Sülhə və inkişafa xidmət edən əlaqələr
Siyasət

Sülhə və inkişafa xidmət edən əlaqələr

Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.

İsrail və Azərbaycan arasındakı münasibətlər Azərbaycan müstəqil olduqdan sonra intensivləşmişdir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanmışdır. Dünyanın inkişaf etmiş, modern ölkələrindən olan İsrail ilə hərbi, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq etmək təbii ki, Azərbaycan xarici siyasətinin uğurundan, eyni zamanda ölkələr arasında etibarlı tərəfdaş olmasından irəli gəlir. İsrail 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verdi və bu dəstək bizim qələbəmizdə böyük rol oynadı. Həmçinin 2016-cı ilin Aprel döyüşlərində də İsrail rəsmiləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. 2016-cı ildə İsrailin müdafiə naziri Aviqdor Liberman bunu "tamamilə haqlı" adlandırıb. Bundan başqa, Liberman Ermənistanı 2016-cı ilin aprelində münaqişənin təhrik edilməsinə görə məsuliyyət daşıdığını vurğulayıb. Ermənistan dövləti isə davamlı olaraq İsraili Azərbaycana dəstək verdiyi üçün qınayır və hətta 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün İsraildəki səfirini geri çağırıb. İsrailin qondarma "erməni soyqırımını" tanımaması, hətta İsrail xarici işlər naziri olduğu zaman Şimon Perezin bunu "mənasız" adlandırması və "Holakost"la eyniləşdirməyin düzgün olmadığını qeyd etməsi erməniləri "qıcıq" edən digər səbəblərdəndir.

İsrailin beynəlxalq arenada bizi daim dəstəkləməsi Ermənistanın müharibəni "din" münaqişəsi kimi xarakterizə etmək xülyalarını da puç etdi. Dinin Qarabağ müharibəsində heç bir rol oynamadığını biz eyni zamanda bəzi müsəlman ölkələrin ermənilərin məscidləri viran qoyduqları halda səs çıxarmamalarını qeyd edə bilərik.

Özəlliklə son dövrlərdə iki ölkə arasındakı əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə İsraildə səfirliyimizin açılması diplomatik münasibətlər baxımından hər iki ölkə üçün təqdirəlayiq haldır. Bu əlaqələrin əsas kökləri məhz yəhudi və Azərbaycan xalqının birgə yaşayışına əsaslanır. İsrailin Baş naziri Benjamin Netanyahu da öz çıxışlarında, Azərbaycana səfəri zamanı da bunu qeyd etmiş və İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğundan qürur duyduğunu ifadə edib. Təbii ki, Azərbaycan və İsrail arasındakı münasibətlər heç bir dövlətə qarşı yönəlməyib və sadəcə inkişaf və sülhə xidmət edir. Bu, Azərbaycan Prezidentinin Sərəncamı ilə eyni zamanda Fələstində də (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilir.

İsrail Azərbaycanın iqtisadi sahədə ən yaxın tərəfdaşlarından biridir. İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. 2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə hesabatda Azərbaycanın neft ixrac etdiyi ölkələr siyahısında İsrail ikinci yerdə qərarlaşıb. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. Son illərdə kənd təsərrüfatı sahəsində bəzi razılaşmalar oldu və Azərbaycan bu sahədə İsrailin təcrübəsindən yararlanacaq. Hərbi sahədə də İsrail Azərbaycanın ən mühüm tərəfdaşlarının önündə gəlir. İsrailin təhlükəsizlik və hərbi əməkdaşlığı Azərbaycanın hərbi potensialının qurulmasında və Azərbaycanda yerli müdafiə sənayesinin yaradılmasında mühüm rol oynayıb. İsrailin silah ixracında Azərbaycan ilk yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsi zamanı da İsrail silahlarının qələbəmizdə mühüm rolu oldu.

