Uzun illər erməniləşdirilməyə məruz qalmış daha bir Alban abidəsi: Ağ Xaç monastırı
Mədəniyyət

Uzun illər erməniləşdirilməyə məruz qalmış daha bir Alban abidəsi: Ağ Xaç monastırı

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi sonradan bu ərazilərdə xalqımıza məxsus tarixi-dini abidələrin ya tamamilə dağıdılması, ya da ilkin vəziyyətinin xeyli dəyişdirilməsi ilə nəticələnmişdir. Otuz ilə yaxın işğal dövründə Qarabağda müsəlman dininə aid 67 məsciddən 65-i tamamilə məhv edilsə də, vaxtilə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilmiş, tikililər üzərində olan və tarixin sübutu kimi qiymətləndirilən memarlıq elementləri və epiqrafik nümunələr dağıdılmışdır. Əvəzində isə bu tikililərin memarlıq planında, divarlarında nəzərdə tutulmamış "yeniliklər" həmin abidələrə qondarılmış və Qarabağın yerli sakinləri olmuş qədim albanlara məxsus bütün tarixi dini irsin guya ermənilərə aid olması haqqında saxta informasiya yaradılmışdır. Bu cür informasiyaların yaradılmasında və dünyada yayılmasında uydurma saxta tarixi Ermənistanın dövlət siyasətinə qədər yüksəltmiş siyasətçilərin, erməni din xadimlərinin və alimlərinin də rolu az olmamışdır.

Qarabağda yerləşən, ilkin memarlığı və bütün tarixi ermənilər tərəfindən dəyişdirilmiş, uzun illərdir erməni xristian irsinin nümunəsi kimi təbliğ edilən Azərbaycan abidələrindən biri də Ağ Xaç monastırıdır.

AZƏRTAC Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən biri olan Ağ Xaç monastırının tarixinə nəzər salır.

Spitak Xaç, yəni, Ağ Xaç monastırı Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə Vəng kəndi arasında hündür təpə üzərində yerləşir. Monastır haqqında məlumat verən erməni müəlliflərdən biri Barhudaryantsa görə, monastırın belə adlandırılması bir hekayə ilə bağlıdır. Hekayəyə görə, Müqəddəs Qriqorisin öldürülməsindən sonra onun nəşi Amarasda basdırılır. Patriarxın ölümündən sonra onun əsası və asdığı xaç əvvəlcə Amarasda saxlanılır. Amaras boşalaraq xaraba qaldıqdan sonra bu əşyaları Qtiçevank monastırına daşıyırlar. Ağ xaçı isə Hadrut yaxınlığındakı monastıra gətirirlər. Bundan sonra həmin monastır Ağ Xaç monastırı adlandırılır.

1887-ci ildə həmin yerə gələn Davidbəyov adlı müəllifin yazdığı məlumata görə, Ağ Xaç monastırının rahiblərindən biri bir neçə yüz il əvvəl həmin xaçı əldə edərək monastıra gətirir. Xaç gümüşlə bəzədildikdən sonra parıldayan bu ağ xaç barədə məlumatlar ətraf ərazilərə sürətlə yayılmağa başlayır. Həmin rahib şəxsi məqsədləri üçün ətrafa belə bir xəbər yayır ki, bu xaç ona yuxuda Allah tərəfindən verilmişdir. Bu xaçı oğurlamaq istəyən elə xaçın özü tərəfindən cəzalandırılacaq. Xaç isə yenidən öz yerinə qayıdacaq. Həmin dövrdən ətrafda olan və xristian dininə etiqad edən əhali monastıra axışaraq müxtəlif hədiyyə və qurbanlarla xaçı ziyarət etməyə başlayır. 1887-ci ildə monastıra gələn Davidbəyovun yazdığına görə, onun səfərindən bir neçə il əvvəl ağ xaç kimlərsə tərəfindən oğurlanmışdı. Lakin xalq yenə də monastıra gəlməkdə davam edirdi.

