ŞƏHİDLƏR UNUDULMUR
Region

ŞƏHİDLƏR UNUDULMUR

Qarabağ uğrunda gedən döyüşlərdə Hişkədərə inzibati ərazi vahidliyini əhatə edən kəndlərdən 8 nəfər şəhid olub. Şəhidlik zirvəsinə ucalmış igidlərin-Şahin Hüseynov, Natiq Həşimov, Vüqar Əliyev, Elşad Ağayev, Zaur Hüseynov, İbrahim Lələyev, Rahid Sadıxov və Vüsal Məhərrəmovun adları həmişə fəxrlə çəkilir, parlaq xatirələri ehtiramla anılır.

Hişkədərə məktəbinin 1990-cı il məzunlarının maddi dəstəyilə kəndin mərkəzində Şəhidlər abidə-kompleksi tikilib. Yüksək memarlıq üslubu ilə inşa olunmuş abidənin mərmər lövhəsində 8 şəhidin portreti həkk olunub. Abidənin ətrafında bəzək ağacları əkilib, işıqlandırma sistemi qurulub.

 Faşizm üzərində qələbənin əldə olunmasında igidlik, şücaət  göstərmiş qəhrəmanlar da unudulmayıb. 1941-1945-ci illər müharibəsində həlak olanların abidəsi də əsaslı təmir edilib. Mərasim iştirakçıları əvvəl İkinci dünya müharibəsində xalqımızın hərb tarixinə adları qızıl hərflərlə yazılmış qəhrəmanların  abidəsi önünə qərənfillər düzərək xatirələrini ehtiramla yad ediblər.

Sonra Qarabağ müharibəsində şəhid olmuş igidlərin şərəfinə ucaldılmış abidə-kompleksinin açılış mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin və şəhid ailələrinin nümayəndələri, ağsaqqallar, ziyalılar, kənd sakinləri abidə-kompleksinin önünə toplaşmışdılar. Həmin gün şəhid Vüqar Əliyevin də ad günü idi.

Mərasimdə şəhidlərin mənalı, gənclərə örnək olan ömür yolu barədə məlumat verilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək bildirib ki,  Hişkədərə ərazisindən 23 nəfər müharibəyə səfərbər olunub. Birinci Qarabağ müharibəsində 4 nəfər, Vətən müharibəsində də 4 igid şəhidlik zirvəsinə ucalıb. Həlak olanların altısı zabit olub. Elşad Ağayevin xidmətləri “Azərbaycan bayrağı” ordeninə layiq görülüb. Şəhidlərin xatirəsi hamımız üçün əzizdir. Rayonda şəhidlərin şərəfinə 15 bulaq, 8 abidə inşa olunub. Şəhid ailələrinin qayğı və problemləri rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.

Sonra icra başçısı şəhid Zaur Hüseynovun ailə üzvləri ilə görüşüb.  Ailənin çətinlikləri, qayğıları ilə maraqlanıb. Şəhidin bir yaşlı yadigarı- balaca Xədicəni qucağına alıb saçlarını oxşayıb.

Kənd ağsaqqalı Nəriman Qafarov qeyd etdi ki, şəhidlər xalqımızın qəhrəmanlarıdır. Onlar həmişə bizimlədir, ürəklərdə, xatirələrdə əbədi yaşayacaqlar.

Mərasim iştirakçıları abidənin önünə tər qərənfillər düzüb şəhidlərin parlaq xatirəsini böyük ehtiramla yad ediblər.

Əlisəfa HƏSƏNOV,

   “Respublika”.