "Qızıl xotuğ", "Karxana", "Kiaksarın axırıncı savaşı" və "Şeytana daş atanlar" romanlarının geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandığını, real həyat həqiqətlərini özünəməxsus ustalıqla qələmə aldığını vurğulayıb, istedadlı yazıçının yaradıcılığını yüksək qiymətləndiriblər.

Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri Ədhəm Məmmədov, şöbənin sədr müavini Nərmin Səfərova yazıçının Qarabağ müharibəsi mövzusunda qələmə aldığı əsərlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolundan söhbət açıb, lerikli şəhidlərin valideynlərinə "Qəhrəman Ana", "Gənc Azərbaycan əsgəri" diplomlarını və 44 günlük müharibədə arxa cəbhədə göstərdiyi fədakarlığa, vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə görə bir qrup fəala fəxri diplomlar təqdim ediblər.

Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək yazıçının özünəməxsus dəst-xətti olduğunu, dövrlə, zamanla səsləşən əsərlər yaratdığını bildirib. Nəsrimizi yeni əsərlərlə zənginləşdirən Qəni Camalzadənin ədəbiyyatımızın xaricdə təbliğinə dəyərli töhfələr verdiyini vurğulayan icra başçısı yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb və ona xatirə hədiyyəsi təqdim edib.

Tədbirdə Hacı Qəni Camalzadə doğulub boya-başa çatdığı doğma rayonunda keçirilən görüşdən, ünvanına deyilən səmimi fikirlərdən, yaradıcılığına verilən yüksək qiymətdən məmnun qaldığını bildirib. Yaradıcılıq planlarından danışaraq əsərlərində cəmiyyəti düşündürən problemlərdən, xeyirlə şərin mübarizəsindən, həyat həqiqətlərindən bəhs etdiyini, yaxın vaxtlarda yeni kitablarla oxucuların görüşünə gələcəyini deyib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".