Şəhid Mayıl Qurbanov doğum günündə anılıb
Sosial həyat

Şəhid Mayıl Qurbanov doğum günündə anılıb

İmişlidə bütün şəhidlərimizin Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid oğullarımızdan biri də Qurbanov Mayıl Mais oğludur. Yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi.

Mayıl Qurbanov 1996-cı ilin iyun ayının 8-də İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü noyabrın 3-də Qubadlı rayonu istiqamətində gedən şiddətli döyüş zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz anadan olduğu Xoşçobanlı kəndində dəfn olunub. Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları şəhidimizin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb və ruhuna dualar oxunub. Ziyarət zamanı Mayılın keçdiyi şərəfli ömür yolundan danışılıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Ərəstun ABDULOV,

“Respublika”.