Azərbaycan İsrail kimi dövlətlə dost olmaqdan məmnunluq duyur və digər dost ölkələrin də bu dövlətlə əlaqələrinin bərpasında mentorluq edir. Bunun əyani sübutunu son zamanlarda qardaş ölkə Türkiyə və İsrailin münasibətlərinin normallaşmasını qeyd edə bilərik. İki ölkə illərdən sonra diplomatik əlaqələri bərpa etdilər və artıq sıx-sıx səfərlər təşkil olunur. Cənab İlham Əliyevin "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda "Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər. Məsələn, biz artıq Türkiyə-Azərbaycan əməkdaşlıq formatını müzakirə etdik. Türkiyə-Azərbaycan əməkdaşlıq formatının üstünlüklərindən biri odur ki, biz birgə fəaliyyət qurmuşuq. Məsələn, Azərbaycanın daha yaxşı əlaqələrinin və ya Türkiyənin daha yaxşı əlaqələrinin olduğu ölkələr də əlavə potensial yaradır. Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik" - açıqlaması da Azərbaycanın hər iki dövlətin yenidən əməkdaşlıq qurmasında önəmli pay sahibi olduğunun göstəricisidir. 

Azərbaycanda 2500 ildən artıqdır ki, yəhudi icması yaşayır. Yəhudilər üçün Azərbaycan tarix boyu ən güvənilən yerlərin başında gəlmişdir. Antisemitizmin geniş yayıldığı bir dövrdə belə Azərbaycan xalqı yəhudilərə qucaq açmış, onların rahat, təhlükəsiz yaşamasında köməklik göstərmişlər. Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur.

Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Qubadakı Qırmızı Qəsəbə unikal tarixi və mədəniyyəti ilə seçilir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənd dünyada mövcud olan sonuncu yəhudi yaşayış məntəqəsi olan ştetllərdən biridir. 18-ci əsrin ortalarında salınmış bu kənd Quba xanlığının himayəsi altında olub. Əvvəllər "Yəhudi Qəsəbəsi" adlanan sözügedən yaşayış məntəqəsi, hətta bir vaxtlar "Qafqazın Yerusəlimi" kimi də məşhurlaşmışdı. Əsrlər boyu onlar bütün çətinliklərə sinə gərərək öz mədəniyyət və ənənələrini, o cümlədən nadir cuhuri dilini qoruyub saxlamışlar. Daim mehriban münasibətlərdə olan yəhudi və azərbaycanlılar dünyaya tolerantlığın nə demək olduğunu aşılayır. Azırbaycanda yaşayan yəhudilər və digər xalqlar hər zaman buranı öz vətənləri hesab ediblər. Qarabağ müharibəsində şəhid olan qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Azərbaycan ictimaiyyəti də Azərbaycan - İsrail münasibətlərini yüksək qiymətləndirir. "Vətən müharibəsi" zamanı evlərdə, maşınlarda, hər yerdə İsrail bayraqlarının asılması dövlətlər arasındakı dostluğun bariz nümunəsidir. Müharibədən sonra İsrail oftalmoloji cərrahlarından ibarət nümayəndə heyətlərinin yaralı Azərbaycan əsgərlərini müalicə etmək üçün səfərləri İsrailə qarşı müsbət ictimai rəyləri daha da gücləndirdi. Bir neçə prosedurda israilli həkimlər İsrail orqan donorlarından göz köçürdülər və yaralı Azərbaycan əsgərinin görmə qabiliyyətini bərpa etdilər, bu da ictimaiyyətin geniş rəğbətini qazandı.

Hər il yəhudi xalqının yeni ili - "Roş ha-Şana" bayramı münasibətilə Azərbaycan Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır. Burada Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Belə ki, Bakıda yaşayan yəhudi uşaqlar üçün "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondu və "Or-Avner" Beynəlxalq Fondu tərəfindən "Xabad-Or-Avner" Təhsil Mərkəzi inşa olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı, o cümlədən respublika səviyyəsində "Yəhudi Evi", "Azərbaycan-İsrail" Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, "Yəhudi Mədəniyyət Mərkəzi", "Soxnut" Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyətini davam etdirir. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib.

Dilarə ELYAZOVA,

DİA-nın magistrantı.