XIX əsrin ortalarında monastıra gəlmiş müəllif Sarqis Calalyants özünün səyahət qeydlərində yazırdı: "…xaçı ziyarətə gələn zəvvarlar burada qoç və dana qurban kəsirdilər. Bu xaçın şərəfinə kilsə tikilib və onu yepiskopluğa çevirərək müstəqil yeparxiyaya çeviriblər". Sərdar Calalyantsın dediyi "yeparxiya" onun dövründə yalnız Erməni kilsəsinin Qarabağ yeparxiyası ola bilərdi. Lakin bildiyimiz kimi, 1836-cı ildən sonra Erməni kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi Şuşada yerləşirdi. Sarqis burada 4 katolikosun (Ovnan, Esai, Nerses və Semion) keşiş Srapionun övladları üçün bu taxtın qurulmasına dair xeyir-duasına rast gəldiyini yazır.

Onun yazdığına görə, indi də həmin keşişin nəslindən olan nümayəndələr atadan oğula keçən bu vəzifəni icra edərək monastıra və xaça xidmət göstərirlər.

Sargis qeydlərində, həmçinin yazırdı ki, bu yerlərin ağsaqqallarının söylədiyinə görə, ehtiyatsızlıq üzündən xaçın örtüldüyü parça alışaraq yanmışdı. Parça yansa da, xaça heç bir şey olmamışdı, ancaq içərisində çat əmələ gəlmişdi. Bundan sonra xaçı gümüşə çəkərək ehtiyatla qorumağa başlamışlar.

Cəlalyants monastırın salınma tarixi haqqında məlumat vermir. Onun gəlişindən təxminən 40 il sonra buraya səfər edən Markar Barhudaryants isə ibadətgah haqqında yazır ki, monastırın dəqiq inşa tarixi bəlli deyil. Lakin monastırın divarlarında olan xaç daşlarından birinin altında onun 782-ci il (erməni qriqoryan təqvimi) qeyd edilib. Xaç daş üzərində yazıda isə deyilir: "Mən Sirak, bu xaçı atam Xutlapın şərəfinə ucaltdım. İl 782-ci il (1335-ci il)".

Kilsənin üzərində olan digər yazılarda göstərilən rəqəmlər isə onun bərpa tarixlərinə aiddir.

Ümumiyyətlə, alban kilsə ənənəsində bu hala çox rast gəlinir. Belə ki, kilsə inşa edilərkən yaxınlığında olan və ətraf əhalinin ziyarət etdiyi xaçdaşlar gətirilərək divara hörülürdü. Görünür, bu kilsə divarında olan xaç daşı da yaxınlıqda olmuş və inşaat zamanı istifadə edilmişdir. Bu səbəbdən kilsələrdə onun tarixi ilə bağlı arxeoloji qazıntılar həyata keçirildikdən sonra dəqiqləşdirmələr aparmaq daha doğru olar. Çünki yazılı mənbələr dəqiq məlumat verə bilmir.

Spitak xaç monastırı bir kilsədən, kilsə girişindən (narteks), qonaq evindən, mağara hüceyrələrindən, qəbiristanlıq və xaç daşı divarından ibarətdir. Kilsənin ümumi ölçüləri 15,75 x 7,10 metrdir. Kilsə qərbdən dördbucaqlı vestibüllə bitişik olan təknefli tonozlu zaldır. Üstəlik, nartekslə kilsə arasında heç bir arakəsmə divarı yoxdur ki, bu da onların birlikdə tikildiyini deməyə əsas verir. Kilsəyə yeganə giriş qərb tərəfdəndir. İki kiçik pəncərə şimala və qərbə baxır. Qərb pəncərəsi ilə haşiyələnmiş daşın üzərində də kitabə var. Kitabədə yazılıb: "Allah və İsa Məsih.../ Vrdanes 1123 (1694)".

AZƏRTAC