Avropa Parlamentinin riyakar mövqeyi davam edir
Siyasət

Avropa Parlamentinin riyakar mövqeyi davam edir

Uzun illərdən bəri Azərbaycanın ərazilərinin işğal edilməsinə göz yuman bəzi qurumlar beynəlxalq hüququn bərqərar olmasını alqışlamaq əvəzinə separatçılığı dəstəkləyən açıqlamalar verir, qətnamələr qəbul edir. İkili standartlar ortaya qoyan populist və faşist ideologiyasının tərəfdarları Avropa Parlamentində hazırda söz hüququna sahibdir.

“Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac”. Bu, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin adıdır. Əslində, adı pozitiv təəssürat yaradır. Qətnamənin mətni isə bu təəssüratı alt-üst edir. Belə ki, əsas mahiyyəti Azərbaycan əleyhinə ittihamlardan ibarətdir. Sənəddə Laçın dəhlizinin blokadası, “Dağlıq Qarabağın qalan hissəsinə hücum” və 100 min erməninin etnik təmizlənməsi və sair bu kimi ifadələr də yer alıb. Bu, Avropanın qurum və təşkilatlarında Azərbaycana qarşı yönələn ilk belə addım deyil. Xüsusilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu cür qərəzli qətnamələrin sayı daha da çoxalıb.

Son zamanlar Avropa Parlamentində populist ultrasağ, faşist ideologiyasına istinad edən siyasətçilərin sayı artmaqdadır. Təəssüf ki, bu siyasəti dəstəkləyən partiyalar hazırda Avropa Parlamentində çoxluq təşkil edirlər. Bu gün belə bir təəssürat yaranır ki, Avropa Parlamentində çıxışların, qəbul edilən qətnamələrin hamısı sanki İrəvanda hazırlanır. Onlar da bunu səsləndirirlər. Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyəti, rəsmi Bakının qərbyönümlü deyil, milli maraqlara əsaslanan siyasət yürütməsindən qaynaqlanır. Azərbaycanın iradəsi ilə Cənubi Qafqaz regionunda formalaşmış yeni geosiyasi reallıqlar Avropa tərəfindən həzm olunmur. Çünki Avropaya Fransanın başçılığı ilə müdaxilə imkanları olan Cənubi Qafqaz regionu lazım idi. Azərbaycan isə bu müdaxilə imkanlarını tamamilə aradan qaldırdı. Avropa Parlamentinin qərəzli qətnaməsilə bağlı Milli Məclis də bəyanat qəbul edib. Bəyanatda qeyd olunub ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrinin qanuni təmsilçisinə çevrilib. Öz növbəsində, Xarici İşlər Nazirliyi qətnaməni Azərbaycana qarşı növbəti ikili standartların bariz nümunəsi adlandırıb. Qətnamədə ümumilikdə beynəlxalq əlaqələrə zidd olan və siyasi etikadan kənar, təhqiramiz ifadələrin və cəfəng ideyaların səsləndirilməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların irəli sürülməsi, bir daha Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini göstərir. Baş verənlərdən aydın olur ki, Avropa Parlamentinin adını sülhyönümlü qoyduğu qətnamə heç də təqdim etdikləri xarakteri daşımır.

Əslində, təşkilat geosiyasi maraqları üçün Ermənistandan istifadə etməklə yanaşı, təsir dairələrinə daxil edə bilmədiyi Azərbaycanı cəzalandırmağa çalışır.

Musa BAĞIRLI,

“Respublika”.