“Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc
Sosial həyat

“Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc"

Dünən "Hilton Baku" otelində Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.

"Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc"  mövzusunda təşkil olunmuş konfrans öz  işinə  Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər  Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə millət vəkilləri, ziyalılar, ölkə ictimaiyyətinin nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Vətən müharibəsi dövründə  Azərbaycan xalqının,  Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və bu milli birliyin Ordumuzu böyük qələbələrə ruhlandırdığını deyiblər. Bildirilib ki,  Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il noyabr ayının 8-də əsgərlərimizin qəhrəmanlığı, şücaəti sayəsində Şuşa şəhəri işğalçılardan azad edildi və Azərbaycan bayrağı Şuşada  qaldırıldı.

Noyabr ayının 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı.

44 günlük müharibənin nəticəsində qazanılan Zəfər XXI əsrdə Azərbaycan xalqının hərb tarixinə  qızıl hərflərlə yazıldı.

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı-Zəfər Paradı keçirildi. Bütün bunlarla xalqımız qürur duyur.

Tədbirdə o da bildirilib ki, II Qarabağ müharibəsində qələbənin əldə olunmasında gənclərin vətənpərvərlik hissinin yüksək olması da böyük rol oynayır. Milli mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvər ruhda yetişməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən danışan natiqlər, Heydər Əliyev Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıblar.

O da qeyd olunub ki, gənclərin dövlət və milli maraqlar ətrafında  daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır.

Natiqlər, Prezident İlham Əliyevin həyata keçirdiyi  qətiyyətli siyasət, Azərbaycan xalqının birliyi və həmrəyliyi nəticəsində  dövlətimizin daha böyük  qələbələr  əldə edəcəyinə  əminliklərini ifadə ediblər. Qeyd ediblər ki,  Ölkə Prezidentinin rəhbərliyi altında işğaldan azad olmuş şəhərlərimiz, kəndlərimiz dünyanın ən gözəl, ən dilbər guşələrinə çevriləcək, xalqımızın rifahı daha da yaxşılaşacaq.

44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən danışan Vətən müharibəsi iştirakçıları şəhid ailələrinə və qazilərə  göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra konfransda Vətən müharibəsini xronoloji qaydada əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatı və Türk Ağsaqqalları İctimai  Birliyi tərəfindən Vətən müharibəsi qazilərinə mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Bəybala BƏYBALAYEV,

"Respublika".