XALQIMIZA QALİBİYYƏT, ZƏFƏR YARAŞIR
Siyasət

XALQIMIZA QALİBİYYƏT, ZƏFƏR YARAŞIR

Azərbaycanın təcavüzkar və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq özünün əzəli və tarixi torpaqlarından qovmasının bir ili tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik addımları, ordumuzun hünəri və cəsarəti düşməni döyüş meydanından qaçmağa, mürəkkəb relyefi olan əraziləri bir güllə belə atmadan təhvil verməyə məcbur etdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təməlində dayanan amillər sırasında ordu quruculuğu, mükəmməl müdafiə və təhlükəsizlik sisteminin formalaşdırılması, ən müasir silah arsenalının yaradılması mühüm yer tutur.

Bu günlər xalqımız şanlı Qələbənin, böyük Zəfərin sevincləri ilə yaşayır. Ölkəmizin hər yerində bayram təntənəsi, xoş ovqat, yüksək əhvali-ruhiyyə hökm sürür. Sevincimizə daha bir sevinc əlavə olunub. Xalqımızın iftixarı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi xəbəri sevincimizi birə min artırıb.

Yuksək mükafat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dövlətimizin başçısına təqdim edilib.

Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir". Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ali ordenin təqdimatında söylədiyi fikirlər hər birimizi sevindirir, qürurlandırır. Bəli, Qarabağda təxminən otuz il davam edən işğala cəmi 44 günə son qoyulub. İllərlə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən  həyata keçirilmişdir. Bu, təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün çox böyük əhəmiyyətə malikdir.  Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Ölkəmizin öz ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə illərlə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb, - deyə Türk dünyasının lideri bildirib.

Türk Dünyasının Ali Ordeninə görə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: "Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".

Noyabrın 8-də xalqımız Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdi. Bu Qələbə, bu Zəfər çox mühüm əhəmiyyət daşıyır. Çünki bu müharibə ədalətli müharibə idi. Şanlı ordumuz yüksək peşəkarlıqla döyüşərək  düşmənin başını əzdi, kənd, qəsəbə və şəhərlərimizi işğaldan azad etdi. O vaxt xarici jurnalistlər ordumuzun qüdrəti, döyüşçülərimizin əzmkarlığı, fədakarlığı, qəhrəmanlığı, Vətən sevgisi barədə belə yazırdı: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar". "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq şəhəri qaytardılar. PUA-larsız, tanksız, artilleriyasız şəhəri aldılar".

44 gündən sonra Ermənistan təslim aktını imzalamağa məcbur oldu. Azərbaycan 300-dən çox şəhər və kəndi işğalçılardan təmizləyib öz ərazi bütövlüyünü bərpa etdi. 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Müharibə meydanında dağlar diyarı Lerikin də mərd, mübariz, igid oğulları fədakarlıq, əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə xüsusi xidmətləri olan və şəhərin işğaldan edilməsi barədə Ali Baş Komandan cənab İlham Əliyevə məruzə edən "Zəfər" ordenli mayor Zaur Şirinbəy oğlu Rəhimov, Şuşa məscidində ilk azan verən döyüşçü Qurbanəli Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Rəbbil oğlu Heydərov, "Qarabağ" ordenli şəhid Elvin Ramiz oğlu Səfərov, "Qarabağ" ordenli mayor İdris Dərya oğlu Qənbərov və gizir Zəka Kamal oğlu Mirzəyev kimi qəhrəman oğullarımızın vətənpərvərliyi, keçdikləri döyüş yolu gənclərə ən gözəl örnəkdir.

Möhtəşəm Zəfəri bizə yaşadan, bir qarış torpağımızı düşmənə verməyən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, müasir, güclü,  rəşadətli Ordumuza, mərd, mübariz, qəhrəman əsgər və zabitlərimizə, şəhid və qazilərimizə borcluyuq.

Bu gün şəhidlərin ruhu da şaddır. Canları, qanları ilə azad etdikləri doğma Qarabağda çox böyük tikinti, quruculuq, bərpa işləri görülür. Zəngəzur dəhlizi türk dünyasını, Avropanı, həm də qonşularımızı birləşdirə biləcək çox vacib, əhəmiyyətli bir layihədir. Layihənin gerçəkləşməsi istiqamətində fəal iş gedir. Qarabağ tezliklə yurdumuzun müasir infrastruktura malik, dinamik inkişaf edən, əzəmətli, gözəl bir diyara çevriləcəkdir.

Hidayət BƏŞİROV,

Lerik Rayon Veteranlar Şurasının sədri.