Vətənə əmanət şəhid övladları
Sosial həyat

Vətənə əmanət şəhid övladları

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Uşaqlar istər valideynləri, nənə-babaları, doğmaları, istərsə də ətraf mühitdə yaşayan digər insanlar, xüsusən böyüklər üçün həmişə sevinc mənbəyidir. Uşaq insan ömrünün bəzəyi, ailənin səadəti, xalqın sabahıdır.

Babalarımız, nənələrimiz, analarımız uşaqlara tarixən gələcək kimi baxıblar. Bir evin, ocağın, nəslin və nəhayət, bir millətin gələcəyi kimi. Vətən, millət təəssüblü ata-analarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar.

Təəssüf ki, dünyamız heç də hər zaman uşaqların üzünə gülmür. Yer üzündə baş verən toqquşmalarda ən çox əziyyət çəkən uşaqlar olur.

Belə ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulan zaman qətlə yetirilənlərin arasında 23 uşaq olmuşdu. 2011-ci ildə ermənilər tərəfindən Tovuz çayına buraxılan içi partlayıcılarla dolu oyuncağı götürməsi və partlaması nəticəsində Əlibəyli kənd sakini 13 yaşlı Aygün Şahmalıyeva dünyasını dəyişmişdi. Həmin ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov erməni snayperinə tuş gəlmiş, Füzuli rayonunun Alxanlı kəndi Ermənistan tərəfinin təxribatı nəticəsində nənəsiylə birlikdə on dörd aylıq Zəhra Quliyeva da həlak olmuşdu. Həmçinin, erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü Fərid İsgəndərov, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2006-cı il təvəllüdlü Fidan Qurbanova və 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov da faciə qurbanlarındandır.  

44 günlük Vətən müharibəsində Ermənistan Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımıza raketlər atdı, arasında uşaqların da olduğu onlarla dinc sakini qətlə yetirdi. 2020-ci il oktyabrın 24-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Goranboy və Tərtər rayonlarını raket və ağır artilleriyadan atəşə tutması nəticəsində Orxan adlı gənc həyatını itirdi. Oktyabrın 27-də isə Bərdə rayonuna atılan raket 7 yaşlı Aysu İsgəndərovanın həyatına son qoydu. Bu cür vəhşiliklər mənfur düşmənin əsl simasını bir daha dünyaya göstərdi. 13 raket zərbəsi zamanı həlak olanlardan 7-si məhz uşaq olub. 4 uşaq isə hər iki valideynini itirib. İnsanlığa sığmayan bu qanlı terror hadisələri yalnız həmin uşaqların dərdi deyil, bütün Azərbaycan xalqının ağrı-acısıdır. Ailələrin məhv olduğu, isti yataqların bir anda soyuq məzarlara çevrildiyi həmin o terror hadisələri heç vaxt unudulmayacaq.

Bu gün Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin uşaqları  unudulmur. Şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur.  Çünkü şəhid övladları Vətənə əmanətdir. Möhtəşəm qələbəmizdən sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin İntiqam adlı övladı, şəhid polkovnik-leytenant Qərib Bəxşəliyevin doğulan övladı Cənnət, şəhid baş leytenant Əlimərdan Quluzadənin Zəfər günündən 5 ay sonra  dünyaya göz açan üçüncü qızı, şəhid Sübhan Məmmədlinin övladı Sübhanə, şəhid Amin Rüstəmovun övladı Şöhrət, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, gizir Yaşar Babayevin qızı, Aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyevin dünyaya gələn və adını daşıyan oğlu və başqaları dünyaya şəhid övladı kimi göz açıblar!

Şəhid övladları!.. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş, hər birimizə örnək olan şəhidlərin övladları!

44 günlük Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalan qəhrəmanlarının özlərindən sonra bizə miras qoyduqları körpələrin yəqin ki, digər uşaqlardan daha çox sevgiyə və qayğıya ehtiyacı var. 2020-ci il sentyabrın 27-dən 2021-ci il iyun ayının 1-nə kimi Azərbaycanda 100 şəhid övladı dünyaya gəlib. "YAŞAT" Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün körpələrin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 manat, adlarına isə bankda depozit hesabı açaraq Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürmüşdür.

Şəhid övladlarının ataları haqqında söylədikləri də olduqca təsiredicidir. Şəhid baş gizir Camal İsmayılovun qızı Əsmət İsmayılzadə: "Atam məzuniyyətə çıxan kimi bizi Azərbaycanın bütün gəzməli yerlərinə aparırdı. Özünün getdiyi bütün yerlərdən bizə çoxlu hədiyyələr gətirərdi. Fikirləşəndə ki, daha onunla dağlara çıxmayacağam, xizəklə sürüşməyəcəyəm, dənizə, parka getməyəcəyəm, daha döyülən qapını atama açmayacağam, daha onun "qızım" deyən mehriban səsini eşitməyəcəm... Və daha nələr... Bunları fikirləşmək istəmirəm. Deyirəm ki, heç nə istəmirəm, mənim qəhrəman atam səninlə yol getmək belə gözəl idi. Sənin arzuladığın kimi övlad olmağa söz verirəm, mənim fateh atam".

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar həmişə atası ilə fəxr edəcəyini söyləyib: "Atam sağ olanda da fəxr edirdim, şəhid olandan sonra da fəxr edirəm. Həmişə də belə olacaq, heç vaxt dəyişilməyəcək. Sadəcə, atamın var olmağını istəyirdim həmişə. Bir tərəfdən qürur, bir tərəfdən kədər... Amma çox sevinirəm ki, belə bir şəxsiyyətin qızıyam. Atama və bütün şəhidlərimizə, hərbçilərimizə buna görə çox təşəkkürümü bildirirəm. Onlar olmasaydı, biz bu sevinci yaşamazdıq".

Bu məsum körpələr böyüdükcə, yaşa dolduqca atalarının kim olduğunu anlayacaqlar. "Sən şəhid oğlusan!", "Sən şəhid qızısan!" sözlərini qürurla dinləyəcəklər. Atasızlığını hiss edəndə bu müqəddəs ad onlara təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün isə onlar bütün cəmiyyət üçün bir əmanətdir. Şəhid əmanəti!

M.MİRZƏ,

"Respublika".