Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi dünyada örnəkdir
Səhiyyə

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi dünyada örnəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq onların tibbi və dərman təminatı yaxşılaşdırılır. Bu sahədə vərəmlə mübarizədə müsbət nəticələrə nail olunub və digər dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə nazirliyin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən və cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində beynəlxalq statusa malik olan Təlim mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir.

Ötən dövrdə ümumilikdə 2 min 100-ə yaxın dinləyicinin iştirak etdiyi 150-dən artıq yerli və beynəlxalq treninq keçirilib. Beynəlxalq treninqlərdə Qərbi Avropa, Asiya, Afrika, Cənubi Amerika qitələrindən və postsovet məkanından 21 ölkənin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatlarını təmsil edən müxtəlif nümayəndə heyətləri iştirak edib, müsbət təcrübəmizi öyrəniblər.

Eyni zamanda Birləşmiş Krallıq, Türkiyə, Filippin, İraq, Çin, Moldova, Belarus və Orta Asiya dövlətlərinin 160-dək nümayəndəsi vərəmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsi ilə tanışlıq səfərlərində olublar.

Ümumdünya Səhiyyə Təşkilatının müraciətinə əsasən, bu günlərdə Bolqarıstan, Moldova, Qazaxıstan və Qırğızıstanın Ədliyyə və Səhiyyə nazirliklərinin, həbsxana, ictimai səhiyyə və qeyri-hökumət sektorunun aidiyyəti rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub, beynəlxalq treninq keçirilib.

Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim mərkəzində təşkil olunan "Qısa müddətli müalicə sxemləri dövründə həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi" mövzusunda tədris kursunda nazirliyin Tibb xidmətinin təlimçilərinin vərəmin, xüsusilə onun ağır formalarının müalicəsinə, bu sahədə ən yeni tövsiyə və yanaşmaların tətbiqinə dair və digər aktual mövzularda mühazirələri dinlənilib. Tədbirə, həmçinin beynəlxalq və yerli ekspertlər cəlb olunub.

Bununla yanaşı, dinləyicilər penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə fəaliyyətlə praktiki tanış olub, innovativ metodlar əsasında müayinə və müalicə tədbirlərinin təşkilinə dair təqdimatlar nümayiş etdirilib.

Dinləyicilər vərəmlə mübarizədə Azərbaycanın təcrübəsini böyük maraqla qarşılayaraq təlimin nəzəriyyə və praktiki tanışlıq baxımından kompleks şəkildə təşkil olunmasının daha səmərəli və əhəmiyyətli olduğunu bildiriblər.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Bakının tarixi və mədəni abidələri ilə tanış olub, ölkəmizin hərtərəfli və davamlı tərəqqisi, Vətən müharibəsində böyük Qələbəsi, digər mühüm hadisələr və faktlar barədə məlumatlandırılıblar.

AZƏRTAC