Timor-Leste Prezidenti: Məişət zorakılığına qarşı mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıyıq
Digər xəbərlər

Timor-Leste Prezidenti: Məişət zorakılığına qarşı mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıyıq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova X Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaradılması, o cümlədən gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, erkən uşaq inkişafı məsələləri, sağlam qidalanma və məişət zorakılığı halları ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Bahar Muradova görüş təşəbbüsünə görə Timor-Lestenin Prezidentinə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevlə Jose Ramos Hortanın dünənki görüşünə diqqət çəkərək, bu görüşü hər iki ölkə arasındakı münasibətlərin başlanğıcı kimi qiymətləndirib.

Prezident Jose Ramos Horta Azərbaycan Respublikasının Prezidenti, eləcə də Baş naziri ilə olan görüşünün əhəmiyyətini vurğulayaraq, bu səfərin siyasi və iqtisadi münasibətlərin başlanması üçün gözəl bir fürsət olduğunu qeyd edib. O, demokratik quruluşa sahib Timor-Leste Respublikasının siyasəti və hökumət tərəfindən həyata keçirilən işlər haqqında məlumat verib. Bildirib ki, ölkə Cənub Şərqi Asiya dövlətləri arasında demokratiyası ən inkişaf etmiş ölkələr sırasındadır.

O, yoxsulluğun aradan qaldırılması, qadın və uşaqların müvafiq xidmətlərlə təminatı, xüsusilə də aztəminatlı ailələrlə işin aparılmasının dövlət siyasətində prioritet təşkil etdiyini vurğulayaraq, uşaqların sağlam qidalanması sahəsində problemləri və görülən işləri diqqətə çatdırıb.

Timor-Leste Prezidenti məişət zorakılığının qarşısının alınması, qadınların iqtisadi səlahiyyətləndirilməsi, sahibkarlığın inkişafı sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduqlarını qeyd edib.

B.Muradova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınların siyasi, iqtisadi və digər sahələrdə kişilərlə birgə təmsilçiliyinin artırılması, eləcə də ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib: "Qadınların iqtisadi yüksəlişi qeyd edilən problemlərin aradan qaldırılmasına bir töhfədir. Biz bu təcrübəni daha da yaxşılaşdırmaq istiqamətində düşünürük. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yeni Ailə Mərkəzlərinin yaradılmasına başlanılıb".

Komitə sədri zorakılıqdan əziyyət çəkən insanlarla işləyən dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının nümayəndələri, hakimlər üçün təlimlərin keçirildiyini, həmçinin orta və ali təhsil proqramlarına gender bərabərliyi, qadın və uşaq hüquqları ilə bağlı mövzuların daxil edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

O, parlament və bələdiyyə strukturlarında qadınların iştirakının artdığını diqqətə çatdıraraq, seçkili orqanlarla, siyasi partiya və ictimai təşkilatlarla, həmçinin həmkarlar ittifaqları ilə birgə görülən işlərin faydalı olduğunu vurğulayıb.

Sonda Timor-Leste Